Aydan-aya, ildən-ilə abadlaşan Lənkəran

 

Sürətlə inkişaf edən, abadlaşan Lənkəranda ucaldılan hər bina, salınan hər park, yenidən qurulan küçə və meydançalar "Cənub mirvarisi" sayılan bu məkana yeni gözəllik gətirir. Çox yox, bir-iki ay əvvəl gördüyün köhnə, yöndəmsiz hansısa binanın yerində təzəsini, müasirini görürsən.

Aparılan quruculuq işləri bir an belə səngimir. Bir yanda su-kanalizasiya, təbii qaz xətləri çəkilir, küçələrə asfalt döşənir, digər tərəfdə piyadaların hərəkət etdiyi səkilərə daşlar düzülür, yeni binalar üçün özüllər atılır. Dağ kəndlərinə gedən yolların çəkilişinin üzü yaya doğru yenidən sürətləndirilməsi üçün hazırlıq işləri görülür. Aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Çay istehsalı son illər xeyli artmışdır. Bütövlükdə, hər yerdə olduğu kimi, son illər lənkəranlılar üçün uğurlu olmuş, əhalinin həyat şəraiti, gün-güzəranı yaxşılaşmışdır. Ölkə başçısı İlham Əliyev Lənkərana dəfələrlə səfər etmişdir. Bu səfərlər zamanı neçə-neçə obyekt istifadəyə verilmiş, yenilərinin təməli qoyulmuş, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirmişdir.

Keçən ilin yekunları ilə bağlı keçirilən hesabat yığıncağında bir çox məsələlərdən ətraflı söhbət açıldı. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov məruzəsində qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında Lənkəran üzrə nəzərdə tutulan tədbirlər bütünlükdə uğurla yerinə yetirilmişdir: "Qəbul ediləcək üçüncü Dövlət Proqramı da fəaliyyətimizin başlıca istiqamətverici iqtisadi-siyasi sənədi olacaq. Keçən il isə Qumbaşı, Göyşaban, Qala kompleksləri, Ləvəngi dairəsində Saat qülləsi, Gərmətük dairəsində bulaq kompleksi müasir üslubda yenidən qurularaq ağlaylarla üzlənmiş, əraziyə tamet döşənmiş, yaşıllıqlar salınmış, dekorativ güllər əkilmişdir. Bunlarla yanaşı, hava limanına gedən yolda, dəmir yolu vağzalı ərazisində hasarlar təmir edilmişdir".

T.Qaraşov dedi ki, hər zaman olduğu kimi, keçən il şəhərdaxili küçələr yollar diqqətdən kənarda qalmamışdır: "Bir sıra küçələrdə, Həzi Aslanov xiyabanında yeni işıqlandırma sistemi quraşdırılmış, abadlıq işləri aparılmışdır.

Şəhərdaxili kənd yollarında, həmçinin çoxmərtəbəli yaşayış binaların həyətlərində asfaltlanma işləri görülmüşdür".

2013-cü ildə rayon ərazisində ümumi sahəsi 55,5 min kvadratmetr olan fərdi yaşayış evlərinin tikildiyini deyən natiq ölkə başçısının müvafıq sərəncamına əsasən 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil yolunun 22,7 kilometrlik hissəsinin yenidən qurulduğunu diqqətə çatdırdı: "Ötən il rayonda iqtisadi sosial sahələrin inkişafına 137,3 milyon manat investisiya yönəldilmişdir ki, bunun da 128,5 milyon manatı tikinti-quraşdırma islərinin payına düşür. Əvvəlki ilə nisbətən investisiyanın həcmi 28,1, tikinti-quraşdrma islərinin həcmi isə 20,8 faiz artmışdır. Ümumi məhsul buraxılışının həcmi keçən il 358,5 milyon manat olmuşdur. Bu da 2012-ci ildəkindən 9,3 faiz çoxdur".

Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da aqrar sahə üzrə müəyyən uğurların əldə olunduğunu bildirən T.Qaraşov keçən il 125 min 956 ton tərəvəzin istehsal edildiyini bunun da əvvəlki ildəkindən 593 ton çox olduğunu vurğuladı: "Son illər taxılçılıqda da müsbət nəticələr vardır. 1608 hektar meyvə bağının 1165 hektarını subtropik sitrus bağları təşkil edir. Keçən il həmin bağlardan 12 min 394 ton meyvə yığılmışdır. Torpaq mülkiyyətçiləri tərəfindən 121 hektar çay sahəsi bərpa olunmuşdur. Ümumilikdə son 2 ildə rayonda 263 hektar sahədə çay plantasiyası salınmışdır. Heyvandarlıq məhsulları istehsalı da keçən il xeyli artımışdır".

Əhalinin təbii qaz, elektrik enerjisi içməli su ilə təminatından danışan məruzəçi bunları bildirdi: "Əhalinin enerji təminatı xeyli yaxşılaşdırılmışdır. Ötən il 4 yarımstansiya, "Smart kart" tipli 16 min 41 sayğac quraşdırılmışdır. Təbii qazla təminatı yaxşılaşdırmaq üçün rayonda ardıcıllıqla tədbirlər görülür. Keçən il 51 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir. Cari ildə isə daha 15 qəsəbə kəndin qazlaşdırılması planlaşdırılıb. Rayon əhalisinin içməli su təminatı ilə bağlı da ötən il tədbirlər həyata keçirilmişdir. İçməli su kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar şəhər ərazisində 194 kilometr icməli su, 1 kilometr kanalizasiya xətti çəkilmiş, habelə "Smart kart" tipli 3 min 894 sayğac quraşdırılmışdır. Hazırda Xanbulan kəndində sutəmizləyici qurğu, 10 min kubmetr tutumlu su anbarı tikilir. Şəhərdə 5 kənddə  kanalizasiya çəkilişi davam edir".

Keçən il rayonda təhsil, səhiyyə, mədəniyyət turizm sahasində müəyyən işlər görüldüyünü xatırladan T.Qaraşov qeyd etdi ki, hesabat dövründə  Vilvan kəndində 640 şagirdlik orta məktəb şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik binalar tikilib istifadəyə verilmişdir. Hazırda isə daha 11 məktəb üçün yeni bina inşa olunur.

Bəli, lənkəranlılar qabaqcıllıq ənənəsinə sadiq qalaraq hər ayı, ili uğurla yola salır, dədə-baba torpaqlarının şöhrətini daha da yüksəltməyə çalışırlar. Heç şübhə yoxdur ki, 2014-ci il bu baxımdan onlar üçün uğurlu olacaq.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.-18 fevral.-S.11.