Uğurlardan uğurlara

 

2013-cü il Qəbələ rayonunun həyatında bir çox unudulmaz hadisə ilə əlamətdar olub. Bu baxımdan Prezident İlham Əliyevin ötən ilin fevralavqust aylarında Qəbələyə səfəri xüsusi qeyd edilməlidir. Həmin səfərlər zamanı dövlət başçısı bir çox sosial və sənaye xarakterli obyektin açılışında iştirak etmiş, davam edən tikinti işləri ilə tanış olmuş, qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlarını vermişdir.

Ötən il Qəbələ 4 ölkə prezidentinin iştirak etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III sammitinə, Azərbaycan-Gürcüstan-Türkiyə Biznes-Forumuna, V beynəlxalq musiqi festivalına, "MDB-nin Mədəniyyət Paytaxtları-2013" dövlətlərarası proqramının təntənəli açılışına, III beynəlxalq incəsənət sərgisinə ev sahibliyi edib. İl ərzində keçirilən elmi-praktik konfransları, idman yarışlarını, həmçinin digər beynəlxalq tədbirləri də qeyd etsək siyahı daha da genişlənər.

Kiyev şəhərində Qəbələ rayonu ilə Ukrayna Respublikasının Rovno vilayəti arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma protokolunun imzalanması da ötən ilin əlamətdar hadisələri sırasındadır.

Qəbələlilər 2013-cü ili yüksək iqtisadi göstəricilərlə başa vurublar. Rayon iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə 234890 min manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6920 min manat, yaxud 3 faiz çox olub. Adambaşına düşən ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 3,4 faiz çox olmaqla 2352 manat təşkil edib. Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət sektorunun çəkisi 74 faiz olub. İl ərzində sənaye müəssisələrində 752 nəfər çalışıb və onların orta aylıq nominal əməkhaqqı 373 manat təşkil edib. Bu isə əvvəlki ildəkindən 17,7 faiz çox deməkdir. Onu da qeyd edək ki, ötən il Qəbələdə açılan 860 yerinin hamısı daimi olub.

Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində birinci mərhələ üzrə işlər davam edir, ikinci mərhələnin isə işlərinə başlanılıb. Abadlıq işləri ilə əlaqədar Qəbələ şəhərinin küçələrində mövcud su təchizatı və kanalizasiya xətlərində müxtəlif diametrli borular dəyişdirilib, təmir-bərpa işləri görülüb.

Ötən il rayonda bir çox yeni obyektin açılışı olub. Bu sırada Qəbələ Mədəniyyət Mərkəzini, 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzini, "Şəhidlər xiyabanı" kompleksini, "Karvansaray" hotelini, şəhər məscidini, Zarağan kəndində məcburi köçkünlər üçün inşa edilmiş 2 ədəd beşmərtəbəli 155 mənzilli yaşayış binasını, Qaradeyin kəndində şərab zavodunu, Böyük Əmili kəndində və Vəndam qəsəbəsində 1200 başlıq heyvandarlıq komplekslərini göstərmək olar. Bunlardan əlavə 2013-cü ildə Qəbələ-Ağdaş avtomobil yolunun 22 kilometrlik hissəsi yenidən qurulub, abadlaşdırma, işıqlandırma, kommunikasiya vasitələrinin köçürülməsi işləri başa çatdırılıb. Qəbələ-Oğuz avtomobil yolu əsaslı təmir edilib. Qəbələ şəhərində yeni yanacaqdoldurma məntəqəsi, Kiçik Pirəli kəndində 180 şagirdlik tam orta məktəb binası istifadəyə verilib. "Tufandağ" dağ-xizək yay-qış istirahət kompleksinin birinci mərhələsi, Qəbələ-Küsnət-Laza avtomobil yolunun tikintisi başa çatdırılıb.

Qəbələ Futbol Akademiyasının və stadionlar komplekslərinin, inzibati binaların, istirahət komplekslərinin, Dəmiraparan çayı üzərində 10 aşırımlı, 324 pm-lik dəmir-beton körpününbir çox digər obyektin tikinti işləri davam edir.

Rayon üzrə nəzərdə tutulan tikinti işləri də çoxdur. Məlumat üçün bildirək ki, "ASAN xidmət"in Qəbələ rayon filialının inzibati binasının tikintisibu ilə planlaşdırılıb.

Qəbələ turizmin inkişafı üçün əlverişli məkandır. Rayonun zəngin təbiəti, "İpək yolu"nun üstündə yerləşməsi, tarixiliyi turizm potensialını daha da artırır.

Bu gün Qəbələdə fəaliyyət göstərən 16 hotelin üçü beşulduzlu, biri dördulduzlu, ikisi üçulduzludur. Bu şəbəkə imkan verir ki, Qəbələ eyni vaxtda 3 minə yaxın turist qəbul etsin. Turizm komplekslərinin yüksək standartlara uyğun olmasının nəticəsidir ki, ötən il ərzində 46 minə yaxın turist gəlib.

Qəbələdə turizmin sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı da artırır. 2009-cu ildən bu məqsədlə fəaliyyət göstərən Qəbələ TurizmOtelçilik üzrə Peşə Tədris Mərkəzində hazırda 6 ixtisas üzrə 194 şagird dövlət hesabına təhsil alır. Onların 94 nəfəri ümumi orta təhsil bazasından, 100 nəfəri isə tam orta təhsil  bazasından olan şagirdlərdir.

2014-cü ilin əvvəlində Prezident İlham Əliyevin "Tufandağ" dağ-xizək yay-qış istirahət kompleksinin açılışında iştirak etməsi bir daha onu göstərir ki, ölkəmizdə, o cümlədən Qəbələdə turizmin hərtərəfli inkişafına dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu diqqətin sayəsində Qəbələnin yaxın zamanda beynəlxalq turizm mərkəzlərindən birinə çevriləcəyini əminliklə demək olar.

İl təzə başlasa da, qəbələlilər bir çox uğurun əsasının indidən qoyulduğunu yaxşı bilirlər. Ona görə də üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə, 2014-cü ili də yüksək göstəricilər ilinə çevirmək üçün işgüzarlığı və əzmkarlığı daha da artırmağa çalışırlar.

 

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.-18 fevral.-S.11.