Prezidentin tapşırıq və tövsiyələrinin yerinə yetirilməsi ilə

 bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə

 

İqtisadiyyat və Sənaye Nazirliyində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının verdiyi tapşırıqların icrasına dair geniş müşavirə keçirilmişdir.

Bakı Biznes Mərkəzində keçirilmiş müşavirədə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev son 10 ildə ölkəmizin sosial-iqtisadi inkişaf göstəricilərini bir daha tədbir iştirakçılarının diqqətinə çatdıraraq vurğulamışdır ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı çıxışında görülmüş işlərə yekun vurmuş, qarşıdakı illər üçün iqtisadi inkişafın prioritetlərini müəyyən etmiş, müvafiq qurumlar, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir: "Konfransda Prezident İlham Əliyev növbəti illərdə də makroiqtisadi sabitliyin qorunub saxlanması, sürətli inkişaf tempinin təmin edilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayedə infrastruktur layihələrinin icrası, ən müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması, enerji potensialının daha da artırılması, yeni elektrik stansiyalarının tikintisi, elektrik verilişi xətlərinin yenilənməsi, bərpa olunan enerji növlərinə diqqətin artırılması, şəhər və kəndlərdə yeni su xətlərinin çəkilməsi, kanalizasiya sisteminin qurulması, Bakıda, eləcə də digər yaşayış məntəqələrində su təminatının 100, qazlaşdırma səviyyəsinin isə 95-96 faizə çatdırılması, sahibkarlığın inkişafına dəstəyin gücləndirilməsi, regionlarda sosial infrastrukturun - məktəb, xəstəxana, mədəniyyət müəssisələrinin, idman obyektlərinin tikintisinin davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və s. barədə mühüm tapşırıqlar vermişdir".

2014-cü ilin "Sənaye ili" elan edilməsinin ölkəmizdə sənayeləşməyə dövlət başçısı tərəfindən göstərilən böyük diqqətin göstəricisi olduğunu vurğulayan nazir bu istiqamətdə qarşıya mühüm vəzifələrin qoyulduğunu diqqətə çatdırmışdır: "Konfransda Prezident sənayenin inkişafına xüsusi diqqət göstərilməsi, Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların, şəhər və rayonlarda infrastrukturla təmin olunmuş sənaye məhəllələrinin yaradılması istiqamətində tapşırıqlar vermişdir".

Ş.Mustafayev bildirmişdir ki, dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən olacaq: "Prezident bu sahənin intensivelmi əsaslarla inkişaf etdirilməsi, müasir və mütərəqqi metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat və torpaqların elektron uçot sisteminin qurulması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, Azərbaycanda və xarici ölkələrdə logistik mərkəzlərinin təşkil edilməsi, ailə fermer təsərrüfatlarına diqqətin artırılması barədə konkret tapşırıqlar vermişdir".

Prezidentin regionların sosial-iqtisadi inkişafı üzrə növbəti - 3-cü Dövlət Proqramının hazırlanması, yeni proqramda regionların inkişafına dair bütün məsələlərin nəzərə alınması barədə tapşırıq verdiyini xatırladan nazir xüsusi qeyd etmişdir ki, cənab İlham Əliyev çıxışında, həmçinin vətəndaşlarla münasibətdə həssaslığa, müraciətlərə diqqət göstərilməsinə böyük önəm vermiş, bu məsələnin hər bir dövlət məmurunun başlıca vəzifəsi olduğunu vurğulamışdır.

Şahin Mustafayev dövlət başçısının Azərbaycan iqtisadiyyatının bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi çıxışında İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün konkret tapşırıqlar vermişdir. Müəyyən edilmiş vəzifələrə uyğun olaraq, nazirlik tərəfindən infrastruktur layihələrinin icrasına, sosial obyektlərin tikintisinə nəzarət daha da gücləndiriləcək, əhalinin kommunal xidmətlərlə daha keyfiyyətli təminatı tədbirləri davam etdiriləcək. Bunlardan əlavə, sənaye potensialının artırılması tədbirləri həyata keçiriləcək, Sumqayıt və Balaxanı sənaye parklarında işlər sürətləndiriləcək, spesifik xüsusiyyətləri, xammal ehtiyatları nəzərə alınmaqla (xüsusilə metallurgiya, yüngül sənaye və s. sahələrdə) Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkili, şəhər və rayonlarda sənaye məhəllələrinin yaradılması təmin ediləcək. Həmçinin nazirliyin aidiyyəti qurumları tərəfindən yeni bazarlara çıxış imkanları dərindən təhlil ediləcək, iri taxılçılıq təsərrüfatlarının yaradılmasına diqqət daha da artırılacaq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünü təminetmə səviyyəsinin yüksəldilməsi üçün fermer təsərrüfatlarının yaradılmasına dəstək tədbirləri gücləndiriləcək, istehlak bazarına nəzarətin səmərəliliyi yüksəldiləcək. Regionlardapaytaxta yaxın ərazilərdə yeni logistik mərkəzlər yaradılacaq, eləcə də yerli məhsulların ixracının genişləndirilməsi məqsədilə digər ölkələrdə bu cür mərkəzlərin yaradılması imkanları araşdırılacaq, Aktauda logistik mərkəzin təşkili xüsusi diqqətdə saxlanılacaq. Eləcə də yeni dövriyyəyə buraxılacaq torpaqlar, bu torpaqlarda yetişdirilməsi məqsədəuyğun hesab olunan məhsullarla bağlı müvafiq təhlillər aparılmaqla aidiyyəti dövlət qurumları ilə birlikdə təkliflər hazırlanacaq.

Aparılmış təhlillər və bölgələrdən daxil olan təkliflər də nəzərə alınmaqla yeni dövlət proqramının hazırlanmasının ən qısa müddətdə başa çatdırılması barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilmişdir. Həmçinin nazirliyə müraciət edən vətəndaşların qaldırdığı məsələlərin daha diqqətlə öyrənilməsinin və həlli üçün operativ tədbirlərin görülməsinin vacibliyi müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.

 

Azərbaycan.-2014.-18 fevral.-S.2.