Yeni düşüncə müstəvisində

 

Milli ədəbiyyatşünaslıq elmimizin dəyərli nümunələrinin xarici ölkələrdə böyük tirajlarla davamlı nəşr olunması qürurlandırıcı faktdır. Filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin Türkiyənin nüfuzlu "Manas" nəşriyyatında "Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi" adlı monoqrafiyası bu qəbildəndir. Əsər beş fəsli, otuz beş bölmə və yarım bölmədən ibarətdir.

Cabbarlışünaslığı yeni düşüncə müstəvisində səciyyələndirməyə hesablanan tədqiqatın elmi yeniliyində yer alan "ilk", "ilk dəfə", "birinci dəfə" kimi ifadələr Asif Rüstəmlinin tapıntılarından soraq verir. Əsərin ilk səhifələrində C.Cabbarlını XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təkamülündə və inkişafında müstəsna xidmətlər göstərmiş sənətkar, fenomenal təfəkkür sahibi kimi səciyyələndirən Asif Rüstəmlinin bu tədqiqatı ilk milli cabbarlışünaslıqda yeni söz demək istəyi aydın görünür. Müstəviyə çıxarılan yeni materiallarla C.Cabbarlı yaradıcılığının buraxılmış səhifələri bərpa edilir, sənətkarın ömür yolunun qaranlıq məqamlarına işıq salınır. Monoqrafiyada öncəki tədqiqatlara qədirşünaslıqla yanaşılır və onlara əsaslandırılmış tənqidi münasibət bildirilir. Əlbəttə, C.Cabbarlının bədii irsi barədə tədqiqatçıların sıxlığı ədibin yaradıcılıq axtarışlarının çözülməsinin tam və yetərli olması demək deyil. Lakin eyni zamanda, ədibin yaradıcılığının mahiyyətinə varmağa yönələn çeşidli tədqiqatların meydana gəlməsi də təbiidir. Qloballığı ilə fərqlənən "Cəfər Cabbarlı və ədəbi - mədəni mühit" tədqiqatı məhz dəyərlərin bir araya gətirilməsi baxımından yeni sıra təşkil edir. Mahiyyətə yönəlik açıqlamalar problemin təməl prinsipləri haqqında fikir formalaşdırır və araşdırmaçının ədəbi-tarixi, nəzəri-estetik düşüncə çevrəsinin genişliyini əks etdirir.

Mahiyyətdən qaynaqlanan fəsil və bölmələr müəllifə Cəfər Cabbarlı və ədəbi-mədəni mühit problemini tarixi zaman müstəvisində üzə çıxarmaq, ədəbi uğurları incələmək, ədibin yaşadığı çağların gerçək mənzərəsi barədə konseptual fikir söyləmək imkanı vermiş, əsərlərinin nə kimi ədəbi-tarixi zəmində meydana çıxması, hansı bədii-estetik, fəlsəfi-ideoloji, nəzəri-psixoloji qaynaqlardan faydalanma  məsələlərini yeni ədəbiyyatşünaslıq düşüncəsi əsasında tədqiqinə təkan vermişdir. "Cəfər Cabbarlı yaradıcılığının tədqiqat tarixindən" fəslinin ilk sırada yer alması təsadüfi deyil. Tədqiqatın məntiqindən qaynaqlanan fəsil mövzunun tarixinə ekskurs etmək, mülahizələri mahiyyət müstəvisində incələmək baxımından səciyyəvidir. Yüzilliyin əvvəllərinin mürəkkəb, kəşməkəşli çağlarının ideologiyasına köklənən ədəbi-nəzəri fikirlərin konseptual müstəvidə dəyərləndirilməsinə böyük ehtiyac var. Cabbarlışünaslığı Azərbaycan əbəbiyyatşünaslığı kontekstində səciyyələndirən Asif Rüstəmli onun elmi-nəzəri düşüncəmizin müstəqil və aparıcı qolu olması barədə konseptual mülahizələr yürüdür. Cəfər Cabbarlı yaradıcılığı haqqında nəzəri baxışlar toplusunu özündə əks etdirən fəsil: "İlk ədəbi mülahizələr dövrü" (1917-1934), "C.Cabbarlı yaradıcılığı sovet ədəbiyyatşünaslığında" (1935-1990), "C.Cabbarlı yaradıcılığı müstəqil Azərbaycanın elmi-nəzəri düşüncəsində" bəndlərində çözülür.

Təfəkkürünü tarixi-ədəbi müstəvidə əks etdirən Asif Rüstəmli C.Cabbarlı irsinə ifrat sosioloji tələbdən yanaşanları yeni elmi-nəzəri düşüncə əsasında araşdırma predmetinə yönəldir. "İlk ədəbi mülahizələr" bölməsi ilə "C.Cabbarlı irsi müstəqil Azərbaycan elmi-nəzəri düşüncəsində" bölməsi mahiyyət müstəvisində bir araya gətirilərək fəslin başlıca ideyasının açılışına yönəldilir və isbat olunur ki, cabbarlışünaslıq məhz bu çağda öz problemlərini uğurla reallaşdıra bilərdi. Bölmələr konkret tarixi faktlar və arqumentlər əsasında araşdırıldıqca cabbarlışünaslığın başlancığının və sonrakı inkişaf mərhələlərinin nə kimi problemlərlə qarşılaşdığı ortaya çıxır.

Monoqrafiyanın "C.Cabbarlı və mühit" adlanan ikinci fəsil taleyönlü məqamlara ekskurs etməyə və assosiativ idrakın çevrəsini genişləndirməyə hesablanıb. Tarixi zaman müstəvisində sərbəst təfəkkür gəzişmələr C.Cabbarlı bioqrafiyasının ayrı-ayrı məqamlarına aydınlıq gətirir, ədəbi simasının və bədii yaradıcılığının hansı amillərdən qaynaqlandığı, nə kimi ictimai-siyasi, ədəbi gerçəklərdən boy atması barədə fikir formalaşdırır və bədii örnəkləri tale yolu müstəvisində bir araya gətirməyə zəmin yaradır. Məqamlar siyasi-tarixi reallıqlar müstəvisində incələndikcə ədibin milli ruhu, ədəbi-bədii düşüncə qaynaqları haqda elmi mükəmməllik əldə edilir və kontekstdə ədibin həyat yolu və yaradıcılıq laboratoriyası barədə məqsədyönlü şərhlər verilməsinə də zəmin yaranır. Tarixi məkan və bədii zaman amilinin önə çıxarılması cabbarlışünaslıqda yeni bir tədqiqat istiqaməti kimi hədsiz maraq doğurur. Cümhuriyyət dövründə ədəbi-mədəni mühitin mənasına varan professor Asif Rüstəmli orada C.Cabbarlı şəxsiyyəti və sənətinin qarşılıqlı təsir imkanları barədə konkret mülahizələr yürüdür. C.Cabbarlının dövrü, həyatı, ilk təhsil illəri, həyatının son dövrü, vaxtsız vəfatı ilə bağlı çeşidli faktlar və dəqiqləşdirmələr böyük zəhmət və aramsız axtarışlar tələb etmişdir. Teatrı sənətlə həyatın təmaslarının, milli özünüdərk prosesinin cərəyan etdiyi məkan kimi səciyyələndirən müəllif orada C.Cabbarlının məxsusi yerini konkret faktlar əsasında geniş şərh edir. Problemlər çözüldükcə C.Cabbarlı şəxsiyyətinin və sənətinin özəllikləri, qlobal bədii düşüncə çevrəsi barədə fikir formalaşır, bədiyyatının vaxtdan ucalığı təsdiqini tapır. "Əfqanıstan" pyesinin taleyi" bölməsi tədqiqatçıya ədibin yaşadığı dövrün mənəvi-psixoloji sıxıntıları haqda açıqlamalar verməyə, tarixi zamanla ədibin dramatik münasibətinə səbəb olan amillərin doğurduğu fəsadlar barədə konkret mülahizələr yürütməyə, yazıçının bioqrafiyasında əksini tapan inqilabi-siyasi gerçəklər amilini sənət konsepsiyası müstəvisində dəyərləndirməyə zəmin yaratmışdır. Bu qəbildən olan dramlarda tarixin müasirliyini daxili mündəricə qatında arayan tədqiqatçı kontekstdə ədibin yaradıcılıq laboratoriyasının sirləri barədə də fikir formalaşdırmaq imkanını da ortaya qoyur. Cəfər Cabbarlının tarixi şəxsiyyətinin, ədəbi simasının və ümumən mürəkkəb ictimai-siyasi situasiyalardan keçərək büllurlaşan sənət stixiyasının incəliklərini tədqiq predmetinə çevirməyə, ədibin bədii arsenalının tarixiliklə müasirliyin sintezi müstəvisində araşdırılmasına hesablanan "Cəfər Cabbarlı və Azərbaycan milli istiqlal hərəkatı" fəsli cabbarlışünaslığı çağdaş elmi-nəzəri düşüncə əsasında irəlilətməyə zəmin yaratması ilə diqqəti çəkir. Fəslin ideyasını zamanın bədii üslubi biçimi əsasında reallaşdırmağa çalışan tədqiqatçı milli-tarixi kimlik amilini önə çəkir. Azərbaycan xalqının intibahında C.Cabbarlı sənətinin iqtidarı faktına aydınlıq gətirir. C.Cabbarlının milli azadlıq hərəkatında fəal iştirakı və çevrəyə təsir imkanları haqda fikir yürüdən tədqiqatçı Mir Həsən Vəzirovun mülahizələrinə və M.B.Məhəmmədzadənin "Açıq söz" qəzetində çap etdirdiyi məqalədəki qənaətlərinə istinad edir. Fəslin "Tələbə cəmiyyətindən türkçülüyə doğru" bölməsində "İttifaqi-mütəəllimin", "Məclisi-Müəssisana"nın yaranma tarixi və qarşısında duran vəzifələrə C.Cabbarlının bu təşkilatlarda rolu və məqamı haqda şərhlər tədqiqatçını "C.Cabbarlı hərəkata poetik ahəng, siyasi istiqamət verir, məramında və mübarizəsində taktikasını və strategiyasını bəyan edir" qənaəti ilə sonuclanır. A.Rüstəmli həm də o fikrində haqlıdır ki, C.Cabbarlının cümhuriyyət dövrü ədəbi fəaliyyətini sovet ədəbi tənqidi qiymətləndirərkən bəzən ifrata varmış, qərəzli və qeyri-obyektiv, əsassız ittihamlar irəli sürmüşdür. "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi" pyeslərini millətçilik ruhunda yazılan əsərlər qismində dəyərləndirənlərə münasibətin tarixilikdən qaynaqlandığı aydın görünür. "C.Cabbarlı və gizli istiqlalçılar", "Məxfi əməliyyatE məhbəs yaradıcılığı", "Həbsxanadan Türk Teatr məktəbinə", "Ədibin ikinci həbsi haqqında", "Qırmızı irtica"nın tüğyan etdiyi çağlarda C.Cabbarlının "İttihadçı"larla, "Müsavat"çılarla həmrəyliyi nəticəsində təzyiqlərə, təqiblərə məruz qalması, həbsxana həyatının doğurduğu sıxıntılar araşdırmada ədibin tale yolunun, dönüm və döngələri qismində dəyərləndirilir. Asif Rüstəmli bu kontekstdə haqlı olaraq C.Cabbarlının yazıb-yaratmaq əzmini şəxsiyyətinin daxili bütövlüyündə, kamilliyində, milli-mənəvi ruhdan boy göstərən sənət eşqinin tükənməzliyində arayır.

Monoqrafiyanın "Cəfər Cabbarlının ədəbi-bədii irsindən" adlanan fəsli tədqiqata nəfəs genişliyi gətirə biləcək yönlərindən dəyər vermək, müxtəlif baxış bucaqlarını cabbarlışünaslıq müstəvisində bir araya gətirmək istəyindən qaynaqlanmışdır. Konkret təyinatlı bölmələr çözüldükcə, cabbarlışünaslığın inkişafında rolu olan tədqiqatlar araşdırmaçının yeni baxış bucağı altında dəyərləndirildikcə fəslin başlıca predmeti reallaşır və nəticədə "Cəfər Cabbarlı və ədəbi-mədəni mühit" mövzusu bütün mümkün parametrlərilə düşüncə sferasına daxil olur və kontekstdə ədibin irsinin müəyyən zaman kəsimlərində nə kimi reallıqlarla üzləşdiyi diqqətə çəkilir, kommunist ideologiyasının fəsadları barədə konseptual mülahizələri ortaya qoyur.

Fitrətən yaradıcı insan olan C.Cabbarlının xalqın ruhi-mənəvi ehtiyacından qaynaqlanan mövzuları bədii tədqiq obyektinə çevirdiyi məlumdur. Monoqrafiya müəllifi faktlara istinad edərək "Əfqanıstan", "Bakı müharibəsi" pyeslərinin sifarişlə yazıldığını bildirir. Xüsusilə, "Əfqanıstan" pyesinin sifarişçisi Mir Cəfər Bağırovla C.Cabbarlının bir neçə dəfə görüşdüyübu görüşlərdə əsərin tez bir zamanda tamamlanmasının tövsiyə edildiyi deyilir. Asif Rüstəmli bu əsərlərin yazılma tarixi, mövzusu, ideyası müəllifinin sifarişə münasibəti barədə xeyli fakt və rəqəm müstəviyə çıxarır ki, bunlar C.Cabbarlını yeni yöndən idrak etməyə hesablanmışdır.  Əsərdə ədib üçün 1923-cü ilin kifayət qədər sıxıntılı olduğu, məxfi orqanlar tərəfindən təqib olunduğu, mənzilində dəfələrlə axtarışlar aparıldığı, əlyazmalarının qarət edildiyi, şahidlərin iştirakı ilə protokollar yazıldığı dəqiq tarixlərə istinad edilməklə vurğulanır. Tədqiqatçının tarixiliyi daim diqqət mərkəzində saxlaması tarixin diriliyinə, yaşarlılığına olan daxili inamı ilə sıx bağlıdır. Çünki bu gün yeni elmi cabbarlışünaslıq məhz bu yöndə çağdaş Azərbaycan ədəbiyyatşünaslığının ayrılmaz tərkib hissəsi ola bilər. "Aydın" və tarixi zaman", "Aydın" və C.Cabbarlı", "Oqtay Eloğlu" və Hüseyn Ərəblinski paralellərindəki açıqlamalar yeni olmaqla daim "əlahəzrət fakt"dan qaynaqlanır. C.Cabbarlının yaradıcılıq laboratoriyası haqqında qənaətlər, əsərlərinin yaranma tarixi, mövzusu, ideyası, üzərində işlədiyi çağlarda qarşılaşdığı maneələr, bədii örnəklərinin janr xüsusiyyətləri, üslubu barədə dövriyyəyə buraxılan mülahizələr deyilənlərə bariz nümunədir və bunlarda cabbarlışünaslığı yeni baxış bucağı əsasında irəlilətmək onu layiq olduğu məqama çatdırmaq istəyi var. Araşdırmada Baş Arxivlər İdarəsinin, Milli Təhlükəsizlik Nazirliyinin, respublika Əlyazmalar İnstitutunun arxivlərindən toplanan faktlara yenidən həyat verilir.

"1905-ci ildə" tarixi gerçəklik və bədii həqiqət", "Koymonimgizli imza" bölmələrindən aydın görünür ki, bir sıra hallarda tarixi gerçəkliklə bədii həqiqət nəinki üst-üstə düşmür, hətta bir-birilə ziddiyyət təşkil edir. Ona görə də tarixi gerçəkliklərlə bədii həqiqət fərqli yorumlanır. Gizli imzalarla bağlı çeşidli mətləblər Asif Rüstəmlinin ən incə məqamların da taleyönlü olduğunu isbat etmək istəyindən qaynaqlanır.

"Cəfər Cabbarlının tərcümə yaradıcılığı" adlanan beşinci fəslinin başlığında yer alan "tərcümə yaradıcılığı" ifadəsi mühüm maraq kəsb edir. C.Cabbarlı bədii mətni sadəcə tərcümə etmirdi, bu işə məhz yaradıcı yanaşırdı. Faktlar aydın göstərir ki, "Hamlet"in, "Otello"nun, "Qaçaqlar"ın və digər əsərlərin tərcüməsi yaradıcı tərcümədir və digərlərinkindən keyfiyyət etibarilə xeyli fərqlidir. Məsələn, A.Rüstəmlinin fikrincə, C.Cabbarlı "Otello"nu adi bir tərcüməçi kimi dilimizə çevirməmiş, məhz şair, dramaturq, rejissor, bəstəkar, rəssam həssaslığı ilə, tamaşaçı zövqü ilə əsəri azərbaycancalaşdırmışdır.

C.Cabbarlının tərcümə ustalığında sərbəst tərcümənin rolu haqqında fikir formalaşdıran professor Asif Rüstəmli Bomarşenin "Fiqaronun toyu" komediyasını tərcümə sənətkarlığına daha bir bariz nümunə kimi təhlil edir və C.Cabbarlı tərcüməsilə əsərə aşılanan dəyərləri müstəviyə çıxarır.

Müəllif bu tədqiqatda yalnız C.Cabbarlının tərcümə sənətkarlığı, tərcümə yaradıcılığı barədə konsepsiya irəli sürmür, eyni zamanda, Azərbaycan tərcümə tarixində C.Cabbarlı mərhələsinin özəlliyi haqqında da fikir formalaşdırır.

Cəfər Cabbarlının tarixi şəxsiyyətinin, ədəbi simasının və ümumən mürəkkəb situasiyalardan keçərək büllurlaşan sənət stixiyasının incəliklərinə dərindən bələd olan, ədibin bədii arsenalını tarixiliklə müasirliyin sintezi müstəvisində araşdıran  filologiya elmləri doktoru, professor Asif Rüstəmli bu əsərilə cabbarlışünaslığı çağdaş elmi-nəzəri düşüncə müstəvisində təhlil və tədqiq etməkdə kifayət qədər güclü araşdırmaçı olduğunu nümayiş etdirmişdir. Tanınmış cabbarlışünas alimə, istedadlı həmkarıma elmi yaradıcılığında yeni-yeni uğurlar diləyirəm.

 

 

 

Himalay ƏNVƏROĞLU,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Azərbaycan.-2014.- 19 fevral.- S.10.