Rumıniyanın «Agerpres» milli xəbər agentliyinin

 saytında Xocalı soyqırımından bəhs edən məqalə

 

Rumıniyanın nüfuzlu "Agerpres" milli xəbər agentliyinin saytında AzərTAc-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin rumın dilində "Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi" sərlövhəli məqaləsi yerləşdirilmişdir.

Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilmiş, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələrindən bəhs edilmiş, soyqırımının insanlığa sığmayan hərəkət olduğu qeyd edilmişdir. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşən Xocalıya ermənilərin göstərdiyi marağın şəhərin mühüm strateji mövqeyə malik olmasından irəli gəldiyi oxucuların diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətmişlər. Qeyd edilmişdir ki, erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 83-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. 

Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmiş, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirmişdir.

Məqalədə vurğulanmışdır ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Məqalənin tam mətnini http://www1.agerpres.ro/ots/2014/02/17/genocidul-din-hodjali-16-49-47 linkin oxumaq olar.

 

Azərbaycan.-2014.- 19 fevral.- S.10.