Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak etmişdir

 

 

 

"Azərbaycanın təhlükəsizliyi bizim təhl ükəsizliyimizdir".

 

Həsən Ruhani,

İran İslam Respublikasının Prezidenti

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti fevralın 18-19-da Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 9-cu sessiyasında iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Paşazadə, Mirkazım Kazımov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Fevralın 18-də sessiyanı İƏT-ə üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 8-ci sessiyasının prezidenti, Sudan Milli Assambleyasının sədri Alfatih İzzedin Almansour açmışdır. O, çıxışında sessiyanın işinə uğurlar arzulamış, müzakirə olunan məsələlərdə nümayəndə heyətlərinin fəal iştirakını vacib hesab etmişdir. Sonra quruma sədrlik İran tərəfinə təhvil verilmişdir.

İƏT Pİ Konfransının 9-cu sessiyasının sədrliyini qəbul edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani çıxışında belə tədbirlərin islam dünyasında oynadığı roldan və islam həmrəylinin daha da möhkəmlənməsində əhəmiyyətindən danışmışdır.

Təşkilatın baş katibi Erol Kılıc isə bu qurumun illik hesabatını təqdim edərək ötən müddətdə görülən işlər barədə məlumat vermişdir.

Sonra tədbir iştirakçılarını İran islam Respublikasının Prezidenti Həsən Ruhani salamlamışdır. O, islam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini bildirmiş, regional münaqişələrə toxunmuşdur. Həsən Ruhani qeyd etmişdir ki, islam qardaşlıq, dostluq və əxlaq dinidir.

İslam dünyasının təhlükəsizliyi üçün həmrəyliyin vacib olduğunu bildirən İran Prezidenti gündəlikdəki məsələlərin müzakirəsində sessiya iştirakçılarına uğurlar arzulamışdır.

Sessiyada bir sıra təşkilati məsələlərə baxıldıqdan sonra üzv dövlətlərin parlament sədrləri çıxış etmişlər.

Milli Məclisin Sədri Oqtay Əsədov toplantının keçirilməsinə yaratdığı şəraitə görə İran parlamentinin rəhbərliyinə, xüsusən Əli Laricaniyə minnətdarlıq etmişdir. Oqtay Əsədov ümidvar olduğunu bildirmişdir ki, sessiyada aparılacaq fikir mübadiləsi və qəbul olunacaq qərarlar təşkilatın məqsədlərinin reallaşmasına kömək edəcəkdir.

Sədr qeyd etmişdir ki, Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı ilə münasibətlərin inkişaf  etdirilməsinə böyük əhəmiyyət verir və xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi baxır. Biz bu qurumun islam dünyasında   həmrəyliyin dərinləşməsinə, ümumi problemlərimizin həlli  yollarının tapılmasına göstərdiyi köməyi yüksək qiymətləndiririk. Son illərdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatının münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan təşkilatın nazirlər səviyyəsində bir neçə konfransına ev sahibliyi etmişdir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclası ötən il Azərbaycanda keçirilmişdir. 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhəri "İslam  mədəniyyətinin paytaxtı" elan edilmişdir. Bütün bunlar İslam Əməkdaşlıq Təşkilatının  Azərbaycana verdiyi əhəmiyyəti və təşkilatın fəaliyyətində ölkəmizin yaxından iştirak etdiyini göstərir. Biz hesab edirik ki, xalqlarımızın bölüşdüyü ortaq islam dəyərləri bizi birləşdirən ən böyük mənəvi sərvətdir.

Sədr qeyd etmişdir ki, bəşər tarixinin inkişafının müasir mərhələsində dünya dövlətləri böyük problemlər qarşısında dayanmışdır. Qlobal xarakter daşıyan bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən işbirliyi təşkilatın üzvləri arasında münasibətlərin  daha da  möhkəmlənməsinə, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərir. Ötən illərdə Azərbaycanın səsinin islam ölkələrinə və dünya ictimaiyyətinə çatdırılmasında İslam Əməkdaşlıq Təşkilatı mühüm rol oynamışdır. Təşkilat Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti ilə bağlı yekdil və birmənalı mövqe nümayiş etdirmişdir. İslam Əməkdaşlıq Təşkilatının iclaslarında dəfələrlə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, torpaqlarımızın işğalını pisləyən sənədlər qəbul edilmişdir. 2008-ci ilin mart ayında BMT Baş Məclisinin 62-ci  sessiyasında "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət" adlı qətnamənin qəbul edilməsində təşkilatın üzvü olan dövlətlərin mövqeyi həlledici rol oynamışdır.

Oqtay Əsədov demişdir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında islam dünyasının başlıca problemləri ilə bağlı müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, eləcə də Fələstin probleminə dair həmişə konstruktiv mövqedən çıxış etmişdir. Təşkilat açıq müzakirələr üçün faydalı və əhəmiyyətli forum rolunu oynayır, sülh, sabitlik və sosial-iqtisadi rifah kimi ümumi maraqlarımızın təşviq və təmin edilməsinə xidmət  göstərir. Parlament İttifaqı Azərbaycan həqiqətlərinin təbliğinə də sanballı töhfələr verir.

Milli Məclisin Sədri demişdir: "Bizim xalqımızın tarixində ən faciəli hadisələrdən olan Xocalı soyqırımının tanıdılması işində  təşkilatın əvəzolunmaz rolu vardır. Parlament İttifaqının indiyədək qəbul etdiyi bir çox bəyannamələrdə Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal çıxarılması, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəslənməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması tələb edilmişdir. Bununla yanaşı, Parlament İttifaqı 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlılara qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi qiymətləndirmişdir. 2012-ci ilin yanvar ayında isə Parlament İttifaqının 7-ci Konfransında qəbul edilmiş qətnaməyə Xocalı soyqırımının tanınmasına və bu cinayəti törədənlərin  cəzalandırılmasına dair bənd əlavə edilmişdir. Bütün bunlara görə Azərbaycan rəhbərliyi  adından mən  bir daha təşkilatın bütün üzvlərinə və rəhbərliyinə minnətdarlığımı bildirirəm.

 

Eyni zamanda, biz İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına göstərilən dəstəyi də yüksək  qiymətləndiririk. Xocalı soyqırımının tanınması məsələsinin dost ölkələrin parlamentlərinin gündəliyinə çıxarılacağına və bu qətliama ədalətli hüquqi və siyasi qiymət veriləcəyinə öz inamımı ifadə etmək istərdim".

Sədr qeyd etmişdir ki, təşkilatın üzvü olan bir sıra ölkələrlə yanaşı, Meksika, Kolumbiya, Çex Respublikası, Peru, Bosniya və Herseqovina və digər dövlətlərin parlamentləri də Xocalı soyqırımına dair müvafiq sənədlər qəbul etmişlər. Şübhə yoxdur ki, dost dövlətlərimizin və parlamentlərimizin birgə səyləri bölgədə mövcud olan bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıra bilər. Biz əminik ki, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədən bu münaqişə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip - dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınmalıdır.

Oqtay Əsədov çıxışının sonunda bir dahasessiyanın işinə uğurlar arzulamışdır.

Sessiya çərçivəsində Milli Məclis Sədrinin bir sıra əhəmiyyətli görüşləri də olmuşdur.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Oqtay Əsədov inauqurasiya mərasimində iştirak etmək üçün İrana səfəri çərçivəsində Prezident Həsən Ruhani ilə ilk görüşünü xatırlatmışdır. O qeyd etmişdir ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkədir. Xalqlarımız arasında mövcud tarixi və mədəni bağlılıq münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün ölkələrimiz arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər önəmli rol oynayır.

Bildirilmişdir ki, ölkələrimiz zəngin mədəni əlaqələrə malikdir. Biz bu sahəyə daim diqqət yetirilməsinin tərəfdarıyıq. Mədəni əlaqələrin daim inkişaf etdirilməsi dost xalqlarımızın mənafeyinə xidmət edir. Bunun üçün mədəniyyət günlərinin mütəmadi olaraq keçirilməsi məqsədəuyğundur.

Qeyd edilmişdir ki, ikitərəfli əməkdaşlığımızın genişlənməsində parlamentlərin özünəməxsus rolu vardır. Son zamanlar qanunverici orqanlarımız arasındakı əməkdaşlıqda dinamika hiss olunur. Bunu qarşılıqlı səfərlərin və keçirilən görüşlərin sayına nəzər saldıqda görmək olar.

Azərbaycan parlamentinin nümayəndə heyətini səmimiyyətlə salamlayan İran Prezidenti Həsən Ruhani İƏT-ə üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasını və bu sessiyada müzakirəyə çıxarılan məsələləri, eləcə də Azərbaycan deputatlarının tədbirdə iştirakını yüksək qiymətləndirmişdir. İran-Azərbaycan əlaqələrindən danışan Prezident bu əlaqələrin qədim tarixi köklərlə bağlılığından bəhs etmiş, münasibətlərimizin hərtərəfli inkişafının vacib olduğunu söyləmişdir.

Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladan İran Prezidenti Həsən Ruhani həmin görüşü yüksək qiymətləndirmişdir. Görüşdə ikitərəfli münasibətlərin müzakirə olunduğu qeyd edilmişdir. İran Prezidenti vurğulamışdır ki, biz əlaqələrimizin inkişafında və daha da möhkəmləndirilməsində, demək olar ki, yeni səhifə açmışıq. İranın Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini deyən Həsən Ruhani vurğulamışdır ki, Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Milli Məclisin Sədri Oqtay Əsədovun sessiya çərçivəsində digər görüşü Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə olmuşdur. Görüşdə qeyd olunmuşdur ki, Türkiyə Azərbaycan üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Bu müttəfiqlik getdikcə möhkəmlənir və inkişaf edir. Ölkələrimizi birləşdirən ən böyük amil kökümüz, xalqlarımızın ortaq tarixi və mədəniyyətidir.

Görüşdə siyasi, iqtisadi, ticari, humanitar və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Milli Məclisin Sədri Oqtay Əsədovun daha bir görüşü İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə olmuşdur.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə İran tərəfinə təşəkkürünü bildirən Oqtay Əsədov bir neçə gün əvvəl İran İslam Respublikasında qeyd edilmiş milli bayram - İnqilab günü münasibətilə qardaş İran xalqına təbriklərini çatdırmışdır. İkitərəfli münasibətlərimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlər xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, xalqlarımızın yaxınlaşmasında mədəni sahədə əməkdaşlığın rolu danılmazdır. Bu baxımdan, hər iki ölkədə birgə mədəni tədbirlərin təşkil edilməsi mühüm əhəmiyyətə malikdir. Artıq 20 ildən çoxdur ki, dövlətlərimiz arasında müştərək komissiya fəaliyyət göstərir. Bu komissiya istər siyasi-iqtisadi, istərsə də mədəni sahədə əməkdaşlığın inkişafına dəyərli töhfə verir.

Görüşdə parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsi, dostluq qrupları arasında əlaqələrin intensivləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında fəal iştirak edən Azərbaycan Milli Məclisi nümayəndə heyətinin İrana səfəri başa çatmışdır.

 

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin mətbuat katibi

Azərbaycan.-2014.- 20 fevral.- S.3.