Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti dərindən öyrənilir

 

Ağcabədi

 

 

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin on birinci sinif şagirdləri üçün dərslər davam etdirilir.

Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında keçirilən növbəti dərslərdə Ağcabədi şəhərinin  5, 7 və 11 nömrəli tam orta məktəblərinin şagirdləri iştirak etmişlər.

 

Şagirdlər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.

Açıq dərsin iştirakçıları sonra Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlarla, fotoşəkil və kitablarla tanış olmuş, sənədli filmə baxmışlar.

Dərslərdə rayonun ən qabaqcıl tarix müəllimləri tərəfindən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir.

Mayın 31-dək davam edəcək açıq dərslərdə rayonun bütün ümumtəhsil məktəblərinin on birinci sinif şagirdləri iştirak edəcəklər.

 

 

 

Qazax

 

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin  irsinin dərindən öyrənilməsi məqsədilə Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müəyyən olunmuş mövzular üzrə açıq tarix dərslərinin keçirilməsi davam edir.

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularına dair açıq dərslərdə indiyədək 200-dən çox şagird iştirak etmişdir.

Dərslərdə ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan geniş bəhs edilir, dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri ətraflı təhlil olunur.

Açıq dərslərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilir. ulu öndərin xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu bildirilir.

 

Dərslərdə ümummilli liderin ideyalarının hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulanır.

Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən filmlər də nümayiş olunur.

 

 

 

Füzuli

 

 

Azərbaycan xalqının ümummilli liderinin irsinin daha dərindən öyrənilməsi məqsədilə Füzuli rayonunun orta məktəblərinin XI sinif şagirdləri üçün "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında dərslərin keçirilməsi qrafikə uyğun davam etdirilir.

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərslərdə musiqi təmayüllü internat tipli gimnaziyanın və Horadiz şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişdir. Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.

Açıq dərsdə şagirdlərə ümummilli lider Heydər Əliyev haqqında geniş məlumat verilmiş, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışılmışdır. Dərslərdə ümummilli lider Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən də söhbət açılmış, həyata keçirdiyi nəhəng işlər faktlarla diqqətə çatdırılmışdır. Şagirdlərin mövzu ətrafında suallarına aydınlıq gətirilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 20 fevral.- S.6.