QARABAĞ SALNAMƏSİ

 

Azərbaycanın uğurlu iqtisadi siyasəti, xarici siyasəti, bölgədəki nüfuzuartan rolu, bizim iqtisadi potensialımız və enerji baxımından güclü olmağımız, ordu quruculuğunun sürətlə getməsi danışıqlar prosesinə də müsbət təsir göstərir. Əgər bir neçə il bundan əvvəl Ermənistan tərəfi danışıqlar zamanı Dağlıq Qarabağa müstəqilliyin verilməsini tələb edirdisə, bu gün bu, belə deyildir. Bu gün onlar da anlayırlar ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Dağlıq Qarabağ Ermənistana birləşməyəcəkdir. Bu, artıq təkcə bizim mövqeyimiz deyil, eyni zamanda, beynəlxalq vasitəçilərin mövqeyidir və Ermənistan tərəfi məcbur olub bu reallıqla hesablaşır. Əgər vaxtilə 4 rayonun Azərbaycana qaytarılması Ermənistan tərəfindən irəli sürülürdüsə, bu gün artıq bu da keçmişdə qalıbdır. İndi 7 rayonun, bütün işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasından söhbət gedir. Bunu Ermənistandan beynəlxalq vasitəçilər, ATƏT-in Minsk qrupu tələb edir və Ermənistan rəhbərliyi məcbur olub bunu qəbul edir. Bu, çox böyük irəliləyişdir, çox böyük uğurlardır.

 

 

 

İlham ƏLİYEV

 

 

 

26 il öncə başlayan savaş yüzilliklər boyu davam edən erməni məkrinin növbəti mərhələsidir. Ötən əsrin 1905-1907, 1918-1920, 1948-1953-cü illərində baş verən kütləvi erməni terrorları silsiləsinin davamı olaraq 1988-ci ilin ilk aylarında baş qaldıran erməni separatizminin dərin tarixi kökləri var. İki əsr öncə çar Rusiyasının təhriki və birbaşa yardımı ilə tarixi Azərbaycan vilayətlərində məskunlaşdırılan erməni əhalisi 1918-ci ildə bu torpaqlarda əvvəlcə Ermənistan adlı dövlət qurmağa müvəffəq oldu, beş il sonra isə əsassız iddiasını Dağlıq Qarabağ Muxtar Vilayəti statusu almaqla təmin etdi. Sonrakı 50 il ərzində vilayət ərazisində hətta siyasi müxtariyyət əldə etməyə müvəffəq olan erməni əhalisinin hökmranlığına yalnız ötən əsrin 70-ci illərinin əvvəllərində son qoyuldu.

 

 

 

Dağlıq Qarabağda Azərbaycan dövrü

 

 

 

Heydər Əliyev respublikaya rəhbər təyin olunan ilk gündən Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürütməyə başladı. Hələ 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobildə yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsini əvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar atdı. Vilayət rəhbəri, şovinist V.Şahnazaryan Azərbaycana loyal Melkumyanla əvəzləndi, hüquq-mühafizə orqanlarında isə ciddi təmizləmə aparıldı. 1923-cü ildə Azərbaycanın altına qoyulan "gec partlayan bomba" - DQMV-də cərəyan edən və günü-gündən genişlənən ekstremist meyillər qısa müddət ərzində ölkənin yeni rəhbərinin fəaliyyəti nəticəsində neytrallaşdırıldı və bu inzibati subyektin müstəqilliyinə, Bakıya saymazyana münasibətinə 1987-ci ilə qədər tam son qoyuldu.

 

Bu ərazidə Azərbaycanın milli-mənəvi irsinin daha geniş təşəkkül tapması üçün Heydər Əliyev xüsusi tədbirlər planı hazırlayaraq onları böyük müvəffəqiyyətlə həyata keçirdi. 1982-ci ildə Qarabağın ən uca zirvəsində Azərbaycan varlığının canlı təcəssümü kimi böyük şair Vaqifin məqbərəsini ucaldanda Heydər Əliyev tarixi missiyasının - bu vilayəti tam olaraq azərbaycanlılaşdırdığının təntənəsini yaşadı. Lakin həmin ilin sonlarında o, Azərbaycanı tərk edərək Moskvaya rəhbər vəzifəyə getdikdən sonra erməni separatçılarının vilayətdə reabilitasiya mərhələsi başladı və Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrindən istefa verdikdən sonra isə ekstremizm ən qanlı formalarda təzahür etdi.

Heydər Əliyevin vəzifəsindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başladı. Akademik A.Aqanbekyan 1987-ci il noyabr ayının 18-də Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində vurğulayırdı ki, "mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim varonu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq". Bədnam akademik müsahibəsində M.Qorbaçovun 1987-ci ilin fevral plenumunda etdiyi çıxışın əsas tezisinə - "Milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan qaldırılmalıdır" fikrinə istinad edirdi. Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı.

 

 

 

İlk qığılcım

 

 

 

Həmin ərəfədə artıq DQMV ərazisində separatçı "Krunk" təşkilatı yaradılmışdı və onun üzvləri 1988-ci ilin yanvar ayının əvvəllərində Moskvaya özlərinə yardım almaq üçün getmişdilər. Artıq separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. Bu vaxt Moskvadan qayıdan "Krunk"un rəhbərləri bəyan edirlər ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin milli məsələlər üzrə şöbəsinin müdiri V.Mixaylovla görüşlərində onlara müstəqillik tələblərinin mərkəzdən müdafiə olunması ilə bağlı vəd verilib. M.Qorbaçovun köməkçisi D.Şahnazaryan isə bildirib ki, baş katib ermənilərin öz müqəddəratını təyinetmə haqlarına hörmətlə yanaşır və onların tələblərini qanuniləşdirməyə hazırdır. Artıq həmin ərəfədə Xankəndidə mitinqlər başlamışdı.

1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirirdi. Son mərhələ üçün qığılcım lazım idi. Bu isə Xankəndidən - Stepanakertdən başlamalı idi.

Çox gözləməyə ehtiyac qalmadı. Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə fevralın 5-də Xankəndidə ilk mitinq keçirilir. Cəmi 90 nəfərin iştirak etdiyi mitinqdə istənilən nəticə alınmadığından, həmçinin vilayət milisləri tərəfindən mitinqin dağıdılması tədbirin yarımçıq dayandırılmasını zəruri edir. Fevralın 9-da keçirilən mitinqə isə 150 nəfərədək adam gəlir. Bu mitinqdə əsasən sosial tələblər səsləndirilir və bəyan edilir ki, vilayət Ermənistana birləşərsə, bu problemlər öz həllini tapa bilər. Bu mitinqdə ilk dəfə olaraq "saqqallılar" adlanan xüsusi hərbi dəstənin üzvləri də görünür. Onlar Ermənistandan gəldikləri ilk saatdan etibarən vilayətdəki vəziyyəti, demək olar ki, öz nəzarətlərinə götürür və Azərbaycan əleyhinə açıq-aşkar şüarlar səsləndirərək əhali arasında özlərinə qarşı xof yaradırlar. Bilavasitə saqqallıların zorakı səyləri nəticəsində fevralın 13-dəki mitinqə 300 nəfərə qədər adam toplaşır. Rəsmi Bakının baş verən bu separatist meyilləri neytrallaşdırmaqda tərəddüd göstərməsi, həmçinin vilayət rəhbərliyinin ictimai asayişi pozan hadisələri yatırtmağa xüsusi həvəsinin olmaması saqqallıların real güc mərkəzinə çevrilməsinə və Ermənistandan verilən tapşırıqlara uyğun olaraq vəziyyəti daha da gərginləşdirmələrinə münbit şərait yaradır. Elə bu ərəfədə Yerevandan qəti hərəkətə keçmək, eləcə də "miatsum" - birləşmək iddiasını hüquqiləşdirmək barədə təlimat gəlir. Və təşəbbüs artıq vilayətin qanunverici orqanının əlinə keçir.

Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarılır. Vilayət deputatları arasında ciddi təbəddülat yaranır. Ümumi deputat kvotasının 33 faizinə malik azərbaycanlı deputatlar iclası boykot edir, əksər ermənilər isə Azərbaycanın göstərə biləcəyi iradədən hələ də qorxaraq sessiyaya gəlmirlər. Yenə də ümid qalır saqqallılara. Onlar erməni deputatların evlərinə hücum edərək onları zorakılıqla sessiyaya gətirirlər. Lakin vilayət Xalq Deputatları Sovetinin sədri Vladimir Osipov sessiyaya gəlməkdən imtina edir. Bu vaxt digər problem - yetərsayın olmaması da meydana çıxır. Beləliklə, rəyasət heyətində görünən vilayət XDS-nin sədr müavini Şmavon Petrosyan kvorumun olmaması səbəbindən sessiyanı açmadan bağlı elan edir. Həmin gün bölgəyə gələn Sov.İKP MK-nın şöbə müdiri M.Yaşin və Azərbaycanın rəhbəri Kamran Bağırovla Ali Sovetin sədri Süleyman Tatlıyev, eləcə də vilayət partiya komitəsinin rəhbəri Boris Gevorkov sessiyanın təxirə salınması ilə bağlı təkliflə çıxış etsələr də, onlar fit sədaları altında binadan qovulurlar.

...6 il öncə isə bu ermənilərin Azərbaycan rəhbərinin qarşısında nəinki fit çalmağa, heç səslərini çıxarmağa cürətləri çatmırdı. 6 il öncə bu ermənilər Azərbaycan rəhbərinin qarşısında ikiqat təzim edərək onun adi göstərişini yerinə yetirməkdən belə xoşbəxt olduqlarını dönə-dönə bəyan edirdilər. 6 il öncə bu ermənilər Azərbaycan, Bakı adı gələndə ürəklərinə vəlvələ düşür, millətimizin hər hansı bir nümayəndəsinin qarşısında öz cılızlıqlarını etiraf edirdilər. 6 il öncə onlar azərbaycanlıların mərhəməti sayəsində çörək tapan erməni, biz isə ermənilərin miskinliyindən və namusundan iyrənən azərbaycanlılar idik.

1982-ci illə 1988-ci il arasında dəyişən fərq isə yalnız azərbaycanlıların əzmkarlığında və ermənilərin cəsarətində deyildi, həm də Azərbaycanın xeyrinə işləməyən zamanın ziddiyyətli mahiyyətində özünü büruzə verirdi. Ən əsası, ən ümdəsi isə Azərbaycanın varlığını təcəssüm etdirməli olan rəhbər 6 il öncəki rəhbər deyildi...

Vilayət XDS-nin sessiyası kvorum olmadan işə başlayır. İclasın təşəbbüskarları olan Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə vilayət Yazıçılar İttifaqının sədri Vardan Akopyanın təzyiqi ilə deputatlar gündəlikdə olan yeganə məsələnin müzakirəsinə keçirlər. Və nəhayət, gecə yarısı DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edilir. Bu qərar Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla yanaşı, həm də ittifaq miqyasında muxtar subyektin separatizm meyillərinin ilk qığılcımı idi.

 

 

 

Təklənmiş Qarabağ

 

 

Bu hadisənin səhəri günü vilayət partiya komitəsinin plenumu keçirilir. Sov.İKP MK Siyasi Bürosunun üzvləri Razumovskinin, Demiçevin, eləcə də Azərbaycanın rəhbəri Kamran Bağırovun iştirakı ilə keçirilən plenumda DQMV PK-nın birinci katibi Boris Gevorkovun vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul olunur. Ən təəssüfedici məqam isə o idi ki, Azərbaycana tam loyal olan B.Gevorkovun yerinə ekstremist "Krunk" təşkilatının rəhbəri, Xankəndidə keçirilən qanunsuz mitinqlərin aparıcısı olan V.Poqosyan təyin olunur. Mərkəzi rəhbərliyin, eləcə də Bakının razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verilir. Beləliklə, vilayətdə saqqallıların başladığı avantüra qısa zaman ərzində uğurla tamamlanır və Azərbaycan rəhbərliyinin məsələyə laqeyd münasibəti artıq erməni əhalisində olan xofu da tamamən dağıdır. Böyük fədakarlıqlar bahasına erməniyə gözdağı kimi qoruduğumuz tarixi ərazimizi - Dağlıq Qarabağ bölgəsini belə asanlıqla itirməyə başladıq.

1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi Moskvadan aldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluqlaqeyd münasibət də məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi. Prosesin baş verdiyi ilk günlərdə vilayətin erməni əhalisində böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana qarşı birbaşa çıxış etməkdən qorxurdular. Hətta Ermənistandan gəlmiş saqqallılar onları zorla, döyə-döyə mitinqə gətirəndə də meydanı yarımçıq tərk edirdilər. Əgər Azərbaycan rəhbərliyi qətiyyətlilik göstərib  vəziyyətə müdaxilə etsəydi və vilayət ərazisində əsrlər boyu yaşayan yerli azərbaycanlı əhalinin düşmənin müqavimətinə qarşı səfərbər olmasını təmin edə bilsəydi, separatçılığın qarşısını elə fevralın birinci həftəsində almaq olardı.

Bakı rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olurdu. Hadisələrin ən qızğın vaxtında - fevral ayının 22-də Ağdamın minlərlə sakini Əskəran üzərinə yürüşə çıxdı. Ancaq bu yürüşün qarşısı Bakıdan göndərilmiş emissarlar vasitəsilə alındı, hətta yürüş iştirakçıları təqib də edildi. İndiyədək 5 mindən artıq övladını Vətən yolunda şəhid vermiş Ağdam məhz həmin gün Qarabağ münaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi. Digər rayonların əhalisinin müdafiə dəstələrinin yaradılması barədə çağırışlarına da nəinki müsbət münasibət bildirilir, hətta adi ov silahları da azərbaycanlılardan yığılırdı. Qarabağlılar artıq öz tənhalıqlarını, bu müharibədə yalqız qaldıqlarını bütün aydınlığı ilə hiss edirdilər. Ən əsası isə Bakıda əyləşən manqurt rəhbərlik qarabağlılara Qarabağı xilas etməyə, qorumağa imkan vermir, hər cür maneə yaradırdı.

 

 

 

Sumqayıtda qırğın imitasiyası

 

 

Dağlıq Qarabağ ərazisində ekstremist fəaliyyətlərini günü-gündən genişləndirən separatçılar antiazərbaycan fəaliyyətlərini Ermənistan ərazisində də davam etdirirdilər. Tarixən Azərbaycan ərazisi olan Ermənistanın əzəli sakinləri yerli azərbaycanlılara qarşı tətbiq olunan kütləvi deportasiyanın ilk elementləri də artıq özünü büruzə verirdi. Erməni qudurğanlığı, irticası bütün sərhədləri keçmişdi. Erməni diasporu isə demək olar ki, bütün xarici dövlətlərdə "Qarabağa müstəqillik" şüarını səsləndirir, öz avantüralarına hüquqi-siyasi don geydirmək məqsədilə tarixi saxtalaşdırır, Azərbaycana qarşı yalan kampaniyası həyata keçirirdi. Azərbaycanla bağlı aparılan əks-təbliğat kampaniyası çərçivəsində dövlətimiz və millətimiz barədə böhtan tapmaqda çətinliklə qarşılaşan erməni lobbisi üçün yeni saxta əsaslar lazım idi. Bu arada dəfələrlə sınaqdan uğurla çıxarılmış bir təcrübədən - erməni əhalinin qırğın imitasiyasından bir daha istifadə olunması qərarı qəbul edilir. Bu, həm erməni əhalisinin yeni "soyqırımı" ilə üzləşməsi barədə çağırışları əsaslandıracaq, həm də azərbaycanlıların əsrin əvvəllərindəki "barbar türklər" olaraq qalmasını göstərəcəkdi. Təxribatın keçiriləcəyi şəhər də tezliklə müəyyənləşdi: Sumqayıt!

Ermənistan ərazisindən kütləvi şəkildə qovulan azərbaycanlıların böyük qismi 1988-ci il fevral ayının ilk günlərində Sumqayıt şəhərinə pənah gətirmişdi. Azərbaycan beynəlmiləlçiliyinin şanlı bayraqdarı olan bu şəhərdə əhalinin mühüm hissəsini ermənilər təşkil etdiyindən Ermənistandan zorakılıqla qovulan, bütün əmlaklarını itirən azərbaycanlılarla onlar arasında müəyyən qarşıdurmanın olacağı istisna edilmirdi. Artıq fevral ayının son günlərində Sumqayıtda ilk mitinqlər başlayır. Bundan əvvəl isə şəhərə Moskvadan xüsusi xidmət orqanları əməkdaşlarının səfərlərinin müntəzəm xarakter alması Sumqayıtdakı proseslərin birbaşa SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətində olmasını göstərirdi. Fevralın 27-də şəhər partiya komitəsinin qarşısında kütləvi hal alan mitinq səhərisi günü yürüşə çevrilir. Sumqayıtın o vaxtkı rəhbəri olan Cahangir Müslümzadənin başçılıq etdiyi yürüş tezliklə pərakəndə aksiya halını alır və yürüşdən ayrılan qrup erməni mənzillərinə hücum edir.

Sonradan istintaq araşdırması nəticəsində məlum olur ki, erməni talanlarına rəhbərlik edən şəxs... məhz erməni imiş! Bu, gizli erməni təxribat qrupunun üzvü olan Eduard Qriqoryan idi. Azərbaycan dilində təmiz danışan "Edik" gəncləri talanlara sövq edərək onları qətllər törətməyə çağırıb. Məhkəmə sübut edib ki, E.Qriqoryan şəxsən özü 6 ermənini öldürüb. Bu avantüradan sonra Sumqayıtda komendant saatı tətbiq olunur, SSRİ DTK-nın sədr müavini Bobkovun və SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkinin rəhbərliyi ilə istintaq qrupu yaradılır. İstintaq nəticəsində haqsız olaraq şəhərin iki mindən artıq sakini həbs edilmiş, 427 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 94 şəxs barəsində isə Respublika Prokurorluğu tərəfindən cinayət işi açılmışdı.

Hadisələrdə təqsirli bilinən Əhməd Əhmədov məhkəmə hökmünə apelyasiya şikayətinin qərarı gözlənilmədən güllələndiyi halda, talanlara bilavasitə rəhbərlik edən Eduard Qriqoryana 12 il iş kəsilir. Cəzasını Stavropol həbsxanasında çəkən E.Qriqoryan qısa müddətdən sonra azadlığa buraxılır. Həbs edilən azərbaycanlıların cinayət işi isə Apelyasiya Məhkəməsinin yalnız bir neçə ildən sonra çıxardığı qərarla xətm olunur. Sonrakı illərdə aparılan istintaq araşdırmaları nəticəsində məlum olur ki, erməni lobbisinin sifarişi ilə gerçəkləşən "Sumqayıt genosidi" SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanıb və əsasən erməni millətindən təşkil olunan xüsusi qrup tərəfindən həyata keçirilib. 26 il öncə Sumqayıtda baş verən hadisələrin əsl həqiqəti isə dünya ictimaiyyətinə hələ də tam çatdırılmayıb.

 

 

 

Kimdir günahkar?

 

 

 

Azərbaycan hər tərəfdən məngənəyə salınmışdı. Mərkəzdən ermənipərəst mövqe, beynəlxalq aləmdən antiazərbaycan münasibəti, yerli rəhbərlikdən isə laqeydlik və saymazlıq görən azərbaycanlı əhalinin gücü öz etirazını mitinqlərlə bildirməyə çatırdı. Ancaq 1988-ci ilin birinci yarısında ölkədə mitinqlər hələ kütləvi xarakter almamışdı. Bu arada DQMV ətrafında siyasi vəziyyət gərginləşirdi.

1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermənistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak edirdilər. İttifaq rəhbərliyinin təmsilçiləri olan bu şəxslərdən biri - Y.Liqaçov Bakıda bəyan edir ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirir ki, demokratik prinsiplərə və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşan rəsmi Moskva Qarabağı Ermənistanın tərkibində görür. Eyni gündə qarşı duran tərəflərə belə "tərəfkeşlik" etməklə M.Qorbaçov və erməni lobbisinin digər qulları nəticədə regionun ən böyük münaqişəsini hərbi müstəviyə keçirdilər. Bakıdakı plenumda iştirak edən DQMV Partiya Komitəsinin birinci katibi Poqosyan iclası yarımçıq tərk edərək Xankəndiyə qayıtdı və burada rəsmən bəyan etdi ki, o, nəinki bir də Bakıya getməyəcək, hətta DQMV ərazisində Azərbaycan qanunları, ümumiyyətlə, işləməyəcək. Beləliklə, vilayətlə Bakı arasında olan kövrək inzibati əlaqələr də tamamilə kəsildi.

1989-cu ilin 12 yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında" fərman verir. Fərmana əsasən Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. Bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə bu qərarın imzalanması barədə verilən bəyanatların tam əksinə olaraq Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi və nəticədə DQMV müstəqil subyektə çevrildi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdibunu qısa müddət ərzində həyata keçirdi.

Bu antiazərbaycançı fəaliyyətin reallaşmasında A.Volskinin ən fəal "köməkçisi" isə o dövrdə Azərbaycana başçılıq edən Əbdürrəhman Vəzirov idi. Ümumiyyətlə, Vəzirov-Volski dueti Qarabağda Azərbaycan təsirinin minimuma endirilməsi üçün nə imkanları var idisə, etdi. Bu "missiyanı" Ayaz Mütəllibov da davam etdirərək Qarabağın Azərbaycandan təcridinə tam şərait yaratdı. Ölkədə baş verən siyasi kataklizmlər, AXC rəhbərlərinin və fəallarının malik olduqları silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəyə cəlb edilməsi nəticə etibarilə Azərbaycanı məğlubiyyətə doğru aparırdı.

 

 

 

Yenə də yalnız Heydər Əliyev

 

 

 

Həmin dövrdə xalq və dövlət istinad ediləsi, güvəniləsi rəhbərə böyük ehtiyac duyurdu. Elə rəhbər tələb olunurdu ki, həm müdafiəni, həm də xalqın səfərbərliyini təmin etsin. Lakin belə lider rəhbərlikdə deyildi. 90-cı illərin əvvəllərində ölkənin ictimai-siyasi həyatında Qarabağ savaşının əsl mahiyyətini açıqlayan, cəbhə bölgəsində yerləşən rayonların müdafiəsinin təşkil olunmasının zərurətini vurğulayan, dövlətin qəti addımlar atmayacağı təqdirdə böyük ərazilərin işğal olunacağı təhlükəsini səsləndirən yeganə insan parlamentin deputatı Heydər Əliyev idi. Lakin onun Azərbaycan Ali Sovetində ittifaqyerli rəhbərliyin Qarabağ münaqişəsini həll etmək əvəzinə xəyanətkar fəaliyyət yürütməsini ifşa edən cəsarətli çıxışları qərəzlə qarşılanır, Heydər Əliyevə böhtanlar atılırdı.

Bir məqamı qeyd edək ki, Naxçıvan Ali Məclisinin ilk sessiyası açılarkən Heydər Əliyevin təklifi ilə DQMV-də, Şaumyan rayonundaXanlar rayonunun Çaykənd kəndində yaranmış ağır vəziyyət müzakirə olunmuşonun çıxışından sonra muxtar respublikanın qanunverici orqanı müvafiq qərar qəbul etmişdi. Heydər Əliyevin şəxsən müəllifi olduğu qərarda münaqişənin tarixi kökləri, əhalinin müdafiəsinin təşkili formaları göstərilir və yerli rəhbərliyin fəaliyyətsizliyi ilə yanaşı, ittifaq rəhbərliyinin ədalətsiz mövqeyi də kəskin pislənilirdi. Qeyd edək ki, Heydər Əliyevin təklifi ilə 1990-cı ilin 14 dekabrında qəbul edilən bu sənəd ədalətsiz münaqişə ilə bağlı Azərbaycanda bəyan edilən ilk hüquqi rəy, eyni zamanda, ən mükəmməl fəaliyyət proqramı idi. Lakin həmin dövrdə ölkənin xəyanətkar rəhbərliyi ilə avantürist müxalifəti Heydər Əliyevi yeganə nicat ünvanı kimi görən xalqdan uzaq salmaqla həm də Dağlıq Qarabağ problemində Azərbaycanın uğursuzluğuna imza atdılar.

Dağlıq Qarabağı 1992-ci ilə qədər, demək olar ki, artıq qarış-qarış itirmişdik. Vilayət ərazisində yerləşən və 58 min azərbaycanlının yaşadığı 53 kənd ermənilər tərəfindən tamam təmizlənmişdi. A.Volskinin Xüsusi İdarə Komitəsini əvəz edən V.Polyaniçkonun Xüsusi Təşkilat Komitəsi də sələfinin fəaliyyətini davam etdirərək DQMV-nin Azərbaycanın tabeliyindən ayrılmasına təkan verdi. Artıq münaqişə hərbi xarakter almış və terror mərhələsinə qədəm qoymuşdu. 1991-ci ilin 27 noyabrında Azərbaycan Ali Soveti Dağlıq Qarabağda muxtar vilayət statusunu ləğv edəndə isə vilayət artıq tamamən Ermənistanın nəzarətinə keçmişdi. Bir müddət sonra isə erməni təcavüzkarları dünyanın ən qanlı soyqırımlarından birini - Xocalı faciəsini törətdilər. Növbəti illərdə isə keçmiş DQMV ətrafındakı rayonlarımız da işğala məruz qaldı və beləliklə də Azərbaycanın qara təqvimi yarandı.

 

 

(ardı var)

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 20 fevral.- S.10.