Xocalı soyqırımını tanıyanların sayı artır

 

613 nəfər dinc sakinin qəddarcasına qətliamı, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkküründən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri işğalçılıq siyasətinin ən qanlı səhifələrindən biridir. Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün növbəti tarixi cinayəti - Xocalı soyqırımı aktını həyata keçirdilər.

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdikləri etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutdular. Hadisələrin gedişatını diqqətlə izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib. 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi də hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulmasından sonra bu əlaqə də kəsilmişdi. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşamışdır.

Xocalı həm də strateji mövqeyə malik idi. 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Əskəran-Xankəndi-Şuşa yolunun üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin necə canfəşanlıq etdiklərini aydın təsəvvür etmək olar.

Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 22 il ötür. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq, bu qanlı faciə haqqında düşündükcə istər-istəməz başımızda saysız-hesabsız suallar dolaşır. Azərbaycan xalqına qarşı uzun illər terror aktları həyata keçirən, müxtəlif tarixi dövrlərdə genosid siyasəti yürüdən ermənilər bu siyasətin tərkib hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciənin baiskarlarının siyahısı təkcə ermənilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların da adları yer alır ki, bunu da xalq heç vaxt onlara bağışlamayacaq.

Xocalı o dövrdə respublika rəhbərliyi tərəfindən müdafiə olunmurdubunun da səbəbi Bakıda siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişməsi idi. Bu tərəflərdən biri hakimiyyəti saxlamaq, digəri isə hakimiyyətə gəlmək istəyirdi. Onların paytaxtda apardıqları mübarizə ağır nəticəsini bir qədər uzaqda - Xocalıda özünü göstərdi. Hakimiyyətin şəhərin müdafiəsini təşkil edə bilməməsi, "cəbhəçilər"in isə müdafiə  imkanlarını məhdudlaşdırmaq istiqamətində səyləri yüzlərlə dinc azərbaycanlının, əsasən qocaların, qadınların, uşaqların qətliamı ilə nəticələndi. Ən acınacaqlıodur ki, respublika rəhbərliyi faciənin baş verməsinin mümkünlüyü barədə ətraflı məlumatlı olduğu halda soyqırımının qarşısını almaq üçün heç bir tədbir görmədi. Öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etməyə borclu olan hakimiyyət orqanları tam fəaliyyətsizlik nümayiş etdirərək mühasirə şəraitində olan şəhərin və onun sakinlərinin xilasına çalışmadılar, vəzifə borclarının yerinə yetirilməsinə cinayətkarcasına məsuliyyətsiz yanaşdılar. Faciənin miqyasını ağırlaşdıran cəhətlərdən biriondan ibarət idi ki, o dövrdə hakimiyyət qanlı faciəni dünya ictimaiyyətinə çatdırmağa səy göstərmədi. Hətta A.Mütəllibov faciənin onun hakimiyyəti üçün təhlükə yaradacağından vahimələnərək Azərbaycan ictimaiyyətinin özündən də baş verənləri cidd-cəhdlə gizlətməyə çalışdı. AXC-Müsavat hakimiyyəti dövründə isə faciənin heç adı çəkilmədi. Çünki bu hadisələrin baş verməsində "cəbhəçi bəylərin" də rolu az deyildi.

Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli görüldü. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.

Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə deyib: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. "Xocalıya ədalət" kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən kampaniya yüksək templə davam ediraksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Həyata keçirilən bu cür mühüm işlərin nəticəsidir ki, Pakistan, MeksikaKolumbiya parlamentləri, Çexiya parlamentinin Beynəlxalq əlaqələr komitəsi, Amerikanın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virginia, KonnektikutFlorida ştatları Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər.

Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

 

 

 

Mərdan HƏSƏNZADƏ,

Bərdə rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu

Azərbaycan.-2014.- 20 fevral.- S.11.