Artur RASİZADƏ: Azərbaycan ilə Bolqarıstan arasında

 münasibətlərin dərin tarixi kökləri vardır

 

Fevralın 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski ilə görüşmüşdür.

Azərbaycan və Bolqarıstan baş nazirlərinin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olmuşdur.

Baş nazir Artur Rasizadə bildirmişdir ki, yüksək səviyyədə olan Azərbaycan-Bolqarıstan münasibətlərinin dərin tarixi kökləri vardır. O qeyd etmişdir ki, hazırda ölkələrimiz arasında dövlət başçıları səviyyəsində yaxşı münasibətlər mövcuddur.

Azərbaycanın Baş naziri iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunaraq vurğulamışdır ki, ölkələrimiz arasında istifadə olunmamış xeyli potensial vardır. O demişdir: "Azərbaycan regionaldünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir. Sənaye, turizm, humanitar əlaqələr sahələrində təmas nöqtələri tapmaq lazımdır".

Artur Rasizadə demişdir ki, Azərbaycan müdafiə qabiliyyətinin artırılması məsələlərinə də xüsusi diqqət yetirməyə məcburdur, çünki ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur, 1 milyondan artıq insan qaçqına və məcburi köçkünə çevrilmişdir. Baş nazir vurğulamışdır ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, nəticədə qadınlar, uşaqlarqocalar qətlə yetirilmişdir.

Azərbaycanın Baş naziri əmin olduğunu bildirmişdir ki, Bolqarıstanın Baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin hərtərəfli inkişafına təkan verəcəkdir.

Bolqarıstanın Baş naziri Plamen Oreşarski vurğulamışdır ki, Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurlar yüksək qiymətə layiqdir. P.Oreşarski demişdir ki, Bolqarıstan energetika sahəsində Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət yetirir və SOCAR-ın Bolqarıstana sərmayə yatırması üçün yaxşı imkanlar vardır.

Baş nazir Plamen Oreşarski, həmçinin təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi sahələrində əməkdaşlıq potensialını qeyd etmişdir.

Danışıqlar zamanı Bakı və Sofiya arasında birbaşa aviaxəttin açılması, iki ölkənin sahibkarlarının əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə Bolqarıstan-Azərbaycan biznes forumunun keçirilməsi imkanlarına da toxunulmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 21 fevral.- S.1.