Bakıda «İnternetdə müəllif hüquqları: perspektivlər və

 problemlər» mövzusunda beynəlxalq seminar keçirilmişdir

 

Fevralın 20-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda Beynəlxalq seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə MHA-nın sədri Kamran İmanov Azərbaycanda müəllif hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi istiqamətində təşkil olunan seminarların əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bugünkü seminar  agentliyin "Copyright-Internet" mövzusunda keçirdiyi silsilə tədbirlərin davamıdır. Seminarda nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi tədbirin əhəmiyyətini daha da artırır.

K.İmanov bildirmişdir ki, internetdə müəllif hüquqlarının qorunmasına həsr olunmuş seminar MHA-nın Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamı ilə 2013-cü ilin  ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində keçirdiyi yekun tədbirdir. Seminarın digər səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, cari ildə internetin yaranmasının 45 illiyi qeyd olunacaqdır. Bu günlərdə Avropa Parlamenti rəqəmli hüquqların idarəçiliyi üzrə onlayn qaydada  istifadə olunan əsərlərə dair müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi haqqında Direktiv qəbul etmişdir.

MHA-nın sədri bu baxımdan tədbirin aktuallığını qeyd etmiş, iştirakçılara uğurlar arzulamışdır.

DƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorunun müdiri xanım Saule Tlevlessova Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı bir sıra sənədlərin qəbul olunduğunu, rəqəmli hüquqların idarəçiliyi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə böyük təcrübənin qazanıldığını qeyd etmişdir. DƏMT-in nümayəndəsi quruma üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin, əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuş və bununla əlaqədar ölkədə  silsilə tədbirlər həyata keçirilmişdir.  MHA-nın və DƏMT-in birgə təşkil etdikləri beynəlxalq seminar bu çərçivədə keçirilən ən əhəmiyyətli tədbirlərdəndir. Seminarda nüfuzlu beynəlxalq təşkilatların təmsil olunması dünyada rəqəmli hüquqların idarəçiliyi məsələsinə xüsusi əhəmiyyət verildiyini bir daha təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd etmişdir ki, bugünkü seminar MHA-nın fəaliyyətinin hiperaktivliyinin göstəricisidir. Elmin, demək olar ki, bütün sahələrində müəllif hüquqlarının qorunmasının vacibliyini vurğulayan E.Babayev MHA-nın bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, agentliyin müvafiq layihəsinin nəzəri hissəsi EİF-in qrantı vasitəsilə yerinə yetiriləcəkdir.

 Fondun icraçı direktoru bu il Bakıda BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə konfrans keçiriləcəyini diqqətə çatdırmış, həmin tədbirdə innovasiya və müəllif hüquqlarının müzakirə edilməsi təklifini irəli sürmüşdür. 

 

Tədbirdə MHA-nın sədri Kamran İmanovun "İnternetdə müəlliflik hüququnun qorunması ilə bağlı çağırışlar. Azərbaycan təcrübəsi" mövzusunda məruzəsi dinlənilmişdir.

Bildirilmişdir ki, fevral ayında  Azərbaycanın müəlliflik hüququ ilə bağlı beynəlxalq internet-müqavilələrində iştirakının səkkizinci ildönümü tamam olur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə mövqelərini möhkəmləndirir  özünə layiqli yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi  davamlı inkişafın "Azərbaycan modeli" bir sıra vacib amilləri, o cümlədən sabitliyi və iqtisadi inkişafı, sosialyönümlülüyü və ədaləti, mədəni müxtəlifliyi və adət-ənənəyə sadiqliyi, demokratikləşmə və insan amilini, innovativliyi və modernləşməni, biliklərə əsaslanan tərəqqini, İKT və əqli mülkiyyətin  prioritetliyini özündə cəmləşdirir. Müasir dünyada əqli mülkiyyətin, müəlliflik hüququnun inkişafını şərtləndirən bilik və bacarıqlardır, insan kapitalının, intellektin səviyyəsidir. Çünki əqli mülkiyyət mövcud bilikdən yaranan və yeni biliklərlə nəticələnən fenomendir.

Ölkəmizdə İKT-nin inkişaf statistikasına əsasən, əhalisinin 70 faizi internetə qovuşan Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında İKT-nin inkişafı üzrə 56-cı yerdə qərarlaşmış, internetin sürətinə görə Mərkəzi Asiya və MDB ölkələri arasında özünün liderlik mövqeyini qoruyub saxlaya bilmişdir. Bundan əlavə, Azərbaycan internetin əlçatımlılığına görə dünyada 20-ci, sosial şəbəkələrdə fəallığa görə 41-ci yerdədir. Ölkəmiz həm mobil sektorda, həm də radio-televiziya texnologiyalarının tətbiqində ön sıralardadır.

K.İmanov bildirmişdir ki, hazırda respublikamızda elektron hökumət sürətlə inkişaf edir. Ötən il bu portala 262 min vətəndaş müraciət etmişdir. Ölkəmizdə uğurla həyata keçirilən islahatlar müəlliflik hüququnun inkişafına böyük dəstək verir.

2013-2014-cü illərin hesabatına əsasən, əqli mülkiyyətin qorunmasında 69-cu yeri tutan Azərbaycan institutları  bu sahədə  Qazaxıstanı  dörd pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə qabaqlayaraq MDB məkanında şəksiz lider mövqeyində dayanır. Ümumiyyətlə, son illərin hesabatlarına  əsasən, Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur.

 Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində dünyanın əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu sahədəki uğurlarını tanıyır. Ötən ilin sentyabrında DƏMT-in Baş Assambleyasındakı rəhbər orqanlara seçkilər zamanı Azərbaycan  bu qurumun "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilmişdir. Bununla da ölkəmiz DƏMT-in fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik Əlaqələndirmə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsi iki il müddətinə rəqəmli hüquqlarla bağlı olan DƏMT-in 100-dək dövlətin təmsil etdiyi Müəllif Hüququna dair Müqaviləsi  Assambleyasının sədri seçilmişdir.

MHA-nın sədri vurğulamışdır ki, Prezident İlham Əliyevin  2011-ci il 29 noyabr tarixli sərəncamı əsasında hazırlanmış    "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul olunmuşdur. Son illər bənzəri olmayan "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul edilmiş, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının inkişafına dair Uzunmüddətli Milli Strategiyanın layihəsi təkmilləşdirilmiş, Avropa İttifaqının Tvinninq Proqramı çərçivəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi sahəsində potensialların artırılması üzrə tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan piratçılığa qarşı nəzarət markası sistemi və rəqəmli hüquqların idarə olunması layihəsi hazırlanmışdır.

Müəllif Hüquqları Agentliyinin fəaliyyətindən söz açan K.İmanov demişdir ki, hazırda bu qurum beş növ elektron xidmətlərini həyata keçirən dövlət orqanıdır. Ötən müddətdə MHA-da hüquqların təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində müvafiq addımlar atılmışdır.

Agentlikdə açılmış 960 nömrəli "Qaynar xətt"ə hesabat dövründə 700-ə yaxın müraciət daxil olmuş, ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası"na 500-dən çox vətəndaş müraciət etmişdir. Agentlikdə doqquz mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir. Müxtəlif sektorlarda piratçılığın səviyyəsi 9-33 faiz aşağı salınmışdır.

K.İmanov qeyd etmişdir ki, müasir dünyada əqli mülkiyyətin   fəaliyyət konteksti onun yarandığı dövrdəki kontekstdən tamamilə fərqlidir. Əqli mülkiyyətin müasir fəaliyyət konteksti, onun vəziyyətinin iqtisadiyyatda və cəmiyyətdə dəyişməsi əqli mülkiyyətin    rolu və yeri haqqında düşüncə tərzimizin, təfəkkürümüzün dəyişdirilməsi zərurətini yaradır.

Bu yeni çağırışlara Azərbaycan dövlətinin cavabı "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapmışdır. Konsepsiyada müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarına  dair səkkiz müddəadan ikisi müasir çağırışlar və prioritetlər bölmələrində əksini tapmış, altısı isə konkret istiqamətlərə aiddir.

Qeyd olunmuşdur ki, Müəllif Hüquqları Agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Alqoritm və Proqramlar Fondunun yaradılması təşəbbüsünü irəli sürmüşdür.  Alqoritmlərin və proqram təminatlarının bir mərkəzdə toplanması softverin yaradılmasında təkrarçılığı aradan qaldıraraq informasiya texnologiyaları məhsullarının icazəli təkrar istifadəsinə imkan verəcəkdir. Bununla da büdcə vəsaitlərinə müəyyən qənaətlə yanaşı, hazır məhsullardan geniş və müəllif-hüquq mövqeyindən icazəli istifadə əldə ediləcəkdir.

MHA-nın sədri vurğulamışdır ki, ötən il DƏMT-in Baş Assambleyasında bu qurumun baş direktoru, doktor F.Qarrinin qeyd etdiyi kimi, hazırda internet qlobal  meydana çevrilmişdir və inkişafda olan ölkələrə qlobal rəqəmli bazarın iştirakçısı olmaq kimi nadir imkanlar yaradır. Bu baxımdan rəqəmli şəbəkənin genişlənməsi və onun xidmətlərindən yararlanmaq imkanları zəngin mədəniyyətə malik Azərbaycan üçün çox əlverişlidir.

UNESCO-nun BMT-nin İnkişaf Proqramı ilə birgə hazırladığı  cari məruzəsində xüsusi olaraq qeyd edilir ki, yaradıcılıq industriyalarının həvəsləndirilməsi, stimullaşdırılması, müəllif və əlaqəli hüquqların etibarlı qorunması yerli iqtisadi inkişaf proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir. Azərbaycan dövləti bütün bunları nəzərə alaraq bu istiqamətdə uğurlu siyasət aparır.

Seminarda yerli və beynəlxalq mütəxəssislər məruzələrlə çıxış etmişlər.

DƏMT-in sektor müdiri xanım Saule Tlevlessova "Müəlliflik hüququ üzrə DƏMT-in cari fəaliyyətləri. Pekin və Mərakeş müqavilələri. Digər məsələlər" mövzusundakı məruzəsində təmsil etdiyi qurumun fəaliyyətindən söz açmışdır. Bildirmişdir ki, hazırda dünyanın 186 dövləti DƏMT-in üzvüdür. Qurumun müxtəlif ölkələrdə 350 müşahidəçisi vardır. Audiovizual İfa üzrə Pekin müqaviləsinin əhəmiyyətindən danışan S.Tlevlessova demişdir ki, hazırda bu sənədi 71 ölkə imzalamışdır. Altmış ölkənin imzaladığı Mərakeş müqaviləsi də müasir dövrdə ən humanitar konsepsiyadır.

Tədbirdə Mərkəzi və Şərqi Avropa Müəlliflik Hüququ Alyansının (CEECA) sədri Mihali Fiçerin "Rəqəmli mühitdə müəllif hüquqlarının təminatı", "İnternetdə kreativ məhsulların yayılması üçün inkişaf etdirilən lisenziyalaşdırma üsulları", "İnternet servis provayderlərinin vasitəçilik öhdəlikləri: kross-yurisdiksiya müqayisəsi" mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə müxtəlif sosial şəbəkələrdə müəlliflik hüquqlarının qorunması, internet təhlükəsizliyinin təmin edilməsi, provayderlərin vasitəçilik öhdəlikləri və digər məsələlərdən bəhs olunmuşdur.

Seminarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov "Əqli mülkiyyət hüquqlarının qorunması. İnternet təhlükəsizliyi", Beynəlxalq Ticarət Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Maksim Prokş "İnternetdə kreativ fəaliyyət nəticələrinin dövriyyəsinə yeni yanaşmalar" mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 21 fevral.- S.5.