Bəşəriyyətə qarşı amansız cinayət

 

Ümummilli liderin hakimiyyətə qayıdışından sonra

Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi

 

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Ovaxtkı dövlət başçısı Ayaz Mütəllibov və ölkə rəhbərliyini təmsil edən digər vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək XX əsrdə bəşəriyyəti dəhşətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. AXC-Müsavat iqtidarı dövründə də  insanlıq əleyhinə yönələn cinayətə lazımi siyasihüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.

Yaşanan bu mənzərə belə bir həqiqəti də aydın göstərdi ki, ölkədaxili hakimiyyət davası dövlət üçün nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tamoperativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.

Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla da ulu öndərin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli görüldü.

Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edirdi. Ulu öndər Heydər Əliyev həmin müraciətlərdə faciənin səbəblərinə, nəticələrinə də xüsusi toxunurdu. Belə müraciətlərinin birində ümummilli lider demişdi: "...1992-ci ilin o qanlı fevral gecəsində ən müasir texnika ilə silahlanmış Ermənistan hərbi birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan edərək yüzlərlə köməksiz, günahsız, dinc əhaliyə divan tutmuş, uşaqlara, qadınlara və qocalara belə aman verməmişlər. XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılılar hətta genosid günündə belə özlərini əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuşbu şəhərin ölməzlik tarixini yaratmışlar.

Xocalı faciəsinin baş verməsində Azərbaycanın ovaxtkı rəhbərliyi, hakimiyyət orqanları böyük məsuliyyət daşıyırlar. Uzun müddət mühasirə şəraitində, güclü düşmənlə üzbəüz, mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq, hər bir vətəndaşın müdafiəsini təmin etməyə borclu olan respublika rəhbərliyi o zaman tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik göstərmiş, əsas diqqəti hakimiyyət uğrunda mübarizəyə yönəltmişdir. Ən acınacaqlısı odur ki, sonralar da Xocalı hadisələrindən erməni terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olunmuşdur.

Xocalıda misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş dinc əhalinin qırğınının dünyanın hər hansı guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətləri, ümumiyyətlə Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü aparılmalıdır.

Heç şübhə yoxdur ki, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, xüsusilə son illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına, soydaşlarımızın, o cümlədən qəhrəman xocalılıların öz doğma yurdlarına qayıdacağına böyük ümid verir..."

Ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda dünya ictimaiyyətinə bəyan edilir ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.

 

 

 

(Ardı var)

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 21 fevral.- S.8.