Xocalı soyqırımı qurbanlarının xatirəsi Xarkov şəhərində anılmışdır

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) təşəbbüsü, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin dəstəyi ilə Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində növbəti tədbir Xarkov şəhərində keçirilmişdir.

Birlikdən AzərTAc-a verilən məlumata görə, Xarkov Vilayətində fəaliyyət göstərən bir sıra gənclər təşkilatları nümayəndələrinin və diaspor fəallarının iştirak etdikləri anım mərasimi Xocalı qurbanlarının xatirəsinin yad olunması ilə başlamışdır.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək 22 il bundan əvvəl ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqqında ətraflı məlumat vermişdir. Erməni silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları qəddarlıq baxımından bəşər tarixinin ən amansız salnaməsi kimi səciyyələndirən birliyin sədri  Xocalıda və Azərbaycanın digər bölgələrində şəhid olmuş qəhrəman oğul və qızlarımızın qanının yerdə qalmayacağını söyləmişdir.

Anar Tahirov demişdir: "Biz gənclər dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, Vətənimizin sıravi əsgərləriyik.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev nə vaxt əmr versə, əminəm ki, gənclərimiz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda sıx birlik nümayiş etdirəcəklər".

Sonra mərasim iştirakçıları Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış "Xocalı harayı" filminə baxmış, ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərlə tanış olmuşlar.

Xocalıda baş verənləri insanlığa qarşı bəşəri cinayət adlandıran Xarkov Milli Universitetinin müəllimi Lyudmila Qarnik ermənilərin zaman-zaman Azərbaycan torpaqlarına köçürülməsi siyasətindən danışmışdır. O, hazırkı Ermənistan dövlətinin Azərbaycanın tarixi ərazilərində yaradılmasını tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.

L.Qarnik demişdir: "Xocalı faciəsi  XX əsrin ən qanlı səhifəsidir. Mən bir tarixçi kimi onu deyə bilərəm ki, ermənilər Azərbaycan torpaqlarına sonradan gəliblər və əsrlər boyu Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasəti həyata keçiriblər. İnanıram ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xarkov Vilayət təşkilatının fəallarından İbrahim Əlizadə, Sevda Bayramova, İlqar Hüseynov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının sədr müavini Amil Abdullayev çıxış edərək 22 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatların hələ də Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndirmişlər.

 

Azərbaycan.-2014.- 21 fevral.- S.10.