Honduras Milli Konqresi Azərbaycan ərazisinin işğalını

 və Xocalı soyqırımını tanıyan qərar qəbul etmişdir

 

Honduras Milli Konqresi 2014-cü il yanvarın 17-də Azərbaycan ərazisinin işğalını və Xocalı soyqırımını tanıyan 333-2013 saylı qərar qəbul etmişdir.

Bu qərar konqresin prezidenti və katibləri tərəfindən təsdiq edilmişdir.

Qərar 2014-cü il yanvarın 24-də Honduras Respublikasının Prezidentixarici işlər naziri tərəfindən təsdiq edildikdən sonra fevralın 13-də ölkənin rəsmi mətbuat orqanı olan "The Gazette"də dərc edilərək qüvvəyə minmişqanun statusu almışdır.

Sənədin giriş hissəsində Ermənistanın müstəqilliyini bəyan etdikdən əvvəl və sonra Azərbaycanın ərazilərini ilhaq etmək yolu ilə öz ərazilərinin ekspansiyası siyasətinə başladığı bildirilir.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun işğalı məqsədilə döyüş əməliyyatlarını hərbi mərhələyə keçirərək ərazi ekspansiyası siyasətini intensivləşdirdiyi qeyd edilir.

Həmçinin 30 min insanın öldürüldüyü, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi hərbi əməliyyatlar zamanı Xocalıda azərbaycanlı əhaliyə qarsı soyqırımı aktı və insanlıq əleyhinə digər cinayətlərin törədildiyi vurğulanır.

Sənəddə Ermənistan hökuməti tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalı nəticəsində beynəlxalq hüququn təməl prinsiplərinin pozulması ilə yanası, azərbaycanlı əhalinin kütləvi səkildə məcburi köçkünə çevrilməsi diqqətə çatdırılır və bu cür hərəkətlərin beynəlxalq cinayət əməli olduğu bildirilərək beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

 Bununla yanaşı, bütün erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, münaqişənin hələ də davam etdiyi və Ermənistan hökumətinin BMT-nin tələblərinə etinasız olduğu bildirilir.

Qərarın birinci bəndində Ermənistan hökuməti təcavüzkar davranış, Azərbaycanın suveren ərazilərinin hərbi işğalı və mülki əhalisinə qarşı misilsiz cinayətlərə görə ciddi şəkildə ittiham edilir.

Sənədin ikinci bəndində Ermənistan tərəfinin hərəkətlərinə münasibətdə Azərbaycan dövləti və hökuməti ilə həmrəylik ifadə olunur.

Qərarın üçüncü bəndində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan qurumlar münaqişədən əvvəlki status-kvonun bərpa edilməsi məqsədilə Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı həlledici addımlar atmağa çağırılır.

Sənədin dördüncü bəndində Honduras hökuməti Azərbaycan dövlətinin ərazi bütövlüyünün, əhalisinin təhlükəsizliyinin, öz torpaqlarına qayıtmaq hüququnun bərpası naminə beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırılır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 fevral.- S.5.