Xocalı soyqırımına həsr olunmuş «Böyüməyən

 uşaqlar» kitabının təqdimatı keçirilmişdir

 

Fevralın 21-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin qərargahında Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu "Böyüməyən uşaqlar" kitabının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Şuşa Rayon İcra Hakimiyyətinin təmsilçiləri, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"  İctimai Birliyinin, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

İctimai Birliyin idarə heyətinin sədri Bayram Səfərov tədbirdə çıxış edərək Xocalı soyqırımının faciəli nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyindən danışmışdır. O bildirmişdir ki, belə kitabların nəşri ermənilər tərəfindən xalqımızın başına gətirilmiş müsibətlərin unudulmaması üçün çox əhəmiyyətlidir. Qeyd edilmişdir ki, kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş azərbaycanlı uşaqların yaşadıqları dəhşətlər onların öz dilləri ilə oxuculara çatdırılmışdır. B.Səfərov vurğulamışdır ki, bu gənclərə, hər bir döyüşçüyə, şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. O, xalqımızın başına gələn faciələrin unudulmaması üçün belə kitabların nəşrinin davamlı olmasını qeyd etmişdir. B.Səfərov Azərbaycan rəhbərliyinin Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərdən danışmış, bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət" kampaniyasının rolunu xüsusi vurğulamışdır.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva kitabın qeyri-adi formatda yazıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, kitabda faciə şahidlərinin yaşadığı həqiqətlər real əks olunmuşdur. Bu həqiqətlər erməni vandalların iyrənc simasını əks etdirir.

"Hər iki valideynini itirmiş bu uşaqlar heç vaxt böyüməyiblər. Çünki onların gözləri önündə valideynləri qətlə yetirilmişdir. Bu dəhşətli anlar onlar var olduqca gözləri önündə canlanacaqdır. Kitabda həyat həqiqətləri ilə yanaşı, xocalılıların yaşadığı dəhşətli anlar, qətllər, yüzlərlə ailənin bir gecədə məhv edilməsi barədə faktlar vardır", - deyə V.Fətəliyeva qeyd etmişdir.

Kitabın müəllifi Elşad Eyvazlı çıxış edərək bildirmişdir ki, "Böyüməyən uşaqlar" bədii təxəyyülün məhsulu deyildir. Kitab müxtəlif dillərə də tərcümə olunacaqdünya ictimaiyyətinin diqqətinə çatdırılacaqdır.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Vahid Əhmədov, İmamverdi İsmayılov, Flora Qasımova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı qətliamı barədə danışmışlar. Bildirilmişdir ki, Azərbaycan dövləti Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü təbliğat işləri aparır.

Tədbirdə həmçinin Xocalı qətliamının canlı şahidləri olan gənclər də çıxış etmiş, bu dəhşətli faciədə ermənilər tərəfindən törədilmiş vəhşiliklər barədə danışmışlar.

Kitabda Xocalı soyqırımının nəinki Azərbaycan xalqına, həm də bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu əks etdirən, o cümlədən fransız fotoqrafı Frederik Lengeynin çəkdiyi fotoşəkillər yer almışdır.

 

Azərbaycan.-2014.- 22 fevral.- S.5.