Avropa Azərbaycanlıları Konqresi Avropa

Parlamentinə bəyanat ünvanlamışdır

 

Avropa Azərbaycanlıları Konqresi (AAK) "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımının cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair Avropa Parlamentinin  Xarici siyasət komitəsinin sədri Elmar Brokİnsan hüquqları komitəsinin üzvü Elizabet Yeqqleyə  bəyanat və sorğu ilə müraciət etmişdir.

Eyni zamanda, AAK-ın Avropa Parlamentinin 300-ə qədər üzvünə ünvanlanmış müraciətində Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi, 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirdiyi soyqırımı aktının müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi xahiş edilmişdir. Müraciətdə, həmçinin Xocalı soyqırımının beynəlxalq ekspertlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həlli yolundasülhün əldə edilməsində cəhd göstərmələri istənilmişdir. Daha sonra müraciətdə bildirilir ki, sülh Cənubi Qafqazda ortaq coğrafi mövqeyə və çoxəsrlik mədəni irsə malik xalqların birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir.

Müraciətin sonunda AAK münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və qətnamələrə istinad edərək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə Bəyanatın Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyinə və bu yolda yeni səylər göstəriləcəyinə ümidvar olduğunu vurğulamışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 23 fevral.- S.1.