Azərbaycanın Misirdəki diaspor təşkilatı
Xocalı
soyqırımı ilə bağlı bəyanat
yaymışdır
Azərbaycanın Misirdəki diaspor təşkilatı ərəb ölkələrində, xüsusən də Misir Ərəb Respublikasında fəaliyyət göstərən qurumlara, səfirliklərə, konsulluqlara və dövlət orqanlarına Xocalı soyqırımı ilə bağlı bəyanat göndərmişdir.
Bu barədə AzərTAc-a Azərbaycanın Misirdəki diaspor təşkilatından məlumat verilmişdir. Məlumatda bildirilir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyəti ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan faciələrdən biri olduğu qeyd edilir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, evlər və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.
Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetirmişlər. Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, birmənalı olaraq, soyqırımı faktıdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.
Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilmişdir. Həmin konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz soyqırımıdır və həmin vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən konvensiyada təsbit olunmuş soyqırımı cinayətinin əsasını təşkil edən bütün əməllər tətbiq olunmuşdur.
İşğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞ PA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 2009-cu il tarixli 1690 saylı tövsiyəsi bir daha sübut edir. Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülməmiş, məhz beynəlxalq qətnamələrə əhəmiyyət verməyən Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə hələ də həll olunmamışdır. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır.
ABŞ-ın
Vest Virciniya ştatının qanunverici orqanının
Nümayəndələr Palatasında Xocalı
soyqırımı ilə bağlı qətnamə qəbul
edilmişdir. Qətnamədə Xocalıda
törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın
Dağlıq Qarabağ regionunda
erməni hərbi qüvvələri tərəfindən həyata
keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici
orqanlarında da müvafiq
qətnamələr qəbul olunmuş,
Xocalıda qırğın törədənlərin məsuliyyətə
cəlb olunması tələb edilmişdir.
Artıq Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya
və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri
də Xocalı soyqırımını tanımışlar. İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) Gənclər Forumunun
dünyanın 40-dan çox ölkəsində
həyata keçirdiyi "Xocalıya ədalət!"
kampaniyasının məramı da
beynəlxalq ictimaiyyəti bu qanlı hadisə
ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət
verilməməsi, terror əməllərinə
qarşı qəti tədbirlər görülməməsi qəzəb
və təəssüf hissi doğurur. Beynəlxalq təşkilatlar
ikili standartlara yol vermədən, beynəlxalq hüquq
norma və prinsiplərinə uyğun olaraq, bu münaqişənin həllinə yönəlmiş
səylərini daha da
artırmalı, bu hadisə səlahiyyətli
beynəlxalq qurumlar tərəfindən
soyqırımı aktı kimi
tanınmalı, cinayət törədənlərə
qarşı sanksiyalar tətbiq edilməlidir.
Bir daha bəyan edirik ki, Xocalı faciəsi
beynəlxalq hüquq normalarına əsasən
soyqırımıdır. Ermənistan
münaqişə ilə bağlı qəbul edilmiş
beynəlxalq sənədlərin müddəalarını
yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı
əsir və girovlar azad
edilməli, qaçqın və məcburi köçkünlərin
pozulmuş hüquqları bərpa
olunmalı, onlar öz
doğma yurdlarına
qayıtmalıdır.
Azərbaycan.-2014.- 23 fevral.- S.1;2.