Rabitə və informasiya texnologiyaları

 naziri Neftçalada vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, fevralın 22-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Neftçalada Salyan, Biləsuvar,  Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Müraciət və təkliflər əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayım xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin bir qismi yerindəcə həllini tapmışdır.

Nazirliyin idarə rəislərinin, tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri görüşdə nazir Əli Abbasov yerlərdəki təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə göstəriş vermişdir.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 23 fevral.- S.2.