Sənaye ilinə dair ilk elmi əsər

 

"Ölkəmizin qarşısında duran başlıca vəzifə - iqtisadiyyatın bundan sonra da sürətli inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin modernləşdirilməsidir."

 

 

 

İlham ƏLİYEV

 

 

Azərbaycan XX əsrin ikinci yarısından başlayaraq kənd təsərrüfatı ölkəsindən aqrar-sənaye dövlətinə çevrildi və XXI əsrdə neft bumunun təsiri altında yeni sənayeləşmə mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan yeni sənayeləşmə prosesi öz bəhrəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ili "sənaye ili" elan etməsi sənayenin resurslara deyil, səmərəliliyə əsaslanan inkişaf xəttinin seçilməsinin göstəricisidir. Azərbaycan iqtisadiyyattının modernizasiyası sənayeləşmə və elektronlaşmanın üzərində dayanıb. İqtisadi modernizasiya düşüncə və davranış tərzi, institusional mühit və texnoloji səviyyənin təkmilləşmə prosesidir. Son 300 il ərzində iqtisadi modernizasiya daim sənaye inqilabları ilə sıx dialektik vəhdətdə olmuşdur.

Müasir siyasi, elmi və gündəlik həyatda "modernizasiya" anlayışından çox geniş istifadə edilir. "Modernizasiya" hərfi mənada müasir tələblərə cavab verən dəyişiklik, təkmilləşdirilmə deməkdir. İqtisadi modernizasiya ilk növbədə, mütərəqqi dünya təcrübəsinə əsaslanaraq ölkədə iqtisadi və texnoloji geriliyin aradan qaldırılması istiqamətində tədbirləri özündə əks etdirir. Ədəbiyyatlarda, kütləvi informasiya vasitələrində modernizasiyanın siyasi, sosial, dini, iqtisadi, texnoloji, inzibati və digər növlərini ayırırlar. Modernizasiyanın əsas ümumi məqsədi isə müasir cəmiyyətin qurulmasıdır.

İqtisadi modernləşdirmə əmək bölgüsünün dərinləşməsi, istehsalın maddi-texniki bazasının müasirləşdirilməsi, elmi-texniki tərəqqinin məhsuldar qüvvəyə çevrilməsi və istehsalın idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsi sayəsində təkrar istehsal prosesinin intensivləşdirilməsini nəzərdə tutur.

İqtisadiyyatın modernizasiyası, onun məqsəd və vəzifələrinin səmərəli həyata keçirilməsi üçün ölkədə dövlət başçısının 2012-ci il 29 dekabr tarixli fərmanı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyada ixracyönümlü iqtisadi model əsas götürülmüş, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neftixracının artımı və s. nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi imkanlarının formalaşdırılmasını prioritet olaraq müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsal Qasımlı tərəfindən hazırlanmış "İqtisadi modernizasiya" kitabı modernizasiya prosesinə dair yuxarıda qeyd etdiyimiz cəhətləri özündə əks etdirir. Bu kitabda, Azərbaycanda iqtisadi konyuktura, ölkə iqtisadiyyatının beynəlxalq müstəvidə rolu, ölkənin gələcək inkişaf perspektivləri, yeni sənaye inqilabı məsələləri, modernləşdirmənin nəzəri-metodoloji əsasları, xüsusilə də, aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin təkamülü, Azərbaycanda aqrar sahənin modernləşdirilməsi xüsusiyyətləri öyrənilmiş, istehsalın modernləşdirilməsində əmək qüvvəsinin və aqrar sahədə modernləşdirmənin davamlı iqtisadi inkişafda rolu, bu sahədə modernləşdirmə siyasətinin təkmilləşdirilməsi tədqiq olunmuşdur. "İqtisadi modernizasiya" kitabı sənaye ilində bu sahədə ilk fundamental tədqiqat işi oldu.

Monoqrafiyanın unikallığı ondadır ki, əsər iqtisadiyyatın mikro, makro, mezo və qlobal səviyyələrində modernizasiyanı axıcı ardıcıllıqla əhatə edir və sənaye-aqrar-xidmət üçbucağını induksiya-deduksiya metodu ilə araşdırır. Müəllifin arsenalında olan güclü ekonometrik "silah" hətta ən dolaşıq iqtisadi düyünləri sadə dillə açır və çıxış yollarını göstərir. Riyazi məntiqin və iqtisadi fəlsəfənin qovuşmasında V.Qasımlı Azərbaycan iqtisad elmində yenilik sayılacaq yanaşma tərzini bu kitabda ortaya qoymuşdur. Amma güclü nəzəri hazırlıq heç də V.Qasımlını praktik təkliflər verməkdən məhrum etməmişdir. Əksinə, müəllif bacarıqlı alim kimi nəzəri ümumiləşdirmələri çox asanlıqla praktik təcrübə müstəvisinə proyeksiya edə bilmiş və kitabın yetkin bir elmi əsər olmasını təmin etmişdir. V.Qasımlı sənayeləşməni klassik anlamında deyil, məhz "yeni sənaye inqilabı" kontekstində təqdim etməklə Azərbaycanın iqtisadi inkişaf strategiyası üçün elmi novatorluğa imza atmışdır. Aqrobiznesin və xidmət sektorunun yeni sənaye inqilabı dalğasında keyfiyyət dəyişikliyinə qədəm qoyması ilə iqtisadi münasibətlərin daha da inkişafı təhlil edilmişdir. V.Qasımlı modernizasiyadan, iqtisadi nəzəriyyənin öhdəsindən gələ bilmədiyi bir suala cavab tapmaqda vasitə kimi istifadə etmişdir. Başda ABŞ olmaqla inkişaf etmiş dünya ölkələrinin fiskal və monetar genişlənmə (QE) hesabına təmin etdikləri hazırkı iqtisadi inkişaf çox kövrəkdir. V.Qasımlı modernizasiyanı postböhran dövründə (məsələn, ABŞ Federal Ehtiyat Sistemi QE siyasətindən əl çəkəndən sonra) iqtisadi inkişafın əsas vasitəsi olaraq təklif edir ki, bu da monetar və fiskal alətlərin təsir gücü zəifləyəndə daha aktual olacaqdır.

V.Qasımlının "İqtisadi modernizasiya" kitabı bundan bir il əvvəl müəllifin Almaniyada ingilis dilində nəşr edilən "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" adlanan monoqrafiyasının elmi varisidir. "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" adlanan monoqrafiyada müəllif Azərbaycan təcrübəsindən çıxış edərək resursla zəngin ölkələrin innovasiyaya əsaslanan və ixracyönümlü inkişafını təhlil edir. Nəşrdə Azərbaycanın yoxsulluq və orta gəlir tələsindən yan keçərək iqtisadi inkişafı ölkə Prezidenti İlham Əliyevin sistemli iqtisadi siyasətinin uğuru kimi qiymətləndirilir. Xüsusilə, diversifikasiya çağırışlarını təhlil edən V.Qasımlı institutsional, ixrac, regional, məhsul və xidmət istehsalı üzrə şaxələndirmə siyasəti sahəsində nəzəri-praktik təkliflərini verir. Azərbaycan və Cənubi Koreyanın iqtisadi inkişaf yollarının müqayisəli təhlilini verən kitab təkcə Azərbaycan deyil, Çili, Malayziya, Hindistan və başqa sürətlə inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətinə töhfə ola bilər.

Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini - 30,5 faizi - təxminən iki dəfəyə yaxın üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına əsasən, Azərbaycan Avropada sənayenin ÜDM-dəki payına görə 2010-cu ildə 1-ci yerdə olub. Həmin ili Azərbaycanda sənayenin ÜDM-dəki xüsusi çəkisi 55,4 faiz olub ki, bu da ən yaxın avropalı rəqib Norveçin eyni göstəricisindən - 35,1 faizdən 20,3 punkt yüksəkdir. Azərbaycanın MDB-dəki ənənəvi rəqibləri Qazaxıstan və Rusiya da iqtisadiyyatın sənayeləşmə səviyyəsinə görə müvafiq olaraq 34 faiz və 28,2 faizlik göstəricilərlə ölkəmizdən xeyli geridə qalırlar. Monoqrafiyada qeyd olunur ki, Azərbaycanda kimya, əczaçılıq, rezin və plastmas məmulatları, neft məhsulları, tikinti materialları, metallurgiya, hazır metal məmulatları, kompyuter və digər elektron avadanlıqlar, elektrik avadanlıqları, maşın və avadanlıqların istehsalı, elektrik enerjisi (o cümlədən alternativ mənbələr hesabına), qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı, həmçinin kosmik sənaye kimi sahələrin inkişaf potensialı var.

V.Qasımlı monoqrafiyada bildirir ki, Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoymuşdur. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, həmçinin iqtisadiyyatın rəqabət qabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün münasib institutsional mühit və makroiqtisadi şərait, habelə dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir. Məhz sənayeləşmə magistral xətti Azərbaycan iqtisadiyyatının digər sektorlarının - kənd təsərrüfatı və xidmət seqmentinin gələcək inkişaf trayektoriyasının formalaşmasına əhəmiyyətli təsir göstərəcək. Azərbaycan inkişaf etmiş sənaye dövlətlərinə xas iqtisadi struktura doğru istiqamət alıb.

V.Qasımlının yazı texnikası və Azərbaycan dilinin incəliklərindən istifadə etmək bacarığı imkan vermişdir ki, müəllif ən qəliz iqtisadi paradiqmaları və ekonometrik hesablamaların nəticələrini geniş oxucu kütləsinin başa düşəcəyi səviyyədə çatdıra bilsin.

Azərbaycanın iqtisadçı alimi kimi V.Qasımlının dünya çapında müzakirələrə qoşulması, nüfuzlu xarici universitetlərdə mühazirələr oxuması və əsərlərinin mötəbər mənbələrdə nəşr edilməsi yeni bir iqtisadçı nəslinin yetişməsini göstərir. Əslində, bu da modernizasiyanın bir təzahürüdür. Möhtərəm Prezident İlham Əliyevin apardığı modernizasiya siyasəti - xüsusilə də, "qara qızılın" insan kapitalına çevrilməsi" ideyası öz bəhrəsini verir: bütün sahələrdə olduğu kimi, Azərbaycanın iqtisad elmində də dünya səviyyəsində rəqabət apara bilən yeni nəsil formalaşır. İrihəcmli "İqtisadi modernizasiya" əsəri ilə V.Qasımlı bir daha sübut etmişdir ki, o, məhz qeyd olunan yeni nəsil iqtisadiyyat məktəbinin nümayəndəsidir.

V.Qasımlının yeni elmi əsəri Azərbaycanda sənayeləşmə və elektronlaşma siyasətinə öz töhfəsini verəcəkdir. Kitab iqtisadi modernizasiya siyasətini yürüdən qərar qəbul edən şəxslər, ali məktəb müəllimləri, doktorantlar, tələbələr və iqtisadi mövzularda maraqlı olan geniş oxucu kütləsi üçün zəruri bir bilik mənbəyidir.

 

 

 

Vilayət VƏLİYEV,

İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi

İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru,

 iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 23 fevral.- S.8.