Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcək

 

Hədəfdə isə 2024-cü il Yay Olimpiya Oyunlarıdır

 

 

Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilmişdir. Bu onu göstərir ki, ölkəmiz olimpiya oyunları kimi mötəbər idman tədbirinə yüksək səviyyədə ev sahibliyi edə bilər.

Azərbaycanda müasir idman infrastrukturunun yaradılması və onun çoxsaylı tədbirlərinə ev sahibliyi etməklə yanaşı, 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. Odur ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.

 

 

 

Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək ölkəmizin yüksək nüfuzundan irəli gəlir

 

 

 

Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

"Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropadünya çempionatlarında, "Eurovision-2012" mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyikbütün gücümüzlə çalışacağıq ki, göstərdiyiniz etimadı doğruldaq". Bu sözləri I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva komitənin ötən ilin fevralında keçirilən ilk iclasında söyləyib.

2012-ci ildə Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkili bütün Avropada etiraf olundu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində hazırlıq işləri bir ildən də az vaxt ərzində həyata keçirildi, mahnı yarışması ən yüksək səviyyədə təşkil edildi. Yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanmışdı və həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə aparıldı. Avropa Yayımları Birliyinin mütəxəssisləri də görülən işləri yüksək qiymətləndirdilər. Mahnı yarışmasının yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə təkan verdi. Azərbaycan 2012-ci ildə bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməklə bütün Avropaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi oldu.

İndi isə qarşıdan I Avropa Oyunları gəlir. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkli üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda başa çatdıracaq. Çünki 2013-cü ildə bu işlərin böyük bir hissəsi yerinə yetirilib.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması Azərbaycan üçün böyük önəm daşıyır. Əlbəttə, hazırkı mərhələdə qarşıda duran ən vacib vəzifə hazırlıq işlərinin vaxtında başa çatdırılması və yarışların ən yüksək səviyyədə keçirilməsidir. I Avropa Oyunları Azərbaycanın gələcəkdə də mötəbər və daha böyük idman yarışlarına ev sahibliyi etmək imkanlarını yüksəldəcək. Belə ki, Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası, Azərbaycanın Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şansları yüksələcək. Məlum olduğu kimi, Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün iki dəfə Bakının namizədliyi irəli sürülüb. Bu mənada I Avropa Oyunlarının Azərbaycana həvalə olunması gələcəkdə Yay Olimpiya Oyunlarının da Bakıda təşkili üçün gözəl zəmin yaradır. Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatlığı ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair idi. I Avropa Oyunlarından, o cümlədən Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsindən sonra narahatlıq tamamilə aradan qalxacaq və hər iki mötəbər idman tədbiri 2024-cü ildə Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə ölkəmizin verdiyi sifarişin qalib gəlməsi üçün tramplin olacaq. Bu oyunlar Azərbaycana zəngin təcrübə qazandıracaq. Nəticədə Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsi üçün əminliklə sifariş verəcək.

Yay Olimpiya Oyunları üçün 6-7 il vaxt verilsə də, Azərbaycanın Avropa oyunlarına hazırlıq üçün cəmi iki il vaxtı vardı. Bundan başqa, Yay Olimpiya Oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yoxdur. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın  üzərinə düşür. Beləliklə, Avropa Oyunlarının keçirilməsi ilə bağlı standartları Azərbaycan ortaya qoyacaq. Əminlik var ki, növbəti belə yarışlarda  Azərbaycanın nümunəsi əsas götürüləcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 25 fevral.- S.1.