«Uşaqlar müharibənin günahsız qurbanlarıdır»

kitabının təqdimatı olumuşdur

 

Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən hazırlanmış "Uşaqlar müharibənin günahsız qurbanlarıdır" adlı kitabın təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsini ziyarət etmişlər.

Təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin, erməni vəhşiliyinin, işğal zamanı şəhid olmuş uşaqlar haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində kitabın əhəmiyyətini vurğulamışdır.

Qeyd olunmuşdur ki, kitabın hazırlanmasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, eləcə də işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələrinin böyük dəstəyi olmuşdur.

H.Hüseynova bildirmişdir ki, Xocalı soyqırımı Azərbaycanın yeni tarixində dərin iz buraxmışdır. Bu faciə ermənilərin xalqımıza qarşı zaman-zaman apardıqları təcavüzkar siyasətin qanlı səhifəsidir.

Komitə sədri qeyd etmişdir ki, 1994-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin elan olunmasına baxmayaraq, azərbaycanlıların, o cümlədən dinc insanların, uşaqların, hələ də ermənilər tərəfindən qətlə yetirilməsi, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarından didərgin düşmələri bütün dünyaya Ermənistanın terrorçu dövlət olduğunu bir daha sübut etmişdir.

Bildirilmişdir ki, məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərin həyat şəraiti gündən-günə yaxşılaşır.

H.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü mühüm işləri, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir necə ildir ki, davam edən "Xocalıya ədalət!" kampaniyasını xüsusi qeyd etmişdir.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov komitə tərəfindən hazırlanmış "Uşaqlar müharibənin günahsız qurbanlarıdır" kitabının xüsusi əhəmiyyətini vurğulamışdır.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədr müavini Eldar Səmədov və digər çıxış edənlər də kitabın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına mühüm töhfə olduğunu bildirmişlər.

Sonra Xocalıda həlak olmuş uşaqların faciəsini əks etdirən film göstərilmişdir.

 

Azərbaycan.-2014.- 25 fevral.- S.5.