İşgəncəyə dözməkdənsə ölməyi arzulayırdım

Ailəliklə erməni əsirliyində olan Yaşar Əliməmmədovun

yaşadığı faciə Xocalı soyqırımının qanlı nümunələrindəndir

 

20 Yanvar 1990-cı və 26 fevral 1992-ci il - təqvimimizə qara hərflərlə yazılan tarixi günlər. 20 Yanvarda gülələnən qan yaddaşımız, 2 il sonra fevralın 26-da hələ tamam sağalmayan yaralarıyla birlikdə daha dərin dağlandı. 1988-ci ilin fevral ayında başlanan Dağlıq Qarabağ münaqişəsi 4 il sonra fevral ayında Xocalı soyqırımının baş verməsinə səbəb oldu. Azərbaycanın qədim eli yerlə yeksan edildi. Yenicə şəhər statusu almış bu yaşayış məntəqəsində körpələr amansızcasına qətlə yetirildi, analar vəhşi erməniyə əsir düşməmək üçün uşaqlarını öz əlləriylə boğdular, doğmalarının yaralı vücudunu əlacsızlıqdan meşələrdə qoydular. O dəhşət gecəsi sinəmizə çəkilən körpə dağı, ana-ata, bacı, qardaş dağıdır! Viran qalmış yurd dağıdır! Bağrımızda illərdir qövr eyləyən yaradır!

Bu soyqırımı zamanı əsir düşmüş insanların başına gətirilən müsibətlər, onlara verilən işgəncələr erməni vandalizmini bir daha dünyaya nümayiş etdirmiş oldu. Çünki əsirlikdə qalan xocalıların söylədikləri dəhşətli faktları eşitdikcə damarda qan donur.

 

 

Xocalı yiyəsiz qalmışdı

 

 

Keçən il Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində, qəzetimizin 24 fevral nömrəsində "Biz Xocalıya qayıdacağıq" sərhövhəli yazı dərc edilmişdi. Həmin yazı 6 yaşındaykən bu soyqırımın şahidi və erməni əsirliyində olan Əliməmmədov Sirac Yaşar oğlunun ürək ağrıdan həyat hekayəsi idi. Yazıda 6 yaşlı uşağın gördüyü dəhşətli günlərdən, gözü önündə atasına verilən işgəncələrdən bəhs edilirdi. Sirac deyirdi ki, ermənilər atasını tanıdıqları üçün ona daha çox işgəncə verirdilər. Atası isə onlara heç bir cavab vermirdi.

Faciənin 22-ci ildönümü ərəfəsində 5 gün əsirlikdə qalmış, o ağır işgəncələrə dözərək 6 yaşlı Siracın sağ qalması üçün ölümünə belə razı olan Yaşar Əliməmmədov bu gün ömrünün 58-ci qışını yaşayır. 22 il öncə yaşadığı bu ağırlı-acılı günlərini bizimlə yenidən bölüşən Yaşar müəllim başına gələnləri, gördüyü dəhşətli səhnələri, qız-gəlinlərə, yeniyetmələrə, qocalara verilən işgəncələri danışdıqca sanki, yarasının qaysağını qoparırdı. Kövrəlirdi, əsəbiləşirdi, hərdən nəfəsi daralırdı. Onu dinləyib, söylədiklərini ağ vərəqə yazmaq da asan deyildi. Erməni xisləti, erməni vandalizminin qurbanı olmuş şəxsin söylədiyi həqiqətlər tükürpədici idi.

Öncə qeyd edək ki, Yaşar Şahmalı oğlu Əliməmmədov 1956-cı il noyabrın 5-də Xocalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1976-1979-cu illərdə Gəncə İnşaat Texnikumunda təhsil alıb. 1982-1987-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətinin Texnki Universitetində mülki sənaye tikintiləri ixtisası üzrə qiyabi təhsil alıb. Xocalının işğalı zamanı rayonun "Aqroprom" İstehsalat Birliyində tikinti üzrə baş mühəndis imiş. Atası Şahmalı kişi isə 50 il Xocalıda müəllim işləyib.

- Əsgəranda baş verən hadisələrdən sonra hiss edirdik ki, növbəti hədəf Xocalıdır. Biz də postlar qurmuşduq. Ən böyük silahımız avtomat idi. Milli Qəhrəman Aqil Quliyevin dəstəsindən başqa bizə kömək edən yox idi. Yalnız mülki əhali şəhəri qoruyurdu. Ailələrimizi qohumlarımızgilə aparmaqdan artıq utanırdıq. 3 dəfə ailəmi Ağcəbədiyə, 1 dəfə Yevlaxa aparmışdım. Sonradan heç bir yerə aparmadım. Çünki Xocalı yenicə şəhər statusu almışdı və inanmırdıq ki, ora hücum edərlər. Deyirdik ki, Azərbaycan rəhbərliyi Xocalıya diqqət ayırıb şəhər statusu verirsə, deməli, bizi diqqətdə saxlayırlar. Sən demə, biz yiyəsizimişik.

Fevralın 25-i günü tankların, zirehli texnikanın səsi eşidilirdi. Axşam idi. Saat 22:00 radələrində həm aereport, həm də alma bağı deyilən ərazidən hücum başladı. Biz üç qardaş idik Xocalıda. Hər üçümüz növbə ilə postlarda dayanırdıq. Hücum başlayanda mən fermaya yaxın dəmir yolu ərazisində 1-ci postda idim. Şəhəri zirehli texnika ilə atəşə tutdular. Aeroportu yandırdılar və şəhər yuxarıdan-aşağıya yana-yana gəlirdi. Yanğın başlayanda əhali qaçmağa başladı. Piyada erməni dəstələri şəhərə irəliləməyə başladı. Başqa çıxış yolu yox idi, hər tərəfdən güllə yağışı gəlirdi. Postdan tez evə yollandım. Gecədən xeyli keçmiş evdən çıxdıq.

 

 

Ailəmiz itkin düşdü

 

İnsanların yarısı meşəyə, yarısı isə Qarqar çayının sahili boyu qaçırdılar. Mən atamı çaydan keçirdim, amma o dedi ki, getmirəm. Çünki qardaşın Namiq yox idi. Namiq başqa postda idi. Xeyli gözlədik Namiq gəlib çıxmadı. Bir az keçmiş bacımın həyat yoldaşı gəldi və dedi ki, camaat gəlir. Atam da bacımgili gözlədi. Qərara gəldik ki, böyük kütlə ilə yox, bölüşüb gedək. Gölün bir tərəfi ilə mən ailəmlə bərabər və bir neçə nəfər, o biri tərəfi ilə isə atamgil getdilər. Gölün başında birləşməli idik. Birləşəndə gördüm ki, atam yoxdur. Dedilər ki, atan bacını, qardaşını gözlədiyi üçün bizimlə gəlmədi. Hava soyuq, qar isə dizdən idi.

Təxminən 60-70 nəfər qarın içərisində meşə boyu yuxarı irəlilədik. Xeyli qalxdıq və birdən ermənilərlə rastlaşdıq. Atəş açmağa başladılar, bir neçə nəfər həlak oldu, yaralandı və qalanları meşəyə səpələndi. Oğlum Sirac başqa tərəfə, mən başqa tərəfə yuvarlandıq. Mən, sinif yoldaşım Xuraman (iki uşağı ilə) və qardaşı Rövşən bir yerə düşdük. Kol-kosun yanında qarda gizləndik. Bir az keçdi atəş dayandı. Qalxdım ayağa bir az qabağa getdim ki, ailəmi tapım. Sirac qardaşım Faiqlə idi. Gördüm ki, qarda ləpirlər var amma insanların səsi gəlmir. Çağırdım heç kim hay vermədi. Bərk qışqırdım. Onda atəş açmağa başladılar. Bu zaman mən və yanımdakılar üzü aşağı yuvarlanmağa başladıq. Xeyli geri düşməli olduq. Yenə ölənlər, yaralananlar oldu. Mən dözə bilmədim. Tək bir balam üçün onlardan ayrılıb yenə üzüyuxarı irəlilədim. Dedim ki, heç olmasa 6 yaşlı balamın meyitini də olsa götürüm. Sağ qalsam bu əzabla yaşaya bilmərəm.

 

 

Həyat yoldaşım qarın içi ilə ayaqyalın 4-5 kilometr yolu dalımca gəlib məni tapdı

 

 

Qalxdım üzü yuxarı, gördüm iki ayaq izi var. Sağ və sol tərəfə gedən olub. Sağ tərəflə xeyli getdim. Bu istiqamətdə ayaqyalın gedən insanların da olduğunu hiss etdim. Qan izləri çox idi. Xeyli getdim, birdən qulağıma səs gəldi. Yaxınlaşdım ki, 3 nəfər xocalı sakinidir. Birlikdə meşədən çıxdıq. Qarşımızda kənd var idi. Bir qadın bizi gördü erməni dilində "türklər-türklər" deyə qışqırmağa başladı. Biz geri qayıtdıq, arxamızca atəş açdılar. Qar dizdən yuxarı qalxmışdı və bu vəziyyətdə biz gecə 5 kilometrə yaxın yolu qət etdik.

Azmışdıq, yolu da tanımırdıq. Acından qar yeyirdik. Birdən arxamızdan səs gəldi, dayandıq. Gördük ki, gələn mənim həyat yoldaşımdı. Soruşdum ki, Sirac hanı? Dedi ki, ermənilər atəş açanda Sirac əmisi Faiqin qucağında idi. Hərə bir tərəfə düşdü. Mən də sən düşən istiqamətə tərəf gəldim. Axtardım tapmadım. Bir az gözlədim sonra ayaq izləri ilə bu istiqamətə doğru gəlməyə başladım. Yoldaşımın ayağında ayaqqabı da yox idi. Qarın içi ilə bu qədər yol gəlmişdi. Jiletimi çıxarıb bıçaqla kəsib ayaqlarına doladım.

Yolumuza davam etdik. Gəlib bir təpənin yanında oturduq. Səhərə qədər ayağımızı yerə döydük ki, donmayaq. Səhər açıldı. Baxdıq ki, aşağı istiqamətdə gedənlər olub və biz də üzüaşağı düşməyə başladıq. Bir az getmşdik ki, gördüm bir təpənin arxasında 2 nəfər dayanıb. Biri bizi görən kimi gizləndi. O biri isə qayıtdı ki, gəlin bura, Ağdama yol bu istiqamətdədir. Dedim ki, onlar ermənilərdi, getməyək. Kamil isə mənim fikrimə zidd olaraq bizimkilərin olduğunu iddia etdi. Bir az irəliləmişdik ki, hər tərəfdən ermənilərin gəldiyini gördük.

Yenə özümüzü verdik meşəyə. Nə qədər qaçdıqsa xeyri olmadı. Çünki meşəyə ağ paltarlı desant dəstəsi gətirmişdilər. Bizi onlar tutdular. Gözlərimizi bağlayıb kəndin içi ilə xeyli apardılar. Bir erməni arvadı ağlaya-ağlaya gətirib bizə çörək vermək istədi. Amma onu necə vurdularsa, yıxıldı və yerindən qalxa bilmədi. Çörəyi də təpiklədilər.

 

 

Döyülməkdən huşumuzu itirdik

 

Bizi gətirib fermada tövləyə saldılar. Gördüm ki, atam, qayınatam, qardaşlarım Faiq, Namiq oğlum Sirac da burdadır. Onları bizdən qabaq tutublar. Xeyli insan var idi. Paltarlarımızı soyundurub yoxladılar. Sonra dəstə-dəstə erməni əsgərləri gəlib bizə işgəncə verməyə başladılar. Müsibət idi. Gözümün önündə insanlar öldürülür, başının dərisi soyulur, yandırılırdı. Əllərimiz bağlı köməksiz halda bu səhnələri görmək dəhşət idi. Onu da deyim ki, ayaqları don vurmuş, ölümcül halda olan qadınları yığdılar bir maşına ki, aparın bunları dəyişin. Onların içərisində mənim də həyat yoldaşım var idi. Oğlum Siracı da anası ilə göndərmək istədilər, amma uşaq ata-ata deyərək o qədər ağladı ki, axırda məcbur qalıb mənə verdilər. Anası ilə getmədi.

Orada mənə çox əzab verdilər. Avtomatın qundağı, dubinka, dəmir parçası ilə elə vururdular ki, huşumuzu itirirdik. Hər dəfə mənə işgəncə verəndə oğlum qaçıb ağlaya-ağlaya üstümə uzanırdı ki, atama dəyməyin, vurmayın. Heç veclərinə də almırdılar. Burnumu vurub qırdılar, qolumu yandırdılar, barmaqlarımı sındırdılar. Ayaqlarımızı isə don vurmuşdu. Avtomatı tuşlayıb 4 saat 1 ayaq üstə saxlayırdılar. Başımdan yerə basıb deyirdilər ki, torpaq istəyirdin bu da torpaq, indi ye torpağı. Qardaşım Namiq rus dilini bildiyi üçün Əsgəran rayonunun katibi Saşa Fomin onu özünə sürücü götürmüşdü. Ermənilər onu yaxşı tanıyırdılar. Buna görə də gəlib onu fermadan apardılar. İndiyədək ondan heç bir xəbər yoxdur. Gözümün önündə 2 ekiz mesxeti türkü qardaşlarını öldürdülər.

İki gün orada qaldıq. Siracı əlimdən almaq istəyirdilər. Mən isə onu bərk-bərk qucaqlayıb vermək istəmirdim. O qədər vurdular ki, axırda halım qalmadı və məcbur olub uşağı buraxdım. Bir nəfər Siraca baxıb ermənicə dedi: Nə yaxşı uşaqdır bu. Yaxşısı budur bunu Yeravana yollayaq. Onlar bilmirdilər ki, mən ermənicə bilirəm. Uşağı ağlada-ağlada apardılar. Durub arxasınca getmək istədim. Arxadan necə vurdularsa, yerə yıxıldım və çarəsiz halda ağlamağa başladım.

Bu halda Samvel adlı erməni içəri girdi. Bu erməni Əsgəranda yaşayırdı. Maşın ustası idi. Mən maşınımı həmişə ona düzətdirirdim. Məni gördü və yaxınlaşdı. Dedi qorxma səni burdan çıxardacam. Siracı da gətirib sənə verəcəm. Üz-gözümə baxıb ağladı və bayıra çıxdı. Bir qədər keçməmiş Siracı qucağında gətirdi. Oğlumun sanki bağrı çatlayırdı və mən də özümü saxlaya bilmirdim. Onu bağrıma basıb hönkür-hönkür ağlayırdım. Çarəsiz bir atanın düşdüyü vəziyyət çox dəhşətli səhnə yaratmışdı. Bir neçə saatdan sonra Samvel gəldi və dedi ki, uşağı da götür gəl, sizi aparıram dəyişməyə. Dedim axı qardaşlarım, qohumlarım burdadır. Dedi ki, mən səni apara bilərəm, vəssalam. Bizi UAZ markalı maşina mindirdilər. İçəridə çoxsaylı qadın, uşaqlar var idi.

 

 

İşgəncə ilə oğlumun gözü önündə öldürmək istəyirdilər

 

 

Samvel bizi Əsgəran istiqamətinə apardı. Postun yanında bizi saxlatdılar. Xeyli rus əsgərləri var idi. Dedilər ki, sizi burada qıracaqlar. Birdən gördüm ki, iş yoldaşım erməni Qarik də ordadır. Yaxınlaşıb mənə dedi ki, Yaşar, bəs, deyirdin Qarabağ bizimdir. Nə oldu görürsənmi bu torpaqlar kimindir? Sənin evin də mənə qaldı. Hər şey bizimdir. Yenidən bizi UAZ-a mindirib apardılar. Xocalının içərisindən keçdik. Bütün yol boyu insan cəsədləri idi. Yollarda qan su kimi axırdı. Ermənilər Xocalını talan edirdilər.

Bizi aparıb Əsgəranda Ərminəvan deyilən ərazidə uşaq bağçasına yığdılar. Bütün ermənilər gəlib bizi təhqir edir, vurur, söyürdülər. Sonra bizi Əsgəranın müvəqqəti saxlama məntəqəsinə gətirdilər. Orada isə Karo adlı erməni məni gördü və dedi ki, səni tanıyıram. Karo Əsgəran rayonunda Yanğından Mühafizə İdarəsinin rəisi idi. Dedi ki, maşınla keçəndə mən daş atmışam və onun başı yaralanıb. Ona görə də məndən heyfini almalıdır. Məni bir otağa gətirdi. Otaqda hər tərəf qan idi. Bildim ki, bura işgəncə otağıdır. Hiss etdim ki, məni bu otaqda öldürəcək.

Sirac məndən ayrılmaq istəmirdi. Uşağa necə sillə vurdusa, 2-3 metr kənara yuvarlandı və huşunu itirdi. Tapançanı çıxarıb başıma dayadı. Həmin anda ölmək istəyirdim. Bu qədər işgəncəyə dözməkdənsə ölmək daha rahat idi. Deyirdim ki, uşağı da gözümün qabağında öldürəcəklər və mən buna dözə bilməyəcəm. Yanında yekəpər bir erməni vardı. Boynumun arxasından necə vurdusa yerə sərildim. Yıxılanda saçımdan tutub kürəyimin axasına vurmağa başladı. Sonra dubinkanı götürüb 50-60 zərbə endirdi. Huşumu itirdim. Mən pis vəziyyətdə olanda içəri bunların komandiri Vitali Balasanyan daxil olar və görər ki, yerdə uzanan mənəm. Vitali ilə mən birgə restoranda işləmişik. Bir yerdə böyümüşük (Deyirlər ki, hazırda Ermənistanda general rütbəsindədir). O, Karoya deyər ki, Yaşarı öldürməyəcəksən. Məni sürüyə-sürüyə digər otağa keçiriblər. Sirac da həmin otaqda imiş.

Birdən atəş səsləri gəldi. Sən demə Karo əsəbindən keçib o biri otaqda qardaşım Faiqə işgəncə verib. Sonra boğazından və ürəyindən tapança ilə vuraraq qətlə yetirib. Faiqin 23 yaşı vardı. Tələbə idi. Səhəri gün Vitali gəlib mənə dedi ki, sizi dəyişməyə aparırlar. 20 nəfər idik. Əsgərlərin arası ilə bizi aparırdılar. Biri təpik vurur, biri avtomatın qundağı, süngü, bıçaq, taxta parçası ilə zərbələr endirirdilər hamımıza. Əllərimi qabağa verib Siracı qoruyuram ki, uşağa zərbə dəyməsin. Qollarıma, ayaqlarıma o qədər vurdular ki, tamam keyimişdim. Bir təhər maşına mindirib gətirdilər Ağdamla sərhəddə və orada bizi təhvil verdilər. Beləcə mart ayının 2-də biz əsirlikdən qurtulduq. Qardaşım Faiqi Ağdamda dəfn etdik. İndi onun da məzarını ziyarət edə bilmirik. Namiqdən isə indi də xəbər yoxdur.

Bir qədər Ağdamda qaldıq, sonra Yevlaxa köçdük. İndi isə Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşmışıq. Xocalı faciəsində mən iki qardaşımı, iki dayım oğlunu, bibim və onun qızını itirmişəm. Qayınatamın ayaqları kəsilib. Havalar soyuq olanda hər birimizin ayaqları işləmir. Anam isə Namiq, Faiq deyə-deyə gözləri tutuldu və dünyasını dəyişdi. Artıq danışa bilmirəm...

Başına gələn müsibətləri, gördüyü dəhşətli səhnələri bir daha xatırlatdıq Yaşar kişiyə. Danışdıqca, gözləri doldu, kövrəldi, dərdi təzələndi. Sanki bu faciədən 22 il yox, 22 gün keçir onun üçün. Tək istəyi ölümündən bir gün öncə də olsa, Ağdamda qardaşının məzarını ziyarət etmək, Xocalını görüb torpağını öpməkdir.

Bəlkə də o gün uzaqda deyil. Bəlkə də siz hələ Xocalıda yandırılmış, uçurulmuş evlərinizin yerində daha möhtəşəm yaşayış məskəni salacaqsınız Yaşar müəllim! Tanrı, ürəyi bu istəklə döyünən hər bir azərbaycanlıya bu arzuya çatanadək ömür versin.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 25 fevral.- S.7.