Xocalı səmasında sonuncu əməliyyat

 

Ona Qarabağ cəngavəri deyirdilər. El-oba arasında belə fərqli adlar, titullar hər adama qismət olmur. Özü cəmi 35 yaşında. Söhbət Milli Qəhrəman Əlif Hacıyevdən gedir. Elə ilk görüşümüzdə - 1991-ci ildə bizi xeyli təəccübləndirmişdi. Çevik ötkəm cavabları, milli təəssübkeşliyi diqqətimizi cəlb etdi. Onda Xocalı aeroportuna təzəcə rəis təyin olunmuşdu. Bakıdan gələn vertolyotda respublikanın baş Naziri Həsən Həsənovu qarşılayırdı.

Azərbaycan televiziyasının çəkiliş qrupu da məqamları lentə köçürürdü. Qətiyyən tərəddüd etmirdi. Hadisələri necə görürdüsə, eləcə güzəştsiz təhlil edirdi. Çəkinmədən, zərrə qədər nigarançılıq keçirmədən Baş nazirə dedi ki, Xocalı aeroportunu erməni millətçilərinin nəzarətindən tamamilə çıxarmaq üçün hələ xeyli görməliyik. Gərək siz kömək edəsiniz.

Onda hələ müharibə başlamamışdı. Amma Əlif Hacıyev hər şeyi tam aydınlığı ilə görürdü. Deyirdi ki, erməni yaraqlıları rus hərbçiləri ilə birləşiblər. Bizi ağır təcavüz gözləyir. Hər an mübarizəyə hazır olmalıyıq. Ən azı öz torpaqlarımızı qorumağı bacarmalıyıq. Yaşına uyğun olmayan müdrikliklə danışırdı, faktları, arqumentləri yerli-yerində sadalayırdı. Doğrusu, Baş nazir onu axıradək səbrlə dinlədi. Son sözü bu oldu ki, sizi köməksiz qoymarıq...

Əlif Hacıyev yenə diribaşlıqla müdaxilə etdi: "Öz taleyimdən narahat deyiləm. Günahsız adamlar əziyyət çəkəcək. Bəri başdan deyirəm ki, tədbirli olaq. Yoxsa vəziyyət gündən-günə çətinləşir", Onda Əlif Hacıyev cəmi iki ay idi ki, Xocalı aeroportuna rəis təyin olunmuşdu. Elə erməniləri lərzəyə salan da Qarabağ cəngavərinin yeni vəzifə təyinatı idi. Hələ bir vaxtlar - 1987-ci ildə erməni millətçiləri Əlif Hacıyevi müxtəlif bəhanələrlə, şər böhtanla günahlandırmışdılar. Onu qondarma ittihamlarla on il həbs cəzasına məhkum etmişdilər. Əslində səbəb bəlli idi. O, Dağlıq Qarabağ Muxtar Vilayətində işləyərkən uzun müddət fəaliyyət göstərən gizli erməni millətçi mərkəzini ifşa etmişdi. Buna görə erməni millətçiləri əlbir olub Əlif Hacıyevi saxta ittihamlarla həbs etdirmişdilər. Düz dörd il həbs cəzası çəkəndən sonra hüquq müstəvisində apardığı mübarizədə ermənilərə qalib gəlmişdi, bəraət alıb azadlığa çıxmışdı. Ömrünün çoxunu erməni separatçılarının iyrənc əməlləri ilə mübarizəyə sərf etmiş Əlif Hacıyev onların hər üzünə bələd idi. Ona görə Xocalı aeroportunda ilk əməliyyatı strateji ərazini erməni millətçilərinin nəzarətindən çıxarmaq oldu. İlk hədəfdə uğur qazanan Qarabağ cəngavəri yurd-yuvasını xəyanətkarların caynağından xilas etmək üçün xeyli vaxt sərf etməli oldu. Doğrudur, onda erməni millətçilərinin dayağı himayəsi xeyli güclü idi. Buna baxmayaraq, Əlif Hacıyev bir an belə geri çəkilmir, meydanı tərk etmək istəmirdi. Adamlar inanırdı ki, köməksiz qalmayacaqlar. Amma bilmirdilər ki, Bakıda açıq ya gizli vəzifə davası gedir, Xocalı o qədər yada düşmür...

Həmin gecə - fevralın 25-də Əlif onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. Ona görə azğın düşmənin müqavimətini qırmaq o qədər asan deyildi. Qarabağ cəngavəri yenə gücünə, adamların etibarına etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ təhlükədə xeyli adam vardı bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Qarabağ şahini bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Məqam axtarırdı ki, silahının - avtomatın heç olmasa boşalan darağını dəyişsin. Düşmən bu fürsəti ona çox gördü - Qarabağ cəngavəri elə cövlan etdiyi Qarabağ səmasında da susduruldu.

Xocalı bir gecənin unudulmaz faciəsini yaşadı. Bəşər tarixində belə soyqırımıları az-az hallarda təkrarlanır. Elə Xocalı da hər kəsin yaddaşında tarixin qanlı səhifəsi kimi qaldı. Erməni yaraqlıları heç kəsə fərq qoymurdu - qocaları, xəstələri, uşaqları bir-birinə qatıb güllələyirdilər. Şəhid balasının fəryadı, ah-naləsi, günahsız adamların göz yaşları bu gün qurumur. Xocalı hər bir azərbaycanlının qan yaddaşına yazılan faciənin ünvanıdır. O yerlər bizim Xoca deyib dəyər verdiyimiz babalarımızın müqəddəs yurd yeridir. Yurdun qədrini bilmək, onun dağını-daşını qorumaq varislərin borcudur. Biz inanırıq ki, Xocalı səması vaxtsa aydınlıq işığına qovuşacaq. Onda bu yerlərə yeni uçuşlar başlayacaq. Xocalı aeroportu yeni uçuşların koordinasiya mərkəzinə çevriləcək. Bu təzə ünvana ürəyimizdən keçən bir ad veriləcək: Qarabağ cəngavəri Əlif Hacıyevin adı!

Bu gün onun yurdunda iki övlad böyüyür - Zərinə İradə. Vaxt gələcək ki, onlar da atalarının döyüş yolu keçdiyi Qarabağ səmasına ziyarətgah kimi dönəcək. Qəhrəman atalarının ruhu qarşısında varislik borclarını ləyaqətlə ödəyəcəklər. Biz bir ona inanırıq ki, Azərbaycan xalqı Xocalı fəaciəsinin qisasını əvəzsiz qoymayacaq. Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümündə xalqımıza müraciətlə demişdi: "Azərbaycan dövləti  erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ildən çoxdur ki, məqsədyönlü sistemli aparır. Son illərdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları diaspor qurumları bu sahədə hakimiyyət  strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü ifşa olunur dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı "İnsanlığa qarşı törədilmiş kütləvi cinayət" hadisəsi kimi tanımış üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır". Əlbəttə, dünya ictimaiyyətinin Xocalı faciəsini soyqırımı kimi tanıması istiqamətində görülən işlər hələ davam edir. Bunlar itkilərimizin əvəzini ödəməsə , heç olmasa faciənin hüquq müstəvisində qiymətləndirilməsi üçün zəmin yaradır...

 

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 25 fevral.- S.8.