Parisdə Xocalı faciəsinin 22-ci ildönümünə

 həsr olunmuş aksiya keçirilmişdir

 

Fevralın 23-də Parisdə fəaliyyət göstərən "Azərbaycan evi"nin təşkilatçılığı ilə paytaxtın Mars çölündəki  "Sülh" abidəsinin önündə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş aksiya keçirilmişdir.

Əvvəlcə erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmiş xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən "Azərbaycan evi"nin sədri Mirvari Fətəliyeva  ərazilərini Azərbaycan torpağı hesabına genişləndirmək məqsədi güdən və "böyük Ermənistan" yaratmaq iddiası ilə yaşayan erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin görünməmiş faciəsini törətdiklərini, günahsız insanları - qadınları, uşaqları və yaşlı insanları amansızlıqla qətlə yetirdiklərini diqqətə çatdırmışdır.

"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatının Xocalı faciəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük qırğını kimi dəyərləndirdiyini xatırladan M.Fətəliyeva Xocalı şəhərinin mövcud olmadığını, dinc sakinlərə qarşı törədilən qətliama beynəlxalq təşkilatlar tərəfindən siyasi qiymət verilmədiyini vurğulamışdır.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu, beynəlxalq təşkilatların Azərbaycanın əzəli əraziləri kimi qəbul etdikləri torpaqlarımızın 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğal edildiyini diqqətə çatdırmış, 1992-ci ildə baş verən faciədən uzun illər keçməsinə baxmayaraq, azərbaycanlıların xatirəsində dərin iz buraxdığını bildirmişdir.

Faciə zamanı 613 insanın qətlə yetirildiyini xatırladan səfir bu cinayətin 1944-cü ildə alman faşistlərinin Fransanın Oradur-sür-Qlan kəndində törətdikləri vəhşiliklərlə eyniyyət təşkil etdiyini diqqətə çatdırmışdır.

E.Əmirbəyov bildirmişdir ki, Xocalı soyqırımından 22 il ötsə də, faciə qurbanlarının ailə üzvləri haqq və ədalət gözləyirlər. Xocalı hadisələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmalıdır. Dünyadakı bütün insanlar, o cümlədən fransızlar Ruanda, Srebrenitsa, Xatun və digər yerlərdə baş verən dəhşətli hadisələr siyahısında Xocalı soyqırımı  barədə də məlumat əldə etməlidirlər.

Xocalı faciəsinin dünyada tanınması və bu soyqırımına  siyasi qiymət verilməsi üçün Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası barədə məlumat verən səfir vətəndaş cəmiyyəti təşkilatlarını, insan haqları fəallarını, bütün insanları faciə və onun nəticələri barədə dünyanı məlumatlandırmaq üçün kampaniyada yaxından iştirak etməyə  çağırmışdır.

Təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş bu faciəni törədənlərin, o cümlədən hazırda hakimiyyətdə olan Ermənistanın bəzi rəhbərlərinin öz cinayətkar əməllərinə görə bir gün cavab verəcəklərini vurğulayan diplomat tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, işğal edilən torpaqlarımızın azad ediləcəyinə, erməni hərbi birləşmələri tərəfindən silah gücünə zorla ata-baba yurdlarından çıxarılan insanların doğma yerlərinə qayıdacaqlarına əminliyini vurğulamışdır.

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən çıxışında  Xocalı faciəsinin baş verdiyi dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini və hadisənin şahidi olduğunu bildirmişdir. O, faciə zamanı yaralanan xocalılıların müalicə  edildiyi xəstəxanaya baş çəkdiyini xatırlatmış, günahsız insanlara qarşı törədilən qətliamı görünməmiş faciə kimi dəyərləndirmiş, saysız-hesabsız insanların qətlində iştirak edənlərin məsuliyyətə cəlb olunmalarının heçgec olmadığını, Avropa İttifaqının və digər beynəlxalq qurumların faciəyə siyasi qiymət vermələrinin zəruriliyini vurğulamışdır.

Aksiya iştirakçıları "Sülh" abidəsi önünə qərənfillər düzmüşlər.

Tədbir zamanı Xocalı faciəsindən bəhs edən broşürlər, "Hakimiyyətin səsi" qəzetinin Xocalı hadisələri ilə bağlı fransız və ingilis dillərində hazırlanmış xüsusi buraxılışı və vərəqələr paylanılmışdır.

Aksiyada Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

 

Azərbaycan.-2014.- 25 fevral.- S.11.