Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilmişdir

 

Almaniyanın nüfuzlu Köln Universitetində Alman Azərbaycan Mədəniyyət Evi, "Soyqırımı Həqiqətlərini Tanıtma" İctimai BirliyiAlman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş "XXI əsrdə Azərbaycan geostrateji baxımdan" mövzusunda konfrans keçirilmişdir.

Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra məruzələr dinlənilmişdir.

Tədbirdə "Soyqırımı Həqiqətlərini Tanıtma" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Milli Məclisin deputatları Musa Qasımlı, Rövşən Rzayev, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin təmsilçiləri Əli Zülfüqaroğlu, Elnur Eltürk və digərləri iştirak etmişlər.

Alman Azərbaycan Mədəniyyət Evinin başqanı Altay Rüstəmli konfransda rəhbərlik etdiyi təşkilatın "Xocalıya ədalət" kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı məlumat vermişdir. O, Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərin, konfransların təşkil olunacağını bildirmişdir.

Məruzəçi Tanju Can diqqətə çatdırmışdır ki, Xocalı soyqırımı türk dünyasının faciəsidir. O demişdir: "Bu qətliam "türk dünyasına qarşı törədilmişdir. Əgər Qarabağda bir əl kəsilibsə, deməli, bütün türk dünyasının qanı axıdılmışdır".

Xocalı faciəsi zamanı təkcə ata tərəfdən 40-dan artıq qohumunu itirdiyini bildirən "Soyqırımı Həqiqətlərini Tanıtma" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qətliamın təkcə türk dünyasına və müsəlmanlara deyil, bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olduğunu vurğulamışdır: "Mən həmin hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm. Onu demək istəyirəm ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyəti əvəzsizdir. Xocalı sakini olaraq burada iştirak edən hər bir şəxsə minnətdarlığımı bildirirəm".

Milli Məclisin deputatı Musa Qasımlı ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata keçirdikləri məkrli planlardan danışmışdır. Diqqətə çatdırılmışdır ki, Ermənistanın soyqırımı siyasəti həyata keçirdiyi artıq sübut olunmuşdur. Ermənilərin əsas hədəfi müsəlmanları tarixi torpaqlarından qovmaq, "böyük Ermənistan" yaratmaq olmuşdur. Artıq regionun lider dövlətinə çevrilən Azərbaycanın bu problemi tezliklə həll edəcəyinə əminliyini bildirən deputat demişdir ki, bu istiqamətdə xaricdə yaşayan soydaşlarımız ümummilli maraqlar ətrafında birləşməlidirlər.

Milli Məclisin deputatı Rövşən Rzayev "Soyqırımı Həqiqətlərini Tanıtma" İctimai Birliyinin bu istiqamətdə işlərini yüksək qiymətləndirərək qurumun gələcəkdə də uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirmişdir. Deputat ermənilərin Xocalı faciəsindən əvvəl Qaradağlı kəndində də soyqırımı aktı törətdiklərini vurğulamışdır.

Digər çıxışlarda da Xocalı soyqırımının dəhşətlərindən danışılmış, bu faciənin unudulmayacağı bildirilmişdir.

Sonra tədbir müzakirələrlə davam etmişdir.

 

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Azərbaycan.-2014.- 25 fevral.- S.11.