Prezidentin əhalinin sağlamlığının qorunmasına dair tapşırıq

 və göstərişləri uğurla icra olunur

 

Xocavənd

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirmişdir ki, Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı qəsəbələrində məskunlaşmış məcburi köçkünlərin tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında aparılır. Bu qəsəbələrin əhalisinin müayinəsi başa çatdıqdan sonra Beyləqan və Ağcabədi rayonunda məskunlaşmış digər məcburi köçkünlər də aksiyaya cəlb olunacaqlar. Beyləqan rayonu ərazisində 4640, Ağcabədi rayonunda isə 2107 nəfər xocavəndli məcburi köçkünün müayinə edilməsi nəzərdə tutulmuşdur. 

Mərkəzi rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova bildirmişdir ki, dövlət başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən xocavəndli məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər. Fevralın 17-dən indiyədək 1460 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Sakinlər terapevt, cərrah, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs, rentgensair müayinələrdən keçirilir. Xəstəlik aşkar edilmiş sakinlər stasionarambulator müalicəyə cəlb ediləcəkdir.

Xocavənd qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Tuğ kənd sakini Cəlal Gözəlov müsahibəsində yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək demişdir: "Həkimlər məni hərtərəfli müayinə etdilər. Müayinə zamanı məndə qan təzyiqi aşkarlanaraq müalicə kursu təyin edildi. Biz köçkünlər sağlamlığımıza göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq.

Xəstəxanada tibbi müayinədən keçən Salakətin kənd tam orta məktəbinin müəllimi Telli Alıyeva bildirmişdir ki, insanlar çox zaman vaxtında tibbi müayinədən keçmir, sağlamlıqları barədə məlumatlı olmur. Bəzən xəstəliklər gec aşkara çıxdığından onların müalicəsi də çətinləşir. Odur ki, aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir.

 

 

 

Nizami

 

 

Prezident İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Bakının Nizami rayonunun sakinləri tərəfindən də rəğbətlə qarşılanmışdır. Fevralın 17-dən indiyədək artıq 10 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir. Ümumilikdə isə 106 mindən çox sakinin profilaktik müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.

Bu barədə fevralın 24-də Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova məlumat vermişdir. O demişdir ki, dövlət başçısının tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində operativ tədbirlər görülmüşdür. Rayon rəhbərliyinin yanında idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Rayon sakinləri tibbi müayinə aksiyası barədə məlumatlandırılmışlar. Sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədi ilə müvafiq komissiya yaradılmış, xüsusi qrafik tərtib edilmişdir. Hazırda  sakinlər rayonun 18 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında və 26 nömrəli şəhər poliklinikasında müayinə olunurlar.

Rayondakı 32 nömrəli birləşmiş şəhər xəstəxanasında sakinlər müayinələrdə mütəşəkkil qaydada iştirak edirlər. Vətəndaşlar qrafik əsasında qeydiyyata düşdükdən sonra terapevtlər tərəfindən yoxlanılır, sonra onlar laborator, elektrokardioqrafiya, ultrasəs və rentgen müayinələrindən keçirlər.

Xəstəxananın baş həkmi Leyla Qarayeva bildirmişdir ki, müayinələrin məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Xəstəxanada bir həftə ərzində 3 mindən artıq sakin hərtərəfli tibbi müayinədən keçmişdir. Müayinə olunanların 186-da müxtəlif xəstəliklər aşkar edilmişdir. Onlar qeydiyyata alınırlar. Axırda bu barədə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə məlumat veriləcəkdir.

Müayinədən keçənlər Prezident İlham Əliyevin  humanist addımından razılıqlarını bildirmişlər.

Rayondakı 220 nömrəli məktəbin direktoru Almaz Əsgərova demişdir: "Qida və ekologiya problemi insanları sağlamlıqlarının qayğısına qalmasını zəruri edir. Ən xoş olan odur ki, Prezident İlham Əliyev də insanların hər birinin qayğısına qalmağı, onların sağlamlığının keşiyində durmağı xüsusi göstəriş kimi tapşırıq vermişdir. Bu gün müşahidə etdiyiniz kimi, insanlar öz sağlamlıqları barədə məlumat əldə etmək üçün axın-axın gəlirlər və həkimlərin müayinəsindən keçirlər. Biz buna görə dövlət başçısına minnətdar olmalıyıq".

 

 

 

Balakən

 

 

Memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə sürətlə inkişaf etməkdədir. Bu gün tibbi müayinələrin keçirildiyi xəstəxana kompleksinin də təməli dövlət başçısı tərəfindən qoyulmuşdur. Prezidentimiz insanların sağlamlığını daim diqqət mərkəzində saxlayır. Çünki dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi, insan dünyada ən qiymətli kapitaldır.

Bu fikirləri Balakən Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçən rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev jurnalistlərə müsahibəsində bildirmişdir.

Tibbi müayinələrin bütün regionlarda olduğu kimi, Balakən rayonunda da müvəffəqiyyətlə davam etdiyini vurğulayan X. Mirəliyev demişdir: "Aksiya çox gözəl təşkil olunmuşdur. Ən ucqar kəndlərdən belə insanlar axın-axın gələrək bu xəstəxanada pulsuz müayinə olunurlar. Gəlmək imkanı olmayan insanlar da unudulmamışlar. Onlar ehtiyac yarandığı məqamda evlərində müayinə olunurlar. Mən özümbu xəstəxanada müayinədən keçmişəm. Xəstəxananın kollektivindən çox razıyam. Bu aksiyaya görə, bütün balakənlilər adından Prezidentimizə minnətdarlığımızı bildirirəm".

 

AzərTAc

Azərbaycan.-2014.- 25 fevral.- S.11.