İlaxır çərşənbələrin birincisi – «Sular novruzu»

 

Üzü Novruza sarı

 

Suya gedən igidin

Saçı məxmər təkidi.

Allah, məni su elə,

Su gözəllər yüküdü.

 

 

Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə təsəvvürləri, ayin, etiqad, inanc mərasimləri özündə yaşadan bu günümüzə yetirən humanizm həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən kulturoloji sistemdir. Novruz insana həyat verən, ilk insanın yaranmasında biliavasitə iştirak edən 4 müqəddəs ünsürün adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel Torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürlərini yaradan həmin müqəddəs ünsürlər İlaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış həyatvericilik funksiyasını formalaşdırmışdır. Əski inanc etiqadlara görə 4 çərşəbənin hər birində bir ünsür "dirilir", oyanır, təzələnir bununla bağlı olaraq xalq arasında müxtəlif ayin mərasimlər keçirilmişdir. Artıq Novruzun müjdəçisinə çevrilən İlaxır çərənbələr yurdumuza qədəm qoyur.

 

Boz ayın 4 çərşənbəsindən birincisi Su çərşənbəsidir. Su çərşənbəsi xalq arasında həm "Əzəl çərşənbə", "Sular Novruzu", "Gözəl çərşənbə", "Gül çərşənbə" s. adlandırılır.

 

Məlumdur ki, təbiətdə insan həyatında suyun yeri əhəmiyyəti müstəsnadır. Su həyat mənbəyidir dünyanın yaranması məhz su ünsürü ilə bağlıdır. Su - kimyəvi təsir göstərən, həyat üçün vacib olan mütəhərrik ionlar qrupunun yaranması üçün əlverişli mühitdir. Su biokimyəvi proseslərin gedişini, orqanizmdə temperatur, qida maddələr mübadiləsini tənzimləyir. Qeyd etmək yerinə düşər ki, insan orqanizminin təqribən 70 faizi, baş-beyinin isə 90 faizi sudan ibarətdir. Suyun ən əhəmiyyətli xassələrindən biri onun yaddaşıdır. Su verilən informasiya ya kənar təsirlərin daşıyıcısıdır. Yaponiya alimi Masaru Emotonun apardığı təcrübələrə görə, Su deyilən sözlərin mənasına uyğun olaraq reaksiyalar verir. Oxunan dualar, deyilən fikirlər suyun keyfiyyətinə müəyyən təsir göstərir.

 

Məlumdur ki, türk xalqlarının mifoloji düşüncəsində su müqəddəs hesab olunur, su kultu mühüm yer tutur. Xalq arasında Su tanrısı Abanın Nahidin adı ilə bağlı çox qədim süjetlər yaranıb. Elə bu səbəbdən suyun müqəddəsliyini, paklığını tərənnüm edən Novruzun başlıca rəmzlərindən olan Su çərşənbəsi meydana gəlmişdir. Su çərşənbəsi, suya inam, suya tapınma ilə bağlıdır. Çox erkən dövrlərdən insanlar hələ gün doğmamış su üstünə gedər, pak, təmiz, axar suda yuyunar bununla da özlərini paklanmış hesab edərdilər. Əski inanclara görə, Su çərşənbəsində insanlar axar sudan gətirib evə, həyət-bacaya səpər, bununla da müşküllükdən, çətinlikdən, azar-bezardan azad olmalarına inam bəsləyərdilər. Suyun müqəddəsliyi erkən folklor mənbələrində, o cümlədən "Kitabi-Dədə Qorqud"da Qazan xanın "Su həq didarın görmüşdür" ("Su tanrının üzünü görmüşdür") müraciətində, "Koroğlu"da Qoşabulağın timsalında, Xızırın dirilik çeşməsində içdiyi suda əyan olmuşdur. Su həmçinin sağlamlıq rəmzidir. Su çərşənbəsində müəyyən ayinlər icra edilərdi ki, bunların öz mahiyyəti, özəllikləri diqqəti cəlb edir. Məsələn, Su çərşənbəsində subay qızlar evə axar sudan "lal su" gətirərkən bir kimsə ilə danışmazdılar. Suyu bir neçə qaba qoyub saxlayardılar. Qızlar bir yerə yığışar, hərə öz üzüyünü saçına sürtüb suya salar, üzük suda neçə dəfə cingildəsə, demək həmin yaşda qızın gəlin köçəcəyi ehtimal edilərdi.

 

Su çərşənbəsində insanlar sübh tezdən axar suyun üstünə gedər, "ağırlığım-uğurluğum suya, azar-bezarım suya" deyib su üstündə dərdlərini danışar sanki öz çətinliklərini "təzə su" üstündə qoyub gedərdilər. Beləliklə Su çərşənbəsi mərasimi icra olunardı bu mərasim aşağıdakı nəğmə ilə başa çatardı:

 

 

 

Sel çapar, su çapar,

 

Bir günah iştədim,

 

Gəl onu tut, apar.

 

Sel çapar, su çapar,

 

Gəl apar, gəl apar...

 

 

 

Erkən təsəvvürlərə görə Su çərşənbəsində Su tanrısı Aban ilə bağlı nəğmələr, "Yada nəğmələri" oxunardı, onların bir qisminə diqqət yetirək:

 

 

 

Aban Abana gəldi,

 

Aban imana gəldi,

 

Abana yol verin,

 

Abana qol verin...

 

Al Aban haylı gəlib,

 

Al Aban paylı gəlib.

 

Xurcununda seli var,

 

Boxçasında yeli var.

 

Hay verin Abana,

 

Pay verin Abana,

 

Xan Aban haylı olsun,

 

Doqqası saylı olsun...

 

yaxud:

 

Qalxdım, yoxuşa getdim

 

Abana tuş getdim.

 

Hayladım Abanı

 

Sayladım Abanı.

 

Aban bu payımı verdi,

 

Aban su sayımı verdi

 

Gözlədim Abanın nübarını,

 

Suvardım Abanın atın

 

Aban su verdi - içərsən.

 

Aban su verdi -

 

Torpağa səpərsən,

 

Bəhrəsini görərsən

 

Gözlədim Abanın nübarın,

 

Suvardım Abanın atın.

 

Aban bu payımı verdi,

 

Aban su payımı verdi.

 

Yadam, yadama gəldi

 

Yadam adama gəldi

 

Yadam gəldi sel oldu,

 

Yadam gəldi yel oldu

 

Yadam hər yerdə başdı

 

Yadam dağları aşdı...

 

 

 

Su çərşənbəsi ilə bağlı müxtəlif mif mətnləri mövcud olmuş bu günümüzə qədər qorunub saxlanmışdır. Burada əcdadlarımızın suyun müqəddəsliyinə inamı suya tapınma təsəvvürləri öz əksini tapmışdır. Folklorumuzun solmaz səhifələrinə yazılmış bir mif mətninə diqqət yetirək: "Deyirlər dünyada övladı ilə meşədə yaşayan Oğuz oğlu yolda bir qurda rast gəlir. Qurd onun qabağını kəsib yalvarır ki, "Ey oğuz oğlu, gözümün ağı-qarası bir qızım var. Dünən ovçular onun qarnını doğram-doğram elədilər. İndi gümanım sənədir. Sabah sübh tezdən Buz bulağının suyundan götürüb qızımın yaralarına töksən sağalar. Mən sənə borclu qalmaram. Oğuz nəslinə əbədiyyət verərəm.

Oğuz oğlunun ürəyi kövrəldi. Sübh tezdən Buz bulağa gəldi. Gördü adamlar bulaq başına Su çərşənbəsinə yığışıblar. Oğuz oğlu da su üstündə əl-üzünü yudu. Bir qab su alıb qurd balasının yanına gəldi. Suyu töküb onun yaralarını yudu. Qurd balası gözlərini açdı. Yaraları sağaldı. Dönüb gözəl bir qız oldu.

 

Qurd qızını Oğuzun oğluna verdi. Qurd dedi ki, bu izdivac sənə əbədi həyat qüdrət verəcək. Oğuz oğlu, sənin övladından törəyəcək yeddi oğul yeddi ölkənin qüdrərtli xaqanı olacaqdır.

Qurd bu sözləri deyib bir qızına, bir Oğuzun oğluna baxdı. Sonra da canını Allaha tapşırdı. Oğuz oğlu qurdun qızı ilə evləndi. Ondan dünyaya gələn yeddi igid yeddi xaqan oldu, türkün nəslini yeddi ölkəyə yaydı".

Xalqımızın şifahi yaddaşında milli etnik həyatı, erkən baxışları, mənəvi əxlaqi dəyərləri tərənnüm edən artıq milli təfəkkürdə qətiləşən bədii mətnlər toplusunda suya inam tapınma ilə bağlı çox nümunələrə rast gəlmək olar. Onlar ibrətamizlik rəmzi olan atalar sözü məsəllərdə, bayatılarda, inanclarda türkəçarələrdə, tapmacalarda bu günümüzlə səsləşməkdədir. Həmin nümunələrdən bir qisminə nəzər salaq:

 

 

Su səni,

Su göyərtmiş süsəni,

Keçmə namərd körpüsündən,

Qoy aparsın su səni...

 

*   *   *

 

Su axır samanlıqdan,

Yol keçir qaranlıqdan.

Çalış yaxşılıq elə,

 

çıxar yamanlıqdan?

Su olan yerdə dirilik olar.

Su axdığı yerdən bir axar.

 

Sulu el - abadan, susuz el - viran olar.

Su axarında salınan el-oba

barlı-bərəkətli olar.

 

Su dolu qabla qabağına çıxsalar işin avand olar.

Su kiçiyindir, yol böyüyün.

Lal axan sudan keçməzlər.

Səfərə çıxan adamın

arxasınca su atarlar.

Yuxuda su görmək aydınlıqdır.

 

 

Su çərşənbəsi ərəfəsində Günəş zodiak qurşağında "Dolça" bürcündən "Balıqlar" bürcünə daxil olur. Ona görə də Əzəl çərşənbə süfrəsində ağzına qızıl keçirilmiş balıq və bir dolça su olmalıdır.

Bu gün Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsidir. Xalq arasında belə bir gözəl deyim var: "Su qədər ömrün olsun", "Su aydınlıqdır". Arzu edirik ki, ulu xalqımızın, millətimizin ömrü su qədər uzun və intəhasız, gələcəyi aydın olsun! Su çərşənbəniz mübarək!

 

 

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin dosenti

Azərbaycan.-2014.- 25 fevral.- S.12.