Xocalı soyqırımının tanıdılması üçün Latviyada mühüm işlər görülür

 

Fevralın 25-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Latviya  əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə fikir mübadiləsi aparılıb.

Oqtay Əsədov iki ölkə arasındakı dostluq münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan-Latviya əlaqələri gündən-günə inkişaf edir. Sədr qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafında oynadığı rolu xüsusi qeyd edib. Vurğulayıb ki, Azərbaycan ilə Latviya arasında hüquqi baza da mövcuddur. İndiyədək iki ölkə arasında 30-a qədər sənəd imzalanıb, 5 sənəd isə imzalanmaq üçün hazırlanır.

Milli Məclisin Sədri Azərbaycanla Latviya arasında ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin ümumi həcmi 13 milyon dollardır. Bu sahədəki əməkdaşlığı genişləndirmək üçün hər iki ölkənin adamları bir-birilərini tanımalı və qarşılıqlı əməkdaşlıq etməlidirlər.

Nümayəndə heyətinə Azərbaycanın sürətli inkişafı haqqında məlumat verən Oqtay Əsədov qeyd edib ki, bu gün ölkəmizin regionun  Avropanın enerji təhlükəsizliyində böyük rolu var. Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə görə regionun lider dövlətinə çevrilmişdir.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinə toxunaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı haqqında qonaqlara məlumat verib. Bildirib ki, "böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin yüzillərlə ölçülən tarixi var. Təəssüf ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam edir, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmaq istəmir. Münaqişənin nizamlanması üçün xeyli səylər göstərilməsinə baxmayaraq, indiyədək bu sahədə əsaslı irəliləyişə nail olunmamışdır. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

O da diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş ən dəhşətli cinayətdir. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyers ölkələrimiz arasında dostluq münasibətinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Y.Reyers Xocalı qətliamı ilə bağlı deyib ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Onun sözlərinə görə, Azərbaycanın Latviyadakı diaspor təşkilatları bu faciə ilə bağlı həqiqətlərin ölkə ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 

 

 

Elgün MƏNSİMOV

Azərbaycan.-2014.- 26 fevral.- S.4.