Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin

 dünyaya çatdırılması istiqamətində xidmətləri misilsizdir

 

Xocalıya ədalət

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, faciə barədə danışan qurumun sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə ermənilər tərəfindən həyata keçirilən bu dəhşətli soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətdir.

Bildirilmişdir ki, artıq dünyanın bir çox ölkəsində erməni millətçilərinin törətdikləri soyqırımı aktı tanınır, faciə ilə bağlı təbliğat xarakterli tədbirlər təşkil olunur. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun beynəlxalq aləmdə yayılması, həmçinin bu dəhşətli qətliama obyektiv qiymət verilməsi istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çox böyük xidmətləri vardır. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanınması  istiqamətində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində həyata keçirilən silsilə tədbirlər təqdirəlayiqdir. Hazırda soyqırımının mənəvi-siyasi, hüquqi səviyyədə tanınmasına yönəlmiş işlər dünyanın bir çox yerində uğurla həyata keçirilir.

Şuranın sədrinin birinci müavini Surxay Tağızadə diqqətə çatdırmışdır ki, qan yaddaşımız olan Xocalı faciəsini heç vaxt unutmamalıyıq. Erməni faşistləri zaman-zaman torpaqlarımıza göz dikmişbu işğalçılıq siyasətini daim qanlı şəkildə həyata keçirmişlər. Tarixə nəzər salsaq, Azərbaycan xalqının dəfələrlə bu faciənin qurbanlarına çevrildiyini görmək olur. Qərbi Azərbaycanda, Qarabağda, Şamaxıda, Qubada, Gəncədə, Salyanda, Bakıda, bir sözlə, ölkəmizin bir çox bölgələrində ermənilər tərəfindən  törədilən dəhşətli cinayətlər tarixin ən qanlı səhifələridir.

Ermənilərin Xocalıdan əvvəl Qazaxın Bağanis-Ayrım, Naxçıvanın Kərki kəndlərində törətdikləri vəhşilikləri tədbir iştirakçılarının diqqətinə çatdıran S.Tağızadə bildirmişdir ki, biz bu faciələri heç vaxt unutmamalıyıq.

S.Tağızadə vurğulamışdır ki, xalqımız XX əsrin sonunda azadlıq uğrunda mübarizəyə qalxaraq öz müstəqil dövlətini yaratmışdır. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin başına gətirilən faciələr dünyada tanıdılmışdır. Hazırda bu siyasət Azərbaycan dövlətinin başçısı İlham Əliyev, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu isə gənclərimizdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir. Sevindirici haldır ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edirlər.

Tədbirdə ehtiyatda olan  polkovnik Cəlil Xəlilov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixində qanlı iz buraxmış və dünya ictimaiyyəti və dövlətləri tərəfindən tanınan bir faciə olduğunu söyləmişdir. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində dövlətin apardığı siyasətə diaspor təşkilatlarımızın, xarici ölkələrdəki səfirliklərimizin, gənclərimizin böyük dəstək olduğunu demişdir. Qeyd etmişdir ki, ermənilərin törətdikləri Xocalı soyqırımı ilə bağlı kitablar tərcümə edilərək dünya ölkələrində yayımlanır.

C.Xəlilov həmçinin bu gün gənclər arasında vətənpərvərlik təbliğatının aparılmasında veteranların qarşısında çox böyük vəzifələr durduğunu da vurğulamışdır. Bildirmişdir ki, yetişməkdə olan nəsil ermənilərin zaman-zaman başımıza gətirdikləri dəhşətli faciələr barədə mütləq geniş məlumatlandırılmalıdır ki, gələcəkdə bu həqiqətləri beynəlxalq aləmdə tanıda bilsinlər. Hamımız birləşərək dövlətin bu istiqamətdə apardığı siyasəti dəstəkləməliyik. Hər bir azərbaycanlı mübarizə aparmalı, haqq səsini bütün dünya ictimaiyyətinə çatdırmalıdır.

Digər çıxış edənlər də Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsinin tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımı aktlarından biri olduğunu bildirmişlər. Belə bir yekdil inam ifadə olunmuşdur ki, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan tezliklə öz torpaqlarını işğaldan azad edəcəkdir.

 

Azərbaycan.-2014.- 26 fevral.- S.8.