Xocalı soyqırımı qurbanlarının xatirəsi xarici ölkələrdə anılmışdır

 

Türkiyə

 

 

Fevralın 25-də Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları və adamları iştirak etmişlər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində TRT kanalının Xocalı soyqırımı ilə bağlı hazırladığı sənədli film nümayiş olunmuşdur.

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirmişdir ki, dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Türkiyənin bir çox şəhərlərində, universitetlərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilir. Şəhidlərin əziz xatirəsini yad etmək, Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətləri dünyaya yaymaq bizim borcumuzdur. Səfir Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqda qardaş Türkiyənin daim Azərbaycana dəstək olduğunu vurğulamışdır.

Diplomat diqqətə çatdırmışdır ki, fevralın 26-sı təkcə Azərbaycan üçün deyil, Türkiyə, ümumiyyətlə, insanlıq üçün də kədərli gündür. İyirmi iki il əvvəl Xocalıda ermənilərin vəhşicəsinə qətlə yetirdikləri dinc insanların xatirəsini anırıq. Bu, insan olaraq hamımızın borcudur. Həm də məqsədimiz odur ki, dünya ictimaiyyəti bu vəhşilikləri törədən erməniləri daha yaxşı tanısın.

Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu demişdir ki, 22 il əvvəl Xocalıda baş verən bu qanlı günləri tez-tez xatırlamaq lazımdır. Bildirilmişdir ki, ermənilər tarix boyu türklərə qarşı terror aktları törətmişlər. Kipr türkləri azərbaycanlı qardaşlarının bu kədərini bölüşür.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirmişdir ki, Dağlıq Qarabağın işğalında cinayətin ən yüksək zirvəsi olan Xocalı soyqırımı bütün türk dünyasının faciəsidir. Bu soyqırımının törədilməsində əli olanlar cinayət əməllərinə görə cavab verməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Xocalı faciəsinin tarixi haqqında danışmışdır. O demişdir ki, biz Xocalıda bu qətliamı törədənləri unutmamalıyıq, həmin hadisələrdən ibrət dərsi götürməliyik. Ermənilər tarix boyu türklərə qarşı silsilə cinayətlər törətmişlər. Bu hadisələr ermənilərin Azərbaycan xalqına qarşı hərbi təcavüzünü bir daha göstərdi. Vaxtilə Azərbaycan xalqına qarşı cinayət törətmiş Serj Sarkisyan hazırda Ermənistanın prezidentidir. Ədalətdən, insan haqlarından danışan dünya dövlətləri Xocalı hadisələrindən məlumatlı olsalar da, bu ədalətsizliyə hələ də son qoyulmur, beynəlxalq miqyasda soyqırımına lazımi siyasi-hüquqi qiymət verilmir. Əminəm ki, Azərbaycan və Türkiyə bununla bağlı  birgə səyləri daha da artıracaqlar.

 

 

 

İran

 

 

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Baş konsulluqdan verilən məlumata görə, mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciənin səbəbləri və acı nəticələri haqqında məlumat verilmişdir.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi surətdə məhv edilməsi məqsədilə həyata keçirildiyini bildirmişdir. Xocalı soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyət əleyhinə cinayət olduğu, tarix boyu erməni ekstremist qüvvələrinin "böyük Ermənistan" yaratmaq planı ilə Azərbaycan, İran və Türkiyə ərazilərində yerli əhaliyə qarşı qırğınlar törətdiyi, Azərbaycanın qədim tarixi torpaqlarında qurulmuş Ermənistan dövlətinin daim Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürdüyü diqqətə çatdırılmışdır. 

Əli Əlizadə erməni millətçilərinin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək üçün "erməni soyqırımı" və digər yalan iddialarla çıxış etdiyini, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının bu cür cinayətlərin təkrar həyata keçirilməsinin qarşısının alınmasında vacib rol oynayacağını, faciədən 22 il ötməsinə baxmayaraq, əksər dünya dövlətlərinin məsələyə hələ də ikili standartlarla yanaşdığını qeyd etmişdir. Bu faciənin dünya dövlətlərində, xüsusilə müsəlman ölkələrində anılmasının, gələcək nəsillərə çatdırılmasının önəmi vurğulanmışdır.

Baş konsul Xocalı qətliamının ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən soyqırımı kimi öz siyasi-hüquqi qiymətini aldığını vurğulamışdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti, xalqı və qeyri-hökumət təşkilatları tərəfindən aparılan işlər nəticəsində bu soyqırımına siyasi-hüquqi qiymət verən dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığı diqqətə çatdırılmışdır. Bu faciənin beynəlxalq səviyyədə tam siyasi-hüquqi qiymət alması üçün dünya dövlətləri, xüsusilə müsəlman ölkələri tərəfindən dəstək verilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Mərasimdə iştirak edən İranın Şərqi Azərbaycan Vilayətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri Seyid Yusif Bəşiri çıxış edərək Xocalıda baş verənlərin bir insanlıq faciəsi olduğunu bildirmişdir. O, İslam dininə görə hətta bir günahsız insanın qətlə yetirilməsinin bəşəriyyətin məhvinin günahına bərabər tutulduğunu qeyd etmiş, islami dəyərlərə görə Xocalı, Vyetnam, Fələstin və başqa ərazilərdə baş vermiş nəinki kütləvi qırğın, hətta tək bir insanın öldürülməsinin də cinayət olduğunu vurğulamışdır. O, İranın da minlərlə şəhidinin olduğunu qeyd edərək İran xalqının dünyada törədilən qırğınların, o cümlədən Xocalı qətliamının acısını dərindən hiss etdiyini diqqətə çatdırmışdır.

Mərasimdə İranda fəaliyyət göstərən azərbaycanlı adamı, Qarabağ müharibəsi veteranı Vahid Şərafəddinov çıxış edərək Qarabağ müharibəsində özünün şahidi olduğu hadisələrdən danışmışdır. O, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə nümunə olaraq Zori Balayanın "Ruhumuzun canlanması" əsərində müəllif tərəfindən azərbaycanlı körpə uşağın vəhşicəsinə  qətlə yetirilməsi epizodunu misal çəkmiş, Xocalı qırğınının müharibənin təsadüfi nəticəsi yox, məqsədli şəkildə törədilmiş soyqırımı olduğunu bildirmişdir.

 

Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş və faciə qurbanlarının xatirəsinə ehsan verilmişdir.

Xocalı faciəsinə dair jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanmışdır.

Onlar baş konsulluq tərəfindən Xocalı soyqırımına aid şəkillərdən hazırlanmış stendə və sərgiyə baxmış, həmçinin kitab, jurnal və bukletlərlə tanış olmuşlar.

Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin rəsmiləri, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və bu ölkənin baş konsulluğunun əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.

 

 

 

Böyük Britaniya

 

 

Böyük Britaniyanın Aberdin Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş nümayiş keçirilmişdir.

İki saata yaxın davam edən aksiyada azərbaycanlı tələbələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar nümayiş etdirmişlər.

Nümayiş çərçivəsində soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanmışdır.

 

 

 

Çin

 

 

 

Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

ÇXR-də yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən olan Xocalı soyqırımı haqqında danışan Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov bildirmişdir ki, "böyük Ermənistan" dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.

Səfir demişdir ki, Xocalıda törədilmiş vəhşiliklər təkcə bir xalqa qarşı yönəlmiş cinayət deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı olan bir qəddarlıq idi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Qeyd olunmuşdur ki, Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Elə bu siyasətin nəticəsidir ki, bir neçə ölkə və beynəlxalq təşkilat Xocalı hadisələrini soyqırımı aktı kimi tanımışdır.

Səfir Lətif Qəndilov Çin ictimaiyyətinin Xocalı hadisələri barədə məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində iki il əvvəl fəaliyyətə başlamış www.huojiali.com saytının səmərəli fəaliyyətini də qeyd etmişdir. Bu istiqamətdə Çində yaşayan və təhsil alan azərbaycanlıların daha fəal olmalarının əhəmiyyəti vurğulanmışdır.

Tədbirdə Qarabağ hadisələrinin şahidləri olanlar erməni millətçilərinin törətdikləri qırğınlar barədə danışmışlar. Qeyd olunmuşdur ki, heç bir cinayət cəzasız qalmadığı kimi, xalqımıza qarşı olan bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını alacaqlar. Bu gün Azərbaycan rəhbərliyi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün məqsədyönlü siyasət aparır, sülh danışıqlarına sadiq olan ölkəmiz ordu quruculuğuna, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsinə böyük diqqət göstərir.

Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunmuşdur.

 

 

 

Yaponiya

 

 

Azərbaycanın Yaponiyadakı səfirliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirir.

Heydər Əliyev Fondunun dəstəyi ilə səfirlikdə Xocalı soyqırımının qurbanlarına həsr olunmuş fotosərgi təşkil edilmişdir. Sərgidə faciə ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyə göndərilmiş materiallar, o cümlədən "İRS-İsan" jurnalının ingilisyapon dillərində nəşrləri, kitablar və broşürlər nümayiş etdirilir və ziyarətçilərə paylanılır. Azərbaycan xalqının qan yaddaşına yazılmış faciənin növbəti ildönümü ərəfəsində səfirliyə gələnlərə soyqırımı barədə geniş məlumat verilir.

Bildirilir ki, artıq 22 ildir Azərbaycan dövləti tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görülür. Artıq dünya dövlətləri Xocalı soyqırımını tanımağa başlamışlar. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının böyük rolu vardır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Bununla yanaşı, Yaponiya parlamentinə, digər dövlət və hökumət strukturlarına, bu gündoğar ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, ali təhsil ocaqlarına və kütləvi informasiya vasitələrinə soyqırımıdan bəhs edən mətbuat məlumatı və nəşrlər də göndərilir.

 

 

 

Almaniya

 

 

 

Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş izdihamlı yürüş-mitinq keçirilmişdir.

Aksiya Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunmuşdur.

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi yazılmış Xocalı faciəsinin anım mərasimində Bielefeld, Hannover, Hamburq və Almaniyanın digər şəhərlərindən gəlmiş 350-dən çox həmvətənimiz, türk diaspor təşkilatlarının təmsilçiləri, adamları, ictimai-siyasi xadimlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan, Türkiyə və Almaniyanın bayraqlarının dalğalandığı Bielefeld şəhərinin mərkəzi meydanında mitinq ilə başlanmışdır.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayan mitinqdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva çıxış edərək XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat vermiş, Almaniyanın müxtəlif bölgələrindən Azərbaycan diaspor cəmiyyətlərinin mitinq-yürüşə qatıldığını bildirmişdir.

Hannover şəhərindəki "Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha genişmiqyaslı işlərin görülməsinin vacibliyindən danışmış, soydaşlarımızı bu işdə daha fəal olmağa çağırmışdır.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı çıxış edərək, qeyri-sabit hava şəraitinə baxmayaraq, Almaniyanın mərkəzi şəhərlərindən birində yüzlərlə azərbaycanlının və türk diaspor təşkilatlarının təmsilçilərinin iştirak etməsini xüsusi dəyərləndirmiş, belə bir anım mərasiminin təşkilatçısına, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinə minnətdarlığını bildirmişdir.

Dr. Ruslan Ceferi çıxış edərək Xocalı faciəsi ilə bağlı Azərbaycan-Alman Dostluq Cəmiyyətinin hazırladığı bəyanatı iştirakçıların diqqətinə çatdırmış, bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan bu qətliama dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsinin zəruriliyini vurğulamışdır.

Sonra yürüş olmuş, iştirakçılar nizamlı şəkildə Bielefeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı faciəsinin soyqırımı kimi dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarlarının Dağlıq Qarabağı tərk etmələrini tələb etmişlər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı bu yürüş zamanı şəhər sakinlərinə soyqırımı barədə vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanmışdır.

Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri meqafon vasitəsilə şəhər sakinlərinə və qonaqlara Xocalı faciəsi haqda məlumat vermiş, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış etmişlər. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkilləri, plakatları, Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları alman və Azərbaycan dillərində "Qarabağa azadlıq", "Xocalıya ədalət", "Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun" və digər şüarlar səsləndirmişlər.

Yürüş-mitinq şəhərin Jahn-Platz meydanında başa çatdıqdan sonra Bielefeld şəhərinin mərkəzi akt zallarının birində "Xocalı həqiqətləri" mövzusunda konfrans keçirilmişdir.

Hər iki tədbir yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

 

 

 

Argentina

 

 

Fevralın 24-də Azərbaycanın Argentinadakı səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş "Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri" mövzusunda seminar keçirilmişdir.

Xarici  İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Argentinanın dövlət qurumlarının, diplomatik korpusun, akademik dairələrin, müxtəlif dinimilli icma təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Xocalı hadisələri barədə məlumat verilmiş və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra La Plata Universitetinin Azərbaycanşünaslıq kafedrası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri - Rosario Universitetindən Alexandro CardenasKordoba Universitetindən Clara Trillini müvafiq olaraq "Dağlıq Qarabağ məsələsi" və "Ermənistan-Azərbaycan münaqişəsi və BMT" mövzularında hazırladıqları yazılar əsasında çıxış etmişlər. Onlar Azərbaycana səfərləri zamanı bu ölkənin dinamik inkişafının, çoxmədəniyyətliliyinin, gənclərə və təhsilin inkişafına verilən önəmin şahidi olduqlarını bildirmiş, Dağlıq Qarabağın erməni icmasının bu məqamları nəzərə almasının vacibliyini vurğulamışlar.

Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor Paulo Botta Cənubi Qafqazdakı geosiyasi vəziyyətdən, Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən strateji əhəmiyyətli enerji, infrastruktur və nəqliyyat layihələrindən, Azərbaycan ərazilərini işğal etməsi səbəbindən Ermənistanın bu layihələrdən kənarda qalmasından danışmışdır. Güc tətbiq etməklə bir dövlət tərəfindən digər dövlətin ərazilərinin işğalının yolverilməz olduğunu vurğulayan P.Botta Ermənistanın inkişafı üçün ən optimal yolun Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qoşulması olduğunu qeyd etmişdir. Bunun üçün isə əvvəlcə Ermənistanın öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmasının vacibliyi diqqətə çatdırılmışdır.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlər, rəsmi Bakının münaqişənin nizamlanmasına dair mövqeyi barədə danışmışdır. Azərbaycanın regionun inkişafına verdiyi töhfələr və ölkəmizin təşəbbüskarı olduğu strateji layihələr barədə məlumat verən M.Əhmədzadə müxtəlif iqtisadi-sosial göstəricilərin qarşılıqlı müqayisəsini verməklə qısa müddət ərzində Azərbaycan ilə Ermənistan arasında ölkəmizin xeyrinə formalaşmış böyük fərqi diqqətə çatdırmışdır. Səfir bu fərqin getdikcə daha da dərinləşəcəyini bildirərək, münaqişənin tezliklə nizamlanmasının Ermənistana və ümumilikdə regiona gətirəcəyi faydalardan bəhs etmişdir.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanmışdır.

Tədbir başlamamışdan əvvəl Argentinadakı erməni icmasının nümayəndələri səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışmış, iştirakçıların ünvanına təhqiramiz ifadələr səsləndirmiş, habelə səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstərmişlər. Hüquqmühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınmışdır. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri fevralın 26-da Azərbaycan səfirliyinin qarşısında növbəti aksiya keçirəcəklərini bəyan edərək səfirliyin qarşısından uzaqlaşmışlar.

 

 

 

Malayziya

 

 

Fevralın 25-də Azərbaycan Respublikasının Malayziyadakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma mərasimi təşkil olunmuşdur.

Səfirlikdən bildirmişlər ki, dövlət və hökumət qurumlarının, diplomatik korpusun, Malayziyanın Azərbaycan şirkətləri ilə əməkdaşlıq quran müəssisələrinin, yerli ictimaiyyətin və KİV nümayəndələrinin, bu ölkədə yaşayan soydaşlarımızın iştirak etdikləri mərasimdə Səriyyə Müslümqızının "Xocalı uşaqları, qan içində qar çiçəyi" adlı povestinin malay dilinə tərcüməsi təqdim edilmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Qaley Allahverdiyev Xocalı soyqırımı haqqında danışmış, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı elan olunmamış müharibə ilə bağlı məlumat vermişdir. Diplomat müstəqilliyimizin ilk dövrlərində dövlətimizə qarşı aparılan haqsız müharibədə Ermənistanın işğalçı qoşunları tərəfindən törədilmiş cinayətləri açıqlamış, Xocalı soyqırımına hüquqi qiymət verilməsi prosesindən, dünya ictimaiyyətinin diqqətinin bu faciəli hadisəyə yönəldilməsinin vacibliyindən danışmış, bir sıra ölkələrin parlamentlərində, beynəlxalq təşkilatların sənədlərində Xocalı faciəsinin insanlıq əleyhinə cinayət aktı olaraq təsdiqləndiyini vurğulamışdır.

Daha sonra Q.Allahverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Xocalı soyqırımı ilə bağlı həqiqətləri yerli ictimaiyyətə daha geniş çatdırmaq məqsədilə səfirlik tərəfindən malay dilinə tərcümə edilərək çapdan buraxılan "Xocalı uşaqları, qan içində qar çiçəyi" povestində cərəyan edən hadisələr və onun Xocalıdan olan müəllifi haqqında məlumat vermiş, əsərin tərcüməsində iştirak etmiş mütəxəssislərə təşəkkürlərini çatdırmışdır. O bildirmişdir ki, kitabın nüsxələri Malayziyanın ictimai kitabxanaları və elm-təhsil ocaqlarına göndərilmişdir.

 

Azərbaycanlı diplomat mərasimdə iştirak edən mətbuat nümayəndələrinin Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi, habelə bu məsələlərin Malayziyada tanıdılması ilə bağlı suallarını cavablandırmışdır.

Mərasim iştirakçılarına Xocalı soyqırımı ilə bağlı kitablar, broşürlər və jurnallar paylanılmışdır. 

 

 

 

Ukrayna

 

 

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB), Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

UAGB-dən bildirilmişdir ki, tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.

UAGB-nin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova ermənilərin 22 il əvvəl Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklər haqqında məlumat vermişdir. O demişdir ki, ermənilər Xocalı şəhərində törətdikləri soyqırımı aktına görə tarix qarşısında cavab verəcəklər.

Dnepropetrovsk vilayətinin deputatı Fəxrəddin Muxtarov, Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Zöhrab Nəcəfov, Nəcəf Əhmədov, UAGB-nin sədri Anar Tahirov və digər soydaşlarımız çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasətindən danışmışlar. Onlar Azərbaycanın iqtisadi, hərbi qüdrətinə görə bölgədə lider dövlətə çevrildiyini bildirmiş, işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşmən tapdağından xilas ediləcəyinə əminliklərini bildirmişlər.

Tədbir iştirakçıları Azərbaycan və Ukrayna televiziyalarının birgə hazırladığı "Qarabağ - tarixin burulğanında" filminə baxmış,  özlərini dünyada yazıq və məzlum xalq kimi təqdim edən ermənilərin əsl mahiyyəti ilə tanış olmuşlar.

Filmə baxdıqdan sonra çıxış edən Dnepropetrovsk Vilayət Administrasiyasının gənclər şöbəsinin sədr müavini Aleksander Zolotouxin və başqaları ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri insanlığa qarşı bəşəri cinayət adlandırmışlar. İndiyədək dünya birliyinin bu faciəyə lazımi hüquqi-siyasi qiymət verməməsini haqsızlıq kimi qiymətləndirmişlər.

Anım mərasimində Xocalı soyqırımına dünya miqyasında hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 26 fevral.- S.12.