Tokioda Yaponiya ilə Azərbaycan arasında ticari-iqtisadi

 sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Fevralın 26-da Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclası keçirilmişdir.

Yaponiya nümayəndə heyətinin rəhbəri, "İtoçi" korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi Azərbaycan nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirmiş, iki dost ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulamışdır.

İclasın Azərbaycan xalqı üçün kədərli gün olan 26 fevrala təsadüf etdiyini xatırladan Y.Kobayaşi bu faciənin yapon xalqının da kədərinə səbəb olduğunu qeyd etmiş, xalqımıza başsağlığı vermişdir.

Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin digər ölkələr üçün də nümunə ola biləcəyini qeyd edən Y.Kobayaşi yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində fəal iştirakını vurğulamışdır. Yaponiya nümayəndə heyətinin tərkibində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış yapon şirkətlərinin də təmsil olunduğunu diqqətə çatdırmış, nəzərdə tutulan məsələlər ətrafında aparılacaq müzakirələrin konkret nəticələrə gətirib çıxaracağına əminliyini bildirmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Abid Şərifovun təklifi ilə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını iclas iştirakçılarına çatdıran A.Şərifov qeyd etmişdir ki, ötən illər Azərbaycan-Yaponiya dostluğunun möhkəmlənməsi ilə yadda qalmışdır. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə əlaqələr quran ilk dövlətlərdən biridir.

Azərbaycanda həyata keçirilən uğurlu daxilixarici siyasət nəticəsində beynəlxalq müstəvidə respublikamızın nüfuzunun artdığını deyən Baş nazirin müavini diqqətə çatdırmışdır ki, ölkəmiz bütün dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycanda çalışan Yaponiya şirkətləri bunun canlı şahididirlər.

Yapon şirkətlərinin Azərbaycan iqtisadiyyatına 100 milyonlarla dollar sərmayə qoyduğunu vurğulayan A.Şərifov ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirmiş və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan vermişdir.

Ölkəmizdə həyata keçirilən iri layihələr barədə qonaqlara məlumat verən Baş nazirin müavini sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar barədə də ətraflı danışmışdır.

Yaponiya ilə əməkdaşlıq sahələri arasında enerji, neft-qaz hasilatının xüsusi yer tutduğunu diqqətə çatdıran A.Şərifov demişdir ki, yapon şirkətləri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlində iştirak edirlər. Yaponiya şirkətləri ümumi dəyəri 45 milyard dollar olan və "Şahdəniz-2" və "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil ediləcək Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TANAP və TAP layihələrinin reallaşmasında fəal iştiraka dəvət olunmuşlar.

Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə əməkdaşlıq üçün əlverişli imkanların yarandığını vurğulayan Baş nazirin müavini yapon şirkətlərini yeni sənaye obyektlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye, sumeliorasiya təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri və digər sahələrdə də əməkdaşlığa çağırmışdır.

İclasda çıxış edən Yaponiya xarici işlər nazirinin birinci müavini Nabuo Kişi iki xalq arasında dostluq münasibətlərinin inkişafında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, xalqlar arasında mehriban münasibətlərin formalaşmasında qarşılıqlı əməkdaşlıq mühüm rol oynayır və ötən il Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış dostluq və əməkdaşlıq mübadiləsi sazişi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək ölkəmizin Yaponiya ilə münasibətlərə mühüm əhəmiyyət verdiyini, qarşılıqlı əməkdaşlıq əlaqələrinin hər iki xalqın tərəqqisinə xidmət etdiyini vurğulamışdır.

Sonra nümayəndə heyətləri təqdimatlarla çıxış etmişlər.

Sonda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclasının protokolu imzalanmışdır.

 

 

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tokio

Azərbaycan.-2014.- 27 fevral.- S.2.