Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmayacaqdır

 

Bu fikir Naxçıvanda keçirilən anma mərasimində səslənmişdir

 

 

Fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Xatirə kompleksində anma mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov Xatirə kompleksindəki soyqırımı abidəsinin önünə gül dəstəsi qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.

Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ziyalılar, ictimaiyyətin nümayəndələri də Xocalıda erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırımı abidəsinin önünə gül qoymuşlar.

Anma mərasimində qeyd edilmişdir ki, erməni millətçiləri əzəli Azərbaycan torpaqları hesabına mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiyaetnik təmizləmə həyata keçirmişlər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı bu siyasətin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatacı alayı Xocalı şəhərinə hücum etdi. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirildi. Bir gündə 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar idi. Xocalı qətliamında 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüşdür. Soyqırımı nəticəsində bir günün içində Xocalı adlı şəhər yer üzündən silinmişdir. Soyqırımı aktı zamanı Xocalıda qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmiş, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə belə aman verilməmişdir.

Qeyd olunmuşdur ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir. Ulu öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanat verərək Xocalı soyqırımını törədənləri ittiham etmişdir. Ümummilli lider 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə fevralın 26-sı "Xocalı Soyqırımı Günü" elan olunmuşdur. Ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il 25 fevral tarixli sərəncamı ilə hər il fevral ayının 26-sında saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə demişdir: "Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır".

Xocalı soyqırımının, Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xeyli görülmüşdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası təsis olunmuşdur. 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri "Xocalıya ədalət!" kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi və "Xocalıya ədalət!" kampaniyasının beynəlxalq səviyyədə genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 13-də "Xocalıya ədalət!" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır.

Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımını bu gün beynəlxalq ictimaiyyət hiddətlə qınayır, dünyanın hər yerində bu soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Artıq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Peru, BosniyaHerseqovina parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımış, Rumıniya, Kanadaİordaniya parlamentləri isə bu barədə xüsusi bəyanat qəbul etmişlər. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının bir sıra ştatlarının qanunverici orqanları da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarmışlar.

Tədbirin aparıcıları qeyd etmişlər ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutmamalıdır ki, fevralın 26-sı təkcə faciə tariximiz deyil, eyni zamanda, ərazi bütövlüyümüzün bərpası və işğala son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir".

Bu gün Azərbaycan sürətlə inkişaf edir, iqtisadi qüdrətini artırır, dünya dövlətləri arasında öz layiqli mövqeyini daha da möhkəmləndirir. Artıq torpaqlarımızı mətinliklə müdafiə edən, ərazi bütövlüyümüzün təminatçısı olan müzəffər ordumuzbu ordunun Ali Baş Komandanı vardır. Xalqımız əmindir ki, işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Xocalıda dalğalanacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Fevralın 26-da muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

Azərbaycan.-2014.- 27 fevral.- S.2.