Finlandiyada yaşayan azərbaycanlılar və türklər Avropa Parlamentinə

 Xocalı soyqırımının tanınması ilə bağlı müraciət etmişlər

 

Finlandiya Azərbaycanlıları Assosiasiyası (FAA) Helsinki şəhərinin "Caisa" mədəniyyət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı" adlı sərgi keçirmişdir.

AzərTAc xəbər verir ki, sərginin açılışında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sərgidə AzərTAc-ın FAA-ya təqdim etdiyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap olunmuş və Xocalı faciəsindən bəhs edən kitablar, broşürlər, qətliamı əks etdirən fotoşəkillər və sənədli film nümayiş olunmuşdur. Tədbir iştirakçıları Avropa Parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət qəbul etmişlər. Həmin müraciət Finlandiya parlamentinə və bu ölkədə fəaliyyət göstərən xarici səfirliklərə də göndərilmişdir.

Finlandiya Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay sərginin açılışında çıxış edərək 22 il bundan əvvəl törədilmiş Xocalı faciəsinin köklərinin əslində daha da keçmişə getdiyini vurğulamış, ermənilərin əsrlər boyu türklərə nifrət bəslədiklərini bildirmişdir.

Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağa Xocalı  faciəsinin Xatın, Liditsa, Oradur soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı qırğınlarla bir sırada durduğunu söyləmişdir. Bildirilmişdir ki, hər kəs bu faciə ilə bağlı həqiqətləri başqalarına danışmalı və yaymalıdır. Bu işin daha da səmərəli olması üçün gənclər fəallıq nümayiş etdirməlidirlər.

Tədbirdə iştirak edən Tampere Universitetinin tibb fakültəsinin müəllimi Minə Eray çıxışında ermənilərin türklərə və azərbaycanlılara qarşı tarix boyu vəhşiliklər törətdiklərini demişdir.

 

Azərbaycan.-2014.- 27 fevral.- S.6.