Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

 rəisi Gəncədə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov fevralın 27-də Gəncə şəhərində qəbul keçirmişdir.

Qəbulda Gəncə, Mingəçevir şəhərlərindən, Samux, Göygöl, Goranboy, Daşkəsən və Kəlbəcər rayonlarından olan  vətəndaşlar Xidmətin şöbə və bölmələrində işə və həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərə müddətin verilməsi və onların ailə vəziyyəti ilə əlaqədar yaşadıqları əraziyə yaxın olan hissələrdə xidmət etmələri və digər məsələlərlə bağlı müraciət etmişlər.

Ümumilikdə qəbul zamanı 50 nəfərdən artıq vətəndaşın müraciətlərinin bəziləri yerindəcə həll edilmiş, araşdırılması tələb olunan digər məsələlər nəzarətə götürülmüşdür.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır. Vətəndaşlar görüşdən razı qaldıqlarını bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 28 fevral.- S.3.