Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsini yaşayır

 

İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Müstəqil Azərbaycanın ötən 10 ildə demokratikləşmə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması da bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

Antik yunan mütəfəkkiri Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Belə dahi şəxsiyyətlər xalqlarının taleyində əvəzsiz rol oynayaraq tarixdə əbədiyaşarlıqlarını təmin etmişlər.

XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət - ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verərək bu meyarları demokratik inkişafın başlıca leytmotivi saymışdır. "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz" deyərək ictimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin başlıca formuluna çevirən Heydər Əliyev dühası yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab edirdi.

Vətəndaşların Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasına xidmət edən hüquqi dövlət quruculuğu bilavasitə müasir standartlara cavab verən və hüquq siyasətinin formalaşdırılmasında özünəməxsus missiya daşıyan ədliyyə sisteminin yaradılmasını şərtləndirir. Digər tərəfdən, istənilən hüquqi dövlətdə ədliyyə sistemi ölkənin iqtisadi və siyasi inkişafında, milli qanunvericiliyin formalaşmasında, ictimai münasibətlərin nizamlanmasında, ölkə vətəndaşlarının və bütünlükdə dövlətin hüquqlarının qorunmasında əsas faktordur.

 

 

 

Ədliyyə və məhkəmə-hüquq islahatlarında yeni mərhələ

 

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ədliyyə və məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Keyfiyyətli, peşəkar ədliyyə fəaliyyəti qanunun aliliyinin təmin olunduğu, vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına qarşı yönəlmiş hər hansı cəhdlərin qarşısının dərhal və qətiyyətlə alındığı hüquq məkanının formalaşmasının zəruri şərtidir.

Ədliyyə sisteminin bu səciyyəsi, keyfiyyətləri mahiyyət etibarı ilə hər zaman təkmilləşmək, yeniləşmək, çağdaş dünyanın tələblərinin nəzərə alınmasını tələb edir. Müasir ədliyyə fəaliyyəti cəmiyyətdəki dəyişikliklərə həssas, baş verən proseslərlə ayaqlaşmaq üçün hər zaman islahat potensialına malik olmalıdır.

Son 10 ildə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, bu sahədə fəaliyyətin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.

2006-cı ildə Ədliyyə Nazirliyinin yeni əsasnaməsinin qəbul edilməsi, ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun, habelə ədliyyənin inkişafına dair ayrıca dövlət proqramının qəbulu ilə ədliyyə sistemində miqyaslı islahatlara start verildi və əhəmiyyətli dəyişikliklər aparıldı. Bu istiqamətdə həyata keçirilənlər nazirlik rəhbərliyinin də bu məsuliyyəti dərk edərək səylə fəaliyyət göstərdiyini söyləməyə əsas verir.

Nazirlikdə yeni qurumların - Ədliyyə Akademiyasının, regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur. Son illər dinamik inkişaf yolu keçən Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri xeyli təkmilləşib, bu gün nazirlik ənənəvi xarakter daşımayan geniş səlahiyyətlərə malikdir.

Ədliyyə Nazirliyinin əsas vəzifələrindən biri ölkədə vahid hüquq məkanının formalaşdırılmasıdır. Ölkəmizin iqtisadi inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönələn normativ-hüquqi aktların işlənilməsində, ictimai həyatın müxtəlif sahələrini əhatə edən qanunvericilik aktı layihələrinin hazırlanmasında Ədliyyə Nazirliyinin fəaliyyəti olduqca mühüm əhəmiyyət kəsb edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, nazirlik tərəfindən son 10 ildə 20 minədək qanunvericilik aktı layihəsi ekspertizadan keçirilmiş, 2200-dən çox layihə hazırlanmışdır. Ölkədə hüquqi aktların dövlət reyestrinin aparılması təsbit olunub ki, Ədliyyə Nazirliyi bu işi yüksək səviyyədə təşkil edib. Qanunvericilik bazasının elektron variantları tam açıq formada bütün vətəndaşlarımızın istifadəsinə verilmişdir və hamı da ondan çox səmərəli istifadə edir.

Nazirlik tərəfindən aparılan sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestri iş adamları üçün əməli əhəmiyyət daşıyır. Belə ki, sahibkarlar rahat şəkildə nazirliyin elektron xidmətlər bölməsi və "1650" avtomatlaşdırılmış telefon xidməti vasitəsilə məlumat almaq və müraciət etmək imkanına malikdirlər.

Ötən dövrdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən qurulub, təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri xeyli genişləndirilib. Dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyətini daim nəzarətdə saxlayan ölkə Prezidentinə bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın təqdim olunması icra sahəsində xeyli irəliləyişlərə səbəb olmuşdur. Həmçinin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi xeyli təkmilləşdirilərək nazirliyin internet saytında yeni elektron xidmət istifadəyə verilmişdir ki, hər kəs sayta daxil olub özü ilə bağlı qadağanın olub-olmamasını öyrənə bilər.

Çoxşaxəli fəaliyyət istiqamətləri olan Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəli həyata keçirilməsi, bu sahədə məqsədyönlü işlərin aparılması da çox əhəmiyyətlidir. Bu yaxınlarda nazirliyin Milli Məclisdə dinlənilmiş illik məruzəsindən də aydın olur ki, ötən dövrdə nazirlik tərəfindən inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayında artım müşahidə olunmuş, bu sahədə qanun pozuntularının aradan qaldırılması xüsusi diqqət mərkəzində saxlanılmış, bələdiyyələrə zəruri metodiki köməklik göstərilmişdir.

2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə əlaqədar Nazirliyin fəaliyyətində yeni İKT-lərin tətbiqi üzrə əhatəli tədbirlər həyata keçirilmişdir. 7 növ yeni elektron xidmət istifadəyə verilmiş, ədliyyə qurumları və məhkəmələrlə vahid elektron sənəd dövriyyəsi sistemi yaradılaraq 30 pilot qurumda tətbiqinə başlanılmış, bütün struktur qurumlar lokal elektron şəbəkə ilə təmin olunmuşdur. Bununla yanaşı, "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi sınaq rejimində fəaliyyət göstərir.

 

 

 

Azərbaycan təcrübəsi örnək kimi göstərilir

 

 

 

Son illər ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, bu sahədə qazanılmış nailiyyətlər beynəlxalq aləmdə böyük maraq doğurur. Təsadüfi deyil ki, bir çox nüfuzlu beynəlxalq qurumlar həyata keçirilən islahatların mütərəqqiliyini, Azərbaycan dövlətinin məhkəmə-hüquq sisteminin inkişafına xüsusi diqqətini öz hesabatlarında qeyd edərək bunu çox yüksək qiymətləndirirlər.

Eyni zamanda, bu islahatların tərəqqisini görən nüfuzlu beynəlxalq təşkilatların və maliyyə qurumlarının da Azərbaycanın ədliyyə və məhkəmə sistemindəki tədbirlərə dəstək təşəbbüsünü qeyd etmək lazımdır. Bu sahədə Avropa Komissiyası ilə birgə "Ədliyyə sahəsində islahatlara dəstək" proqramının və Dünya Bankı ilə birgə "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin uğurla həyata keçirilməsi ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi üzrə işlərə, ən  əsası isə, vətəndaşların bu orqanlara müraciət imkanlarının asanlaşdırılmasına, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə təmin olunmasına böyük töhfələr verir.

Bununla yanaşı, ədalət mühakiməsinin çatımlılığı üzrə göstəriciləri nəzərə alaraq son illər ərzində ölkə ərazisində geniş regional məhkəmə şəbəkəsinin, o cümlədən vahid apelyasiya məhkəməsini əvəz edən regional apelyasiya məhkəmələrinin, həmçinin ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələrin yaradılması yalnız bir məqsədə - regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Ümumiyyətlə isə Prezident İlham Əliyevin fərmanlarına əsasən

20-dək yeni məhkəmə yaradılmışdır ki, bu da ölkənin bütün məhkəmələrinin 15-ni təşkil edir.

Son illərədək Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına digər üzv dövlətlərlə müqayisədə aşağı göstərici ilə xarakterizə edilirdi, hər 100 min nəfərə orta hesabla 4 hakim düşürdü. Həmçinin məhkəmələrin səlahiyyətlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi, habelə əhalinin məhkəmə sisteminə inamının artması işin həcminin xeyli yüksəlməsi ilə nəticələnmişdir. Bu da işlərin vaxtında və keyfiyyətlə baxılmasına təsir edirdi. Bu məqsədlə ölkə başçısının fərmanları ilə hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırıldı, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırıldı, hər bir hakimə köməkçi ştatı ayrıldı.

Məlumdur ki, ölkəmizdə hakimlərin şəffaf prosedurlarla çoxpilləli seçim qaydası müəyyən edilmişdir. Artıq bu qaydalar əsasında 2600-dən çox namizəd sırasından 307 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək müxtəlif hakim vəzifələrində səmərəli çalışır. Heç də təsadüfi deyil ki, Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər həm cəmiyyətimiz tərəfindən, həm də beynəlxalq aləmdə öz yüksək qiymətini almışdır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyası (CEPEJ) ölkəmizdə hakimlərin seçim prosedurunu Avropada örnək kimi dəyərləndirmişdir. Avropa İttifaqı tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da bu seçim nümunə kimi qiymətləndirilərək digər üzv-dövlətlərə tövsiyə edilmişdir.

Azərbaycan ədliyyəsinin inkişafı üzrə həyata keçirilən uğurlu islahatlar nazirliyin beynəlxalq hüquqi inteqrasiya prosesini də sürətləndirmişdir. Bu gün Ədliyyə Nazirliyi yüksək beynəlxalq imicə malikdir, dünyanın 26 ölkəsinin ədliyyə nazirlikləri ilə bağlanmış ikitərəfli sazişlər çərçivəsində səmərəli əməkdaşlıq edir. Nazirlik mərkəzi və əlaqələndirici orqan qismində 13 çoxtərəfli, 30-dək ikitərəfli müqavilənin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir. Eyni zamanda, ölkəmizin beynəlxalq təşkilatlar daxilində yüksək təşəbbüskarlığı, əməkdaşlığın təşviq olunmasına böyük töhfələri nəzərə alınaraq Azərbaycan Respublikasının ədliyyə naziri müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyində fəal təmsil olunur.

 

 

 

Ədliyyə və məhkəmə infrastrukturu müasirləşdirilir

 

 

Ədliyyə və məhkəmə orqanlarının infrastrukturunun müasirləşdirilməsi də prioritet sahələrdəndir. Bir sıra məhkəmələr üçün ən müasir standartlara cavab verən yeni binaların tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu məhkəmə binalarının iş şəraiti müasir tələblərə cavab verməklə, vətəndaşlarla hakimlər arasında münasibətlərin tamamilə şəffaf, qanunamüvafiq qurulmasına xidmət edir.

Ölkə başçısının iştirakı ilə 2011-ci ildə Oğuz, 2012-ci ildə Bakı şəhəri Yasamal rayon, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binalarının açılışı dövlətimizin məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Dövlət başçısının Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin müasir inzibati binasının açılışında iştirakı olduqca əlamətdar və yaddaqalan olmuşdur. Bir məqamı vurğulamaq lazımdır ki, bu binalar ən müasir İKT avadanlığı ilə təchiz edilir, vətəndaşların ədliyyə və məhkəmə orqanlarına çatımlılığının asanlaşdırılması üçün bütün texniki vasitələrdən istifadə olunur.

Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı aparılan miqyaslı dəyişikliklər penitensiar sistemdə də özünü daha qabarıq büruzə verməkdədir. Bu sahənin inkişafı ilə bağlı səylərin intensivləşdirilməsi nəzərdən qaçmır, qeyd edək ki, artıq məhkumların hüquqlarının təmin olunması üzrə uğurlu addımlar atılıb, qanunvericilik xeyli humanistləşdirilib, penitensiar xidmətə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği son illər ərzində dəfələrlə artırılıb. Bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması isə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların öz ailələrinə yaxın ərazidə cəza çəkmələri və sosial adaptasiyasının asanlaşdırılması baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə olaraq blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında, ötən il isə Şəkidə yeni müasir tipli penitensiar kompleksin istifadəyə verilməsi vətəndaşların uzaq məsafə qət edərək paytaxta gəlmək ehtiyacını aradan qaldırdı, eyni zamanda vaxt itkisinin, əlavə məsrəflərin qarşısı alındı. İnsan hüquqlarının qorunmasına daim xüsusi diqqət yetirən dövlət başçısının baş çəkərək yaxından tanış olduğu Bakı istintaq təcridxanası da öz müasirliyi, saxlanılan şəxslər üçün beynəlxalq standartlara uyğun yaradılmış yüksək şəraiti ilə fərqlənir. Təsadüfi deyil ki, nazirliyin rəhbərliyinin bu sahədə səyləri bu gün də davam edir, ölkə başçısının tapşırıqlarına uyğun olaraq Gəncədə, Lənkəranda, Bakının Zabrat və Umbakı qəsəbələrində də belə müasir infrastrukturlar yaradılır.

Vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, onların rahatlığının və məmnunluğunun təmin olunması, yüksək səviyyədə hüquqi xidmətlərin göstərilməsi ədliyyə infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasından çox asılıdır. Azərbaycan ədliyyəsi tarixində ilk dəfə olaraq yaradılmış regional ədliyyə şöbələrinin son illər yeni, qabaqcıl İKT-lərlə təchiz olunmuş binalarla təmin olunması da cəmiyyətimizdə rəğbətlə qarşılanır. Artıq regional ədliyyə şöbələrinin yarısı müasir inzibati binalarda fəaliyyət göstərir. Təkcə ötən il İmişli və Xaçmaz regional ədliyyə şöbələri üçün yeni binalar inşa olunaraq istifadəyə verilmişdir.

 

 

 

Ədliyyə Nazirliyində keçirilən müşavirə aparılan

 islahatların əhəmiyyətini bir daha təsdiq etdi

 

 

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə bu günlərdə keçirilən geniş müşavirə də ötən illərdə ədliyyə sahəsində aparılan işlərə qiymət verilməsi baxımından əlamətdar oldu. Nazirliyin struktur qurumlarının rəhbərlərinin, regional və yerli ədliyyə orqanlarının məsul əməkdaşlarının iştirak etdikləri iclasda ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu. Statistik göstəricilər bir daha ədliyyə sahəsində aparılan islahatların uğurlu nəticələrindən xəbər verdi.

KİV nümayəndələrinin qatıldığı tədbiri canlı izləyərək şahidi olduq ki, nazirliyin rəhbərliyi tərəfindən görülən işlərə, qarşıda duran vəzifələrə xüsusi diqqətlə və yüksək tələbkarlıqla yanaşılır. Müşavirədə ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən işlər ətraflı müzakirə olunmaqla yanaşı, eyni zamanda mövcud problemlərlə bağlı hər bir ədliyyə işçisinin dinlənilərək nöqsan və çatışmazlıqları yaradan səbəb və şəraitin təhlil olunması və onların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlar verildi, dövlət başçısının vətəndaş-məmur münasibətləri, əhaliyə layiqli xidmət göstərilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının ədliyyə işçiləri tərəfindən dönmədən yerinə yetirilməsi, əməkdaşların məsuliyyət hissinin artırılması və digər konkret vəzifələr diqqətə çatdırıldı.

Bunun nəticəsidir ki, müşavirənin yekunları üzrə qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə bir sıra işçilər ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunmuş və ya ədliyyə orqanlarından xaric edilmişdir.

Ədliyyə sahəsində yüksək biliyə, peşəkarlığa, mənəvi və etik dəyərlərə malik kadr korpusunun formalaşdırılmasına və insan resurslarının idarə edilməsində səmərəliliyin artırılmasına nazirliyin rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. Müşavirədə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində yeni nəsil ədliyyə işçilərindən ibarət kadr korpusu formalaşdırılması, şəffaf müsabiqə yolu ilə gənclərin qulluğa qəbul olunaraq ədliyyə fəaliyyətinin müxtəlif sahələrində uğurla çalışması qeyd edilmişdir. Hazırda ədliyyə orqanlarında işçilərin təxminən hər ikisindən biri, o cümlədən qulluğa qəbul edənlərin tam əksəriyyəti gənclərdir.

Ümumiyyətlə, ədliyyə nazirinin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verməsinin göstəricisidir ki, müşavirəyə qeyri-hökumət təşkilatlarının təmsilçiləri dəvət olunmuş, açıq müzakirələr aparılaraq QHT nümayəndələrinin təklif və tövsiyələri dinlənilmişdir.

Nəzərə alsaq ki, vətəndaşların dövlətin idarə olunmasında, ümumdövlət və yerli səviyyələrdə qərarların qəbulunda iştirakını tənzimləyən "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın və bu orqanların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunmasına xidmət edir, səmərəli ictimai nəzarət mexanizminin tətbiq olunduğu Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti institutları ilə həyata keçirilən sıx işgüzar münasibətləri, xüsusilə müxtəlif qeyri-hökumət hüquq müdafiə təşkilatlarının təmsil olunduğu penitensiar sistemdə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin uzun illərdir səmərəli və uğurlu fəaliyyəti, eləcə də QHT nümayəndələrinin müxtəlif tədbirlərdə, o cümlədən konfrans və seminarlarda iştirakı təqdirəlayiqdir.

Müşavirədə qeyd olunduğu kimi, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayında da ilbəil artım müşahidə olunur. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3900-ü ötmüşdür. 67,2 milyon manat məbləği əhatə edən 1800-dən çox qrant müqaviləsi qeydiyyata alınmışdır. Respublikamızda vətəndaş cəmiyyətinin inkişafına verilən diqqətin nəticəsidir ki, ölkəmizin daxilində verilmiş qrantların məbləği xaricdən alınan qrantlardan təxminən iki dəfə çoxdur.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2013-cü il tarixli fərmanına müvafiq olaraq qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyində "Fərdi elektron pəncərə" məlumat sisteminin yaradılması başa çatmaqdadır.

Müşavirə zamanı müzakirə obeykti olan "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yaradılması istiqamətində görülən işlər QHT nümayəndələri tərəfindən təqdir olunaraq onun tezliklə istifadəyə verilməsinin vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcəyi vurğulanmışdır.

Eyni zamanda, dövlətimizin güclü siyasi iradəsi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmələrin fəaliyyətində aşkarlığın təmin olunmasına, vətəndaşların məhkəmələrə çatımlığının daha da asanlaşmasına xidmət edəcək elektron məhkəmə sisteminin yaradılması da yüksək qiymətləndirilmişdir.

 

 

 

"Elektron məhkəmə" informasiya sistemi

 

 

Təhlillər göstərir ki, müxtəlif səbəblərdən məhkəmə bildirişlərinin vaxtında çatdırılmaması məhkəmələrdə işlərə baxılarkən çəkişmə prinsipinə əməl edilməməsi ilə nəticələnir, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmasında çətinliklər yaradır. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Elektron məhkəmə bildirişlərinin tətbiqinə dair" Konsepsiya hazırlanmışdır. Konsepsiya əsasında yeni bir proqramın - "Elektron-məhkəmə məlumat sistemi"nin tətbiqinə başlanılmışdır. Proqram tətbiq edildiyi zamandan birinci instansiya məhkəmələrinə daxil olan işlər üzrə dəftərxana işçisi tərəfindən ilkin olaraq elektron qeydiyyat uçotu təşkil edilir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" sərəncamı isə bu sahədə ötən illərdən başlanmış işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəddir. Bunda məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir.  Belə bir sərəncamın imzalanması "ASAN xidmət"in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində geniş tətbiqinə imkan verir. Bu həm də vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik formada qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında operativliyin təminatına imkan yaradacaq, şəffaflığı maksimum dərəcədə təmin edəcək.

Bu sahədə dünya təcrübəsinə nəzər saldıqda maraqlı məqamlar diqqəti cəlb edir. Məsələn, Sloveniyada kiçik məbləğli iddialar üzrə işlərin (burada qanun belə iddialar nəzərdə tutur) idarə olunması və məhkəmə aktlarının icrası üzrə tətbiq olunan elektron sistem ona gətirib çıxarmışdır ki, əvvələr 44 məhkəmədə 350 hakim və məhkəmə işçisi tərəfindən görülən iş hazırda mərkəzləşdirilmiş qaydada cəmi 4 hakim və 62 məhkəmə işçisi tərəfindən görülür. Başqa sözlə, prosesə cəlb olunmuş yalnız insan resursu 5 dəfə azalmışdır.

Bu gün Avropa məkanında bir neçə dövlətin - Avstriya, Estoniya, Malta və Portuqaliyanın məhkəmə və ədliyyə sistemində informasiya və kommunikasiya texnologiyaları daha geniş şəkildə tətbiq edilir. Digər Avropa ölkələrində isə bu sistemlərdən qismən istifadə olunur. Belə ki, Macarıstanda iqtisadi məhkəmələrdə bu sistemdən istifadə edirlər. Elə ölkələr var ki, orada məhkəmələr elektron müraciətləri yalnız iş saatlarında deyil, sutkanın bütün 24 saatı ərzində fasiləsiz qəbul edirlər. Monteneqroda bütün məhkəmələrin veb portalının yaradılmasında Azərbaycan təcrübəsinə müraciət edilmişdir. Şübhəsiz ki, sadalananları nəzərə aldıqda demək olar ki,  elektron məhkəmənin təmin edilməsi çox mürəkkəb və uzunmüddətli prosesdir. Məsələn, Sinqapurda bu işə ötən əsrin 80-ci illərindən başlanılıb və proses hələ indi yekunlaşmaq üzrədir.

Bu sahədə nəticələr əldə etmək üçün qarşıda məhkəmələrin yüksək texnologiya ilə təmin edilməsi işinin, hakim və əməkdaşların treninqlərinin davam etdirilməsi, elektron məhkəmə sistemini idarə edəcək struktur qurumun yaradılması kimi və s. çoxsaylı mühüm vəzifələr durur. Bununla yanaşı, ilkin olaraq "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarnın və qanunvericilik aktlarına müvafiq dəyişikliklərin layihələri də hazırlanmalı, eyni zamanda, vətəndaşların da bu sahədə vərdişlərə yiyələnməsi üçün ciddi maarifləndirmə işləri aparılmalıdır.

"Elektron məhkəmə" informasiya sisteminin tətbiqindən sonra məhkəmələrə iddia ərizələri elektron qaydada göndəriləcək, ifadələr elektron daşıyıcılara qeyd olunacaqdır. Tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərəcək və qəbul edəcəklər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir. İstənilən halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə biləcəkdir.

Bundan başqa, məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdən biri olacaqdır. Bu sistem məhkəmə proseslərinin elektron qaydada qeydə alınmasına və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud sonradan izlənilməsinə imkan verəcəkdir. Nəticədə məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunması halları aradan qalxacaqdır. Məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada ötürülməsi qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldıracaqdır.

Ümumilikdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli xüsusi diqqət mərkəzindədir. İnanırıq ki, bu islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə töhfə verəcəkdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 28 fevral.- S.7.