ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi

 və «Coca-Cola» şirkəti əməkdaşlıq müqaviləsi imzalamışlar

 

Fevralın 27-də ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə "Coca-Cola" şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

"Ağac əkək: Təbiətə pay verək" layihəsi çərçivəsində həyata keçirilən əməkdaşlıq damcı üsulu ilə suvarma sistemlərinin quraşdırılmasını və ölkəmizdə 2020-ci ilədək 100 minə qədər ağac əkilməsini nəzərdə tutur. Bu təşəbbüs Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda meşələr ölkə ərazisinin cəmi 11,4 faizini əhatə edir ki, bu da qəbul olunmuş qlobal standartlardan iki dəfə azdır. Meşələrin bərpa olunması nazirliyin gündəliyində duran prioritet sahələrdəndir.

Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək ölkəmizdə ekologiya sahəsində həyata keçirilən mühüm işlərdən danışmışdır. Rektor bildirmişdir ki, layihənin əsas məqsədi ekosistemdən faydalanaraq ölkənin əvvəlcədən müəyyənləşdirilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa edilməsi ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. Rektor Hafiz Paşayev tədbiri yüksək qiymətləndirmiş, bu cür layihələrin gələcəkdə davam etdiriləcəyini diqqətə çatdırmışdır.

"Coca-Cola" Türkiyə, Qafqaz və Mərkəzi Asiya biznes bölməsinin prezidenti xanım Galya Molinas meşənin və suyun insan həyatındakı önəmini vurğulayaraq demişdir: Biz "Coca-Cola" şirkəti olaraq "Ağac əkək: Təbiətə pay verək" layihəsi vasitəsilə havanın çirklənməsi, su təchizatı və torpaq eroziyası kimi bir neçə ekoloji problemləri həll etməyə çalışırıq. Novruz bayramına az qalmış ağac əkmək bir ənənədir və biz bütün azərbaycanlılar tərəfindən sevilən bayram ərəfəsində bu layihəni həyata keçirməyə çox şadıq.

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Sultanov məlumat vermişdir ki, layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunacaq. Bu da, öz növbəsində, ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcəkdir. Su ehtiyatlarını qorumaq və bərpa etməklə yanaşı, ağaclar havanın çirklənməsinin qarşısını alır, kimyəvi dövriyyəyə, eləcə də planetdə suyun uzun müddət saxlanılmasına yardımçı olur, həmçinin ekosistem daxilində enerji axınını təmin edir.

Sonra universitetin həyətində ağaclar əkilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 28 fevral.- S.8.