Sumqayıt hadisəsi: əsl mahiyyət nədir?

 

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsinə və tarixi torpaqlarında yaşayan azərbaycanlıları yurdlarından qovmasına baxmayaraq, Sumqayıt hadisələrində bir çox azərbaycanlı ailələri erməniləri öz mənzillərində gizlədərək ölümdən xilas etdilər.

Hadisənin icraçıları ermənilərin qətli və erməni qadınlarının zorlanmasında bilavasitə iştirak edən 1959-cu ildə doğulmuş, bu iğtişaşa qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmış Eduard Robertoviç Qriqoryan və digər bir erməni idi. Azərbaycan SSR Ali Məhkəməsi sonralar, 1989-cu il 22 dekabr tarixli qərarı ilə E.Qriqoryanın iğtişaş və qırğınların təşkilatçılarından biri olması barədə hökm çıxararaq onu 12 il həbs cəzasına məhkum etdi. Şahidlərin və hadisələr zamanı zərərçəkənlərin məhkəməyə verdikləri ifadələrindən E.Qriqoryanda ermənilərin yaşadıqları mənzillərin siyahısının olduğuintiqam aktlarına çağırdığı aydın olur. Onun qurbanlarının hamısı ermənilər idi. Əsasən erməni millətindən olan şahidlər məhkəmə prosesində E.Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanıdılar.

Sumqayıtda iğtişaş ağrılı bir hadisə idi. Amma soruşulur: hadisə nə üçün Azərbaycanın digər bir şəhərində deyil, məhz Sumqayıtda törədildi?

 

 

 

Niyə məhz Sumqayıt seçilmişdi?

 

 

Sumqayıtın iğtişaş törədilməsinin yeri kimi seçilməsi ciddi düşünülmüşdübir sıra səbəbləri var idi. Hər şeydən əvvəl Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başladığı ilk günlərdən bu respublika ərazisində yaşayan azərbaycanlılar tarixi dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdular. Dövlət qurumlarından Azərbaycan KP MK-ya göndərilən məlumatlara görə, iğtişaşa qədər Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Onların içərisində 4 rus ailəsi də var idi. Qaçqınların şəhərə gəlməsi davam edirdi. Ermənistanda hər cür şəraiti olan ev-eşiklərini qoyub gələn qaçqınlar küçələrdə acınacaqlı bir halda qalmışdılar. Azərbaycandakı ermənilər isə rahat bir şəkildə yaşayır və işləyirdilər.

İkincisi, Ağdam-Əsgəran yolunda 1988-ci ilin yanvar ayında iki azərbaycanlı gəncin - Əli və Bəxtiyarın öldürülməsi də insanlara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi.

Üçüncüsü, Sumqayıt sosial-iqtisadi baxımdan respublikanın digər şəhərlərinə nisbətən çətin və mürəkkəb bir yer idi. Respublikanın, demək olar, hər yerindən Sumqayıtda adamların məskunlaşması da şəraiti mürəkkəbləşdirirdi.

Dördüncüsü, müxtəlif illərdə cinayətlər törətmiş bir çox məhkumlar cəzalarını çəkdikdən sonra şəhərdə məskunlaşmışdılar. Hadisədən sonra 1988-ci il fevralın 28-də keçirilən Sov.İKP MK Siyasi Bürosunun iclasında SSRİ daxili işlər naziri A.Vlasovun söylədikləri də bunu sübut edirdi. Deməli, bəzi cinayətkar elementlərin hadisələrdə iştirak etməsi onu göstərir ki, Sumqayıt şəhəri iğtişaşın törədilməsi üçün təsadüfi seçilməmişdi. Bütün bunlar hadisənin təşkilatçılarının iğtişaşın gerçək izinin itirilməsi barədə dərindən düşündüklərini söyləməyə imkan verir.

 

 

 

Bəs iğtişaşın əsl səbəbləri nə idi?

 

 

Baş verən iğtişaşın bəzi səbəbləri var idi. Birincisi, iğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Hadisə ilə əlaqədar olaraq başladılmış cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər artıq əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Hələ XIX əsrin sonlarında və XX əsrdə erməni təşkilatlarının fəaliyyətinə dair arxiv materialları təkzibedilməz şəkildə sübut edir ki, onlar "ümumi erməni işi" məqsədilə pul toplamaq üçün kassa dəftərləri hazırlamış, vəsait ödəməyən ermənilərə qarşı daim amansız olmuş və onları qəddarlıqla qətlə yetirmişlər. Bununla bağlı yüzlərlə mötəbər mənbəni misal göstərmək olar. Sumqayıtda da E.Qriqoryanın dəstəsinin öldürdükləri ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. İğtişaşın təşkilatçılarına məlum olan həmin şəxslərin adları, soyadları və ünvanları əvvəlcədən icraçılara verilmişdi.

Təşkilatçıların əvvəlcədən videokameraları hazırlamaları, gizli çəkilişlər aparmaları və montaj edərək lentləri müxtəlif ölkələrə yaymaları iğtişaşı Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ DTK-nın hazırladığı qənaətinə gətirir.

Şəhərin erməni əhalisinin iğtişaşa qədər əmanət banklarından pullarını çıxarması da hadisənin qabaqcadan planlaşdırıldığı və onların bundan xəbəri olduğunu söyləməyə imkan verir.

Sumqayıt hadisəsi zamanı öldürülən ermənilərə Xankəndidə tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər və ittifaq mərkəzində müəyyən qüvvələr tərəfindən düşünülmüş şəkildə planlaşdırıldığını və həyata keçirildiyini deməyə əsas yaradır.

İğtişaşı törətməklə Ermənistan və mərkəz hansı məqsədləri güdürdülər?

Ermənistanın əsassız ərazi iddialarına cavab olaraq Azərbaycanda hadisələrin necə cərəyan edəcəyindən narahat olan mərkəzi hakimiyyət bu iğtişaş ilə respublikanı təzyiq altında saxlamaq, istədiyi hökmü qəbul etdirmək və onu nüfuzdan salmaq məqsədi güdürdü.

İğtişaş Ermənistan rəhbərliyinə daha geniş antiazərbaycan kampaniyasına başlamaq, təcavüz siyasətinə bəraət qazandırmaq və saxtakarlıqla azərbaycanlıların "vəhşi" obrazını yaratmaq, azərbaycanlılarla ermənilərin guya bir yerdə yaşaya bilmədiklərini göstərmək, nəticədə Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq üçün bir təbliğat vasitəsi kimi lazım idi.

 

 

 

Hadisə Sov. İKP MK Siyasi Bürosunda müzakirə edilir

 

 

Sumqayıt hadisəsi və Ermənistan ilə Azərbaycan arasında yaranmış vəziyyətə dair məsələlər Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edildi. Baş katib M.S.Qorbaçov Sumqayıtda 14 nəfərin öldürüldüyü, SSRİ DTK sədri Viktor Çebrikov isə 110 nəfərin yaralı olaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat verdi. M.Qorbaçov Sumqayıt hadisəsini ermənilərə cavab kimi qiymətləndirdi. SSRİ daxili işlər naziri A.Vlasovun məlumatına görə, Sumqayıtda 14 nəfər, o cümlədən 3 qadın öldürülmüşdü. Onlardan 3-ü azərbaycanlı, 6-sı erməni idi. 71 nəfər isə bədən xəsarəti almışdı. Onların 48 nəfəri erməni idi. 47 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Daxili işlər naziri Sumqayıtda hər beş adamdan biri barədə əvvəllər cinayət işi olduğunu söylədi.

Sumqayıt hadisəsəinə görə Azərbaycan rəhbərliyi təqsirləndirildi. MK katibi A.Yakovlev Sumqayıta ordu yeritməyin, hakimiyyətin gücünü göstərməyin lazım olduğunu söylədi. Şəhərdə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul olundu.

 

 

 

Azərbaycan KP MK Bürosunda Sumqayıt hadisəsinin müzakirəsi

 

 

 

Sumqayıt hadisəsinə 1988-ci il martın 9-da Sov.İKP MK-da keçirilən müşavirədə də toxunuldu. Qeyd edildi ki, hadisə ilə bağlı olaraq istintaq işi davam etdirilir.

Azərbaycan KP qarşısında duran vəzifələr 1988-ci il martın 13-də Azərbaycan KP MK Bürosunun iclasında müzakirə edildi. Qəbul edilən geniş qərarda Sov.İKP MK-nın 9 mart tarixli müşavirəsinin nəticələri bəyənilir, erməni və Azərbaycan xalqı arasında dostluğu möhkəmləndirmək xəttinə dönmədən əməl etmək yerli partiya, sovet və təsərrüfat orqanlarından tələb edilirdi. Dağlıq Qarabağ regionunun sosial-iqtisadi inkişafı layihəsini hazırlamaq üçün vilayət Partiya Komitəsinə iki həftə vaxt verilirdi. Vilayətdə vəziyyəti normallaşdırmağa dair təşkilati-siyasi tədbirlər planı təsdiq edildi. Eyni zamanda Sumqayıtda da vəziyyəti normallaşdırmaq üçün əlavə tədbirlər müəyyənləşdirildi. Həmin qərar geniş məsələləri - sosial-iqtisadi, siyasi-ideoloji, mənəvi və s. sahələri əhatə edirdi.

Sumqayıt hadisəsinə Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il martın 21-də keçirilən iclasında toxunuldu. MK katibi Y.Liqaçov Sumqayıt hadisəsinin istintaqı barədə prokurorluğun məlumat verməsini vacib hesab etdi.

Sumqayıt hadisəsi bir neçə ay sonra, 1988-ci il mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun sədrliyi ilə MK Bürosunun iclasında geniş müzakirə edildi. Müzakirə nəticəsində iki qərar qəbul edildi: birincisi, "Sumqayıt şəhərində vəziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında", ikincisi isə "1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında". Büro iclasında şəhərdə vəziyyəti normallaşdırmaq və milli münasibətləri sabitləşdirmək üçün konkret tədbirlər müəyyənləşdirildi.

Qərarların qəbul edilməsinə və Azərbaycanın səylərinə baxmayaraq,  Ermənistanın kobud müdaxilələri dayanmır, Ermənistandan azərbaycanlıların qovulması davam edir, gələn qaçqınların sayı artırdı.

 

 

 

Ermənistan rəhbərliyi Sumqayıt hadisəsi ilə

 əlaqədar olaraq ittifaq mərkəzinə müraciət edir

 

 

Sov.İKP MK Siyasi Bürosunun martın 21-də keçirilən iclasından az sonra Ermənistan KP MK rəhbərliyi Sov.İKP MK-ya müraciət edərək Sumqayıt hadisəsi ilə əlaqədar olaraq həbs edilmiş şəxslərin məhkəməsinin Azərbaycandan alınaraq SSRİ Ali Məhkəməsinin icraatına verilməsini xahiş etdi. Sov.İKP MK katibliyi 1988-ci il iyunun 11-də həmin müraciəti müvafiq mülahizələrini bildirmək üçün SSRİ Ali Məhkəməsinin sədri V.İ.Terebilova, SSRİ Baş prokuroru A.Y.Suxarevə və SSRİ ədliyyə naziri B.V.Kravçevə göndərdi. Onlar iyunun 17-də məsələ barədə mülahizələrini yazdılar. Cavab məktubunda hadisə ilə bağlı olaraq 84 nəfərin həbs edildiyi, onlardan 82 nəfərinin azərbaycanlı olduğu bildirildi. Amma niyə görəsə məktub müəllifləri digər iki nəfərin hansı millətə mənsub olduğunu qeyd etməmişdilər. Həmin şəxslərdən biri, artıq qeyd edildiyi kimi, hadisələrin təşkilatçısı və başlıca icraçısı, 1979, 1981 və 1982-ci illərdə bütövlükdə 9 il 2 ay 13 gün həbsdə yatmış E.Qriqoryan idi. Hadisələrdə fəal iştirak edən digər bir erməni və rus da var idi. Məktubda bu işlərin istintaqının SSRİ Prokurorluğu tərəfindən aparıldığı qeyd edilirdi. Guya bütün istintaq işləri qanunun tələblərinə uyğun aparılmışdı. Üç başa çatdırılmış və Azərbaycan SSR Ali Məhkəməsinin icraatına verilmişdi. 26 nəfər barədə 12 məhkəməyə göndəriləcəkdi. V.İ.Terebilov, A.Y.SuxarevB.V.Kravçevin fikrincə, Azərbaycanda və Ermənistanda geniş ictimai əks-səda doğurmuş işləri RSFSR-in vilayət məhkəmələrinə, xüsusən Volqoqrad, Voronej və Kuybışev vilayətləri məhkəmələrinin icraatına vermək olardı. Onlar həmin işlərin SSRİ Ali Məhkəməsinin icraatına verilməsinə ehtiyac duymadılar.

Bununla kifayətlənməyən MK katibi Y.Liqaçov 1988-ci il iyunun 17-də məktubun üstünə dərkənar yazaraq Sov.İKP MK katibi A.İ.Lukyanovdan da fikirlərini bildirməsini xahiş etdi. İyunun 18-də həmin sorğuya cavab verən A.İ.Lukyanov "Təklif tamamilə qanunauyğundur" kimi cavab yazdı. Eyni zamanda bildirdi: "Məsələ MK-nın şöbələrində əvvəlcədən işlənilmiş və məqsədəuyğun sayılmışdır. Onlarla razılaşmaq olar". Beləliklə, cinayət işləri Azərbaycandan alınaraq RSFSR məhkəmələrinə verildi. Bu məhkəmələr Sumqayıt hadisələri ilə bağlı cinayət işlərinə baxdılar. Cinayət işi açılmış azərbaycanlılara qarşı ağır hökmlər çıxarılıb ricra edildi. Nəticədə mərkəzin və Ermənistanın törətdiyi Sumqayıt hadisələri nahaq yerdən və ədalətsizcəsinə Azərbaycanın üstündə qaldı.

 

 

 

Nə etməli?

 

 

 

Sumqayıt hadisəsinə qısa nəzər yetirmək bir sıra məsələlərin həllini zəruri edir: indiyədək bu hadisə əsl hüquqi-siyasi qiymətini almadığından ona yenidən baxılmasında və müvafiq qərarların qəbul edilməsində fayda vardır; hadisəyə dair ən məxfi sənədlərin üzə çıxarılıb çap edilməsi xeyirli olardı; gənclərimizin Sumqayıt hadisəsi ilə əlaqədar sosial şəbəkələrdə fəal olmalarına ehtiyac duyulur.

 

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, professor

Azərbaycan.-2014.- 28 fevral.- S.9.