Xocalı soyqırımının 22-ci ildönümü

İtaliya mətbuatında geniş işıqlandırılmışdır

 

İtaliyanın bir sıra xəbər portallarında Xocalı soyqırımın 22-ci ildönümü ilə bağlı məqalələr yerləşdirilmişdir.

Məqalələrdə qeyd olunur ki, Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri tərəfindən hücuma məruz qalmışdır. Dinc sakinlər qarlı qış gecəsi qaçaraq xilas olmağa çalışsalar da, onlara qarşı amansız qətliam törədilmişdir. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 8 ailənin həyatına tamamilə son qoyulmuş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Bu faciə "Human Rights Watch" təşkilatı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı adlandırılmışdır.

Məqalələrdə Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması ilə bağlı tarixi faktlar, münaqişənin kökləri, səbəbləri və nəticələri barədə məlumatlar öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə qurumun Baş Məclisinin, Avropa Şurasının, Avropa ittifaqının, Avropa Parlamentinin, ATƏT-in, NATO-nun və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişəyə dair sənədləri təəssüflər olsun ki, hələ də kağız üzərində qalmaqdadır.

Yazılarda diqqətə çatdırılır ki, Xocalı hadisələri bir çox ölkələr və ABŞ-ın bəzi ştatları tərəfindən soyqırımı aktı kimi tanınmışdır.

 

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 28 fevral.- S.10.