Prezidentin əhalinin sağlamlığının qorunmasınadair

 tapşırıq və göstərişləri uğurla icra olunur

 

Kəlbəcər

 

 

Öz vətəndaşlarının qayğısına hər cür qalan dövlət başçısının göstərişi ilə əlaqədar son vaxtlar ölkədə əhalinin tibbi müayinədən keçirilməsi sadəcə kampaniya xarakterli deyil, ümumi məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır. Sağlam bədəndə sağlam ruh olması bu gün özünün aktuallığı ilə diqqəti daha çox cəlb etməkdədir.

Azərbaycanda hər sahədə inkişaf geniş vüsət almışdır ki, bu da əhalinin sağlamlığı və normal həyat şəraitinin təminatı deməkdir.

Səhiyyə sahəsində də uğurlu göstəricilər az deyil. Səhiyyədə yeni infrastrukturun yaradılması nəticəsində mövcud problemlər aradan qaldırılır. Əlamətdar haldır ki, son illər istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür. Regionların inkişafını yerlərdə əhali də yüksək qiymətləndirir.

Bu gün məcburi köçkünlər də Prezidentin diqqətindən kənarda qalmayıb, onlara hərtərəfli dövlət qayğısı və dəstəyi göstərilir. Təkcə onu deyək ki, 2013-cü ilin son günlərində Gəncə şəhərində kəlbəcərli məcburi köçkünlər üçün nəzərdə tutulmuş 1500 ailəlik yeni qəsəbənin istifadəyə verilməsi dövlət qayğısının bariz nümunəsidir.

Son günlər həkimlərdən ibarət briqada Gəncə şəhərinin Hacıkənd qəsəbəsindəki Kəlbəcər tam orta, Şəmkir rayonunun texniki peşə, Samuxun Kolayır və Karayeri, Goranboyun Veyisli, Göygölün Murovdağ qəsəbə və kəndlərindəki tibb məntəqələrində məcburi köçkünlərlə görüşmüş, əhaliyə terapevtik, stomatoloji (yeni alınmış müasir avadanlıqla), pediatrik baxış keçirilmişdir.

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə Kazımovanın bildirdiyinə görə, bu görüşlər zamanı məcburi köçkünlər müayinədən keçirilmiş, onlara müvafiq müalicə təyin olunmuşdur.

Gəncə şəhərinin girişində yeni istifadəyə verilmiş yaşayış məhəlləsindəki tibb məntəqəsində də Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloji şöbəsi və laboratoriyasının fəaliyyətə başlaması üçün hər cür şərait yaradılmışdır. Bu günlərdə həmin şöbədə istifadə olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən müasir USM aparatı da verilmişdir.

Prezidentin müvafiq fərmanına əsasən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi halda müayinəsi davam etdirilir. Kəlbəcərli məcburi köçkünlərin respublikanın 56 rayonunun 707 yaşayış məntəqəsində məskunlaşmasına baxmayaraq, onların 25 min nəfərdən çoxu rayonun mərkəzi xəstəxanasında müayinədən keçirilir. Digər rayonların səhiyyə idarələri ilə əlaqə saxlanılır, orada məskunlaşmış kəlbəcərlilərin də müayinəsi təşkil olunur.

Respublika miqyaslı bu səhiyyə tədbiri çərçivəsində artıq 1500 nəfərdən çox kəlbəcərli rayon mərkəzi xəstəxanasında müayinədən keçmişdir. Yerlərdə əhalinin tibbi müayinədən keçirilməsi xəstəxananın həkim briqadaları tərəfindən davam etdirilir.

 

 

 

Ağstafa

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı göstərişi Ağstafa rayonunda da yüksək səviyyədə icra olunur.

Bu məqsədlə rayonda yaradılmış komissiyanın sədri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova bildirmişdir ki, tibbi müayinə Ağstafa şəhər poliklinikasında, rayon mərkəzi xəstəxanasında və kəndlərdə yerləşən həkim və tibb məntəqələrində aparılır. Rayon üzrə yaradılan 8 komissiyaya 60-dan çox bilikli, bacarıqlı həkimlər cəlb olunmuşdur.

Rayon sakini İbrahim Əliyev bu nəcib aksiyanı yüksək qiymətləndirərək demişdir ki, müayinənin təşkilindən çox razıdır. Həkimlər onu hərtərəfli, dəqiq müayinə etmiş, lazımi diqqət göstərmişlər.

Təcrübəli həkimlər müayinəyə gələn rayon sakinlərini hərtərəfli müayinədən keçirir, onlara məsləhətlər verilir, ehtiyac duyulduqda xəstələr müalicəyə cəlb olunurlar.

Sakinlər də, öz növbəsində, bu aksiyadan olduqca məmnundurlar və göstərilən qayğıya görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirirlər.

 

 

 

Sabunçu

 

 

Prezident İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi kampaniyası Sabunçu rayonunda da uğurla davam etdirilir. Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində əvvəlcədən tədbirlər görülmüşdür. Tibbi müayinələrin yüksək səviyyədə təşkili məqsədi ilə icra başçısının sərəncamı ilə müvafiq komissiya yaradılmış, xüsusi qrafik tərtib edilmişdir.

Bu barədə fevralın 27-də Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova məlumat vermişdir. O demişdir ki, hazırda sakinlər rayondakı 10 tibb müəssisəsində müayinə olunurlar. Fevralın 17-dən indiyədək 20 min 993 rayon sakini tibbi müayinədən keçmişdir. Ümumilikdə 270 min 591 sakinin profilaktik müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.

Maştağadakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinikasında sakinlər qrafik əsasında qeydiyyata düşdükdən sonra terapevtlər tərəfindən yoxlanılır, eyni zamanda müxtəlif müayinələrdən keçirlər. Poliklinikanın şöbə müdiri Elbrus Əlili bildirmişdir ki, müayinələr xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. İndiyədək 5 minə yaxın sakin hərtərəfli tibbi müayinədən keçmişdir. Müayinə olunanların 404-də ürək-damar çatışmazlığı, yuxarı tənəffüs yolları ilə bağlı xəstəliklər aşkar edilmişdir.

Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezident İlham Əliyevin bu humanist addımından razılıqlarını bildirmişlər.

 

 

 

Kürdəmir

 

 

Prezident İlham Əliyevin insanların sağlamlığının qorunması məqsədilə onların kütləvi surətdə tibbi müayinədən keçirilməsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlar Kürdəmir rayonunda da uğurla icra olunur.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayev bildirmişdir ki, dövlət başçısının böyük razılıq və minnətdarlıqla qarşılanan bu humanist tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür.

Mayın 1-dək davam edəcək tibbi müayinəyə rayon üzrə 80 min nəfərə yaxın vətəndaş cəlb olunacaqdır. Artıq fevralın 17-dən  etibarən müayinə rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, habelə 6 həkim məntəqəsində həyata keçirilir. Bu tədbirə müxtəlif ixtisaslardan olan ən təcrübəli həkimlər cəlb edilmişlər.

İdarə və təşkilatlar, şəhər və kənd sakinləri hər gün tərtib olunmuş qrafik əsasında xəstəxana, poliklinika və həkim məntəqələrinə gəlir, qan analizi verir, rentgen, ultrasəs, elektrokardioqrafiya və digər müayinələrdən keçirlər. Zəruri hallarda xəstələr ambulator müalicəyə cəlb olunur, ehtiyacı olanlara lazımi məsləhətlər verilir.

Hər gün rayon üzrə tibbi müayinədən orta hesabla 1100-1200 nəfər keçir. Ümumiyyətlə, indiyədək rayonda müayinəyə 12000 nəfərdən çox sakin cəlb olunmuşdur.

Tibbi müayinəyə gələnlər bu humanist tədbirə, ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirir, yaradılmış şəraitdən, həkim və tibb işçilərinin qayğıkeş münasibətindən razılıq edirlər.

Kollektivin üzvləri ilə birlikdə müayinəyə gələn rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev, Ağsaqqallar şurasının sədr müavini Ayət Nəsirov və başqaları bu humanist tədbiri dövlət başçısının ölkə vətəndaşlarına diqqət və qayğısının növbəti parlaq təzahürü kimi dəyərləndirmişlər.

 

 

 

Qax

 

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qax rayonunda da mütəşəkkil qaydada davam edir.

 Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova AzərTAc-a bildirmişdir ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılmış, tədbirlər planı hazırlanmışdır. İlk növbədə müayinədən keçəcək insanların sayı müəyyənləşdirilmiş, cədvəl tərtib edilmişdir. Aksiyanın keçirildiyi tibb müəssisələrində əhalinin qəbulu və müayinələrin aparılması üçün bütün lazımi şərait yaradılmışdır. Tibbi müayinələrdə rayon üzrə 18 yaşdan yuxarı 39 minə yaxın insanın iştirakı nəzərdə tutulur.

Bildirilmişdir ki, fevralın 17-dən bu günədək 7 min nəfərə yaxın insan tibbi müayinədən keçmişdir. Rayon əhalisi dövlət başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayır, tibb ocaqlarında yaradılan şəraitdən, həkim və tibb işçilərinin isti münasibətindən, onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirirlər.

Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası 2010-cu ildə əsaslı təmir olunmuş, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmişdir.

Xəstəxananın baş həkimi Tərlan Əhmədzadə bildirmişdir ki, tibbi müayinələr xəstəxananın poliklinika şöbəsi ilə yanaşı, Əlibəyli və Tasmalı kənd sahə xəstəxanalarında, həmçinin kəndlərdə fəaliyyət göstərən həkim məntəqələrində keçirilir. Müayinələrə təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları cəlb edilmişdir. Briqadaların tərkibinə terapevt, mama-ginekoloq, endokrinoloq, nevropatoloq, oftalmoloq, uroloq, kardioloq, cərrah və digər ixtisaslar üzrə peşəkar həkimlər daxil edilmişlər. Həkim briqadaları bu məsul kampaniyaya çox ciddi hazırlaşmışlar. Ultrasəs müayinəsi, elektrokardioqrafiya, rentgen-flüoqrafiya, laborator analizləri və digər müayinə kabinetlərində quraşdırılmış avadanlıq və aparatlar gün ərzində müayinəyə gələnlərə pulsuz xidmət göstərir.

Baş həkimin dediyinə görə, insanlar daha çox böyrək, ürək-damar, qan təzyiqi, onurğa sütununun fəqərə arası disk yırtığı və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Xəstəlik aşkar edilən vətəndaşlar müalicəyə cəlb olunurlar.

Bütün ölkə vətəndaşları kimi, Qax rayonunun əhalisi də tibbi müayinələrin keçirilməsini çox yüksək dəyərləndirir, bu xeyirxah təşəbbüsə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını bildirirlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 28 fevral.- S.11.