Sabitliyin və inkişafın keşiyində

 

Azərbaycan Polisinin dövlətçilik mövqeyi daim qətiyyətli və sarsılmazdır

 

Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi Azərbaycan polisinə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu gücbu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik.

 

Heydər ƏLİYEV

 

 Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludurBu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır.

 

İlham ƏLİYEV

 

 

Dünyanın siyasi xəritəsində bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu xalqımızın tarix boyu qazandığı ən mühüm nailiyyətdir. Belə bir nailiyyətin əldə olunması və qorunması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz sarsılmaz qətiyyəti ilə əsasını qoyduğu ictimai-siyasi sabitliyə söykənir. Son illər dünyanın müxtəlif ölkələrində baş verən xaotik böhranlar, ayrı-ayrı ölkələrin tənəzzülü bir daha sübut edir ki, ilk növbədə sabitlik təmin olunmadan cəmiyyətin inkişafı barədə söhbət açmaq mümkün deyildir.

 

Kifayət qədər mürəkkəb geosiyasi məkanda yerləşən, zəngin təbii resurslara malik Azərbaycan ölkəmizə qarşı yönələn bütün daxilixarici təhdidlərə rəğmən bu gün ardıcıl inkişaf yolunda əzmlə irəliləyir. Yüksək inkişaf göstəricilərinə malik ölkəmizin beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan sivil dövlət kimi qlobal məkanda layiqli mövqeyini gündən-günə gücləndirməsi məhz ulu öndərin ötən əsrin 90-cı illərinin ortalarından irəli sürdüyü sabitlikinkişaf kursunun təntənəsidir.

Heydər Əliyevin möhkəm təməllər üzərində formalaşdırdığı ictimai-siyasi sabitliyin təmin olunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında daxili işlər orqanlarının da mühüm xidmətləri vardır. Cəmiyyətdə ictimai asayişin, vətəndaşlarımızın Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının təminatı baxımından ulu öndərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə olan yüksək inam və güvənindən irəli gələrək ötən əsrin 90-cı illərinin ortalarından başlanan dövr nazirliyin fəaliyyətində tarixi bir mərhələ olmuşdur.

Daxili İşlər Nazirliyi cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli yadigarlarından biridir. Qurumun ilk təsisatları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə asayişi mühafizə dəstələri kimi yaradılmışdır. Kifayət qədər gərgin tarixi şəraitdə həmin dəstələr müstəqil dövlətin təşəkkül tapmasında, ölkənin milli maraqlarının qorunmasında, yenicə elan edilmiş cümhuriyyəti sarsıtmağa çalışan terrorçu qruplara, o cümlədən erməni daşnaklarına qarşı mübarizədə özünəməxsus rol oynamışdır.

Təsadüfi deyildi ki, bu tarixi xidmətlərə böyük rəğbətin, Azərbaycan Xalq Cümhuriyyəti irsinə verilən yüksək dəyərin ifadəsi kimi, ümummilli lider Heydər Əliyev 2 iyul gününü “Azərbaycan Polisi Günüelan etmiş və təqvimdəki bu gün məhz belə bir məzmunla əlamətdarlıq qazanmışdır.

Cümhuriyyətin süqutundan sonra başlanan 70 illik sovet dövründə bir çox dövlət təsisatları kimi, Azərbaycan daxili işlər orqanlarının fəaliyyəti də millilikdən daha çox sinfi səciyyə daşısa da, o illərdə fəaliyyət göstərmiş sovet milisinin timsalında bu orqanların cinayətkarlığa qarşı mübarizə sahəsində qazandığı zəngin təcrübə, yüksək bilik və peşəkarlıq, təşkilati uğurlar da tarixi obyektivlik naminə həmişə etiraf olunmalıdır.

 Azərbaycan milisi xüsusilə İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar nümayiş etdirmiş, 800-ə yaxın milis əməkdaşı bilavasitə ön cəbhədə faşizmə qarşı vuruşmuşdur. Onların minlərlə həmkarı isə yetərincə çətin və mürəkkəb şəraitdə respublikada ictimai asayişin mühafizəsi, arxa cəbhədə əzmlə çalışan insanların təhlükəsizliyinin qorunması üçün böyük şücaət göstərmişlər. O illərdə yüzlərlə milis işçisinin ordenmedallarla, müxtəlif yüksək dövlət mükafatları ilə təltif olunması Azərbaycan milisinin İkinci Dünya müharibəsi zamanı göstərdiyi fədakarlıqlara verilən qiymətin ifadəsi idi.

Asayiş keşikçiləri müharibədən sonrakı illərdə də cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində səylərini əsirgəməmiş, üzərlərinə düşən vəzifələri yüksək qətiyyətlə, layiqincə yerinə yetirməyə çalışmışlar. 

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsindən sonra isə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi daxili işlər orqanlarının fəaliyyətində də əsaslı dönüş baş vermişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahədə baş verən dəyişiklikləri Daxili İşlər Nazirliyinə dövlət qayğısının gücləndirilməsi, daxili işlər orqanlarının sıralarının saflaşdırılması, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsi, onların peşəkarlığının yüksəldilməsi və s. mühüm amillərlə səciyyələndirmək olar. Milis əməkdaşlarının vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi işinin diqqətdə saxlanması bu amillər sırasında xüsusilə aparıcı mövqeyə malik iditam qətiyyətlə söyləmək olar ki, Azərbaycan daxili işlər orqanlarında mahiyyətcə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.

1988-ci ildə müasir silahtexnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü zamanı ilk olaraq Vətənin müdafiəsinə qalxanuzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvənin məhz milislərdən, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşun hissələrindən ibarət olması Heydər Əliyevin hələ ötən əsrin 60-70-ci illərində şəxsi heyətə verdiyi milli dövlətçilik tərbiyəsinin nəticəsi idi. 1695 polis əməkdaşı və hərbi qulluqçunun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalması da bu ideoloji tərbiyənin mənəvi gücündən irəli gəlirdi.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətində başlanan çətin sınaqlar təkcə ön cəbhədə, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə ifadə olunmurdu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra çağdaş tarixinin son dərəcə gərgin bir dövrünə qədəm qoymuş Azərbaycanda ictimai-siyasi vəziyyətin dözülməz həddə gəlməsi, gündən-günə ağırlaşan xaos, hərc-mərclik, özbaşınalıq mühiti ölkənin hər bir məkanını daxili işlər orqanları üçün çətin sınaq meydanına çevirmişdi. Qanunsuz fəaliyyət göstərən çoxsaylı silahlı dəstələr, müharibə şəraitində əhali arasında silahların sürətlə yayılması halları, bütün keçmiş İttifaq respublikaları kimi Azərbaycanda da cinayətkar qrupların öz əməllərini aşkarca həyata keçirmələrindən ötrü yaranan münbit şərait ölkədə kriminogen durumu xeyli kəskinləşdirmişdi.

Ölkə rəhbərliyində bir-birini əvəz edən səriştəsiz, təsadüfi insanların bu durumu nizama salmaqdan ötrü heç bir qətiyyət göstərə bilməmələri, siyasi iradə nümayiş etdirmək imkanlarından məhrum olmaları yaranmış vəziyyəti daha da gərginləşdirir, insanların dövlət təsisatlarına, o cümlədən daxili işlər orqanlarına olan inamını sarsıdırdı.

 Daha bir təhlükəli tendensiya isə cinayətkarlıqla mübarizə aparmalı, cəmiyyətdə ictimai asayişin keşiyində dayanmalı olan daxili işlər orqanlarının siyasi oyunlara qoşulması, proseslərdə siyasi tərəf kimi çıxış etməsi idi. Sovet dövründə yetişmiş peşəkar kadrların işdən kənarlaşdırılması, bu sahədə hər hansı bilik və təcrübəyə malik olmayan, xarakterindəki naqisliklərlə polis adına xələl gətirən insanların yalnız şəxsi münasibətlərə əsaslanaraq işə qəbul olunması və rəhbər vəzifələrdə irəli çəkilməsi, daxili işlər orqanlarında illərlə əmək sərf etmiş peşəkarların taleyinin bu yararsız şəxslərə tapşırılması da o dövrün ağrılı məqamlarından idi.

Araşdırmalar sübut edir ki, insanların daxili işlər orqanlarına rəğbətlə yanaşmadıqları, polisin ictimai nüfuzunun aşağı olduğu cəmiyyətlərdə cinayət halları həmişə yüksək olur. Müstəqilliyin ilk illərində bu tendensiyanı Azərbaycanda da izləmək mümkün idi. Daxili İşlər Nazirliyinin rəhbər vəzifələrində kök salmış yararsız ünsürlərin qanunlara hörmətsizliyi, özbaşınalığa, hərc-mərcliyə meyilliliyi səbəbindən insanlar daxili işlər orqanlarına asayiş keşikçisi institutundan daha çox zorakılıq aparatı kimi yanaşır, digər dövlət təsisatları kimi daxili işlər orqanlarının da nüfuzunun aşağı düşməsi müqabilində respublikada cinayətkarlıq kəskin surətdə artırdı.

Bu vəziyyəti yalnız sonradan milli dövlətçilik tariximizə Qurtuluş Günü kimi daxil olacaq 1993-cü ilin 15 iyun günü ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdışı dəyişə bildi. Azərbaycan dövlətinin vətəndaş müharibəsi təhlükəsi qarşısında qaldığı, nəinki müstəqilliyini itirmək, hətta parçalanaraq tarix səhnəsindən silinmək perspektivi ilə üzləşdiyi o təlatümlü günlərdə Heydər Əliyev ölkənin və xalqın gələcəyi ilə bağlı ağır məsuliyyəti üzərinə götürdü.

Böyük siyasi iradəsi, yüksək qətiyyəti, müdrikliyi, uzaqgörənliyi, ən əsası isə xalqın sarsılmaz inamı sayəsində Azərbaycanı rəvan, davamlı bir inkişaf yoluna çıxardı. Ölkəyə rəhbərlik fəaliyyətinin ilk günlərindən ulu öndər cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin edilməsini, dövlətçilik və qanunun aliliyi prinsipinin əldə rəhbər tutulmasını mühüm vəzifə kimi önə çəkdi. Respublikada hökm sürən hərc-mərclik, özbaşınalıq meyillərinə qarşı qətiyyətli mübarizəyə başladı. Ölkəni vətəndaş müharibəsi təhlükəsinə sürükləyən silahlı qruplaşmaların zərərsizləşdirilməsi, Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə alovlandırılan separatizm meyillərinin əngəllənməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Cəbhə xəttində atəşkəsin əldə olunması, insan itkilərinin qarşısını almaqla yanaşı, Azərbaycanda demokratik islahatların başlanmasına, hüquqi dövlət quruculuğu istiqamətində mühüm vəzifələrin icrasına, azad bazar iqtisadiyyatı sisteminə əsaslanan strateji inkişaf kursunun həyata keçirilməsinə əlverişli şərait yaratmış oldu.

Heydər Əliyevin rəhbərliyi altında ölkədə yaranmış yeni ictimai-siyasi mühit daxili işlər orqanlarının fəaliyyətində də müsbət meyillərlə təzahür edirdi. Şəxsi heyətin sıraları təsadüfi insanlardan təmizlənir, onların müxtəlif təzyiqlərlə işdən kənarlaşdırdıqları əsl peşəkarlar xidmətə qaytarılır, ölkədə tüğyan edən cinayətkarlığa qarşı səriştəli, düşünülmüş mübarizənin aparılması üçün zəruri olan kadr potensialı, işgüzar mühit formalaşdırılırdı.

29 aprel 1994-cü ildə ulu öndərin sədrliyi ilə Daxili İşlər Nazirliyində keçirilən xüsusi müşavirədən sonra isə daxili işlər orqanlarında köklü islahatlar dövrü başlandı. Bu sahənin tam sağlamlaşdırılması tədbirlərinin, yeni dövrün qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinin daxili işlər orqanlarına rəhbərlik edəcək şəxsin vəzifə məsuliyyətindən, ona tapşırılmış işlərə münasibətindən xeyli dərəcədə asılı olduğunu nəzərə alan ulu öndər ölkənin yeni daxili işlər naziri kimi Ramil Usubova etimad göstərdi.

Heydər Əliyev həmin toplantıda yeni daxili işlər nazirinin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, nazirliyin fəaliyyətini şəxsi nəzarətinə götürdüyünü bəyan edərək bildirirdi: “Ramil Usubova tam inanır, Prezident kimi ona etimad göstərirəm və bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Mən naziri daim müdafiə edəcək, nazirliyin bütün məsələlərinə baxaraq onları şəxsən özüm həll edəcəyəm. … Prezident kimi Daxili İşlər Nazirliyinin şəxsi heyətinə tam inanıram, etibar edirəm, güvənirəm. Hesab edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına, torpağına, Vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlardır, peşəkar təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunbazlıqdan əl çəkməyə, öz işlərini ancaqancaq dövlətin mövqeyinə, onun prisiplərinə əsasən qurmağa çağırıram. Bunların Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz tərəfimdən lazımi tədbirləri görəcəyəm”.

Bu müşavirədən sonra daxili işlər orqanlarında ardıcıl dəyişikliklər dövrü başlandı. Daxili İşlər Nazirliyinin şəxsi heyəti ulu öndərin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsindən ötrü səfərbər oldu. Daxili işlər orqanlarının ictimai rəğbət doğuran fəaliyyəti sayəsində Azərbaycan polisi ulu öndərin etimadını doğrultmaqla yanaşı, özünün əvvəlki ictimai nüfuzunu da bərpa etdi.

Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı Azərbaycanda cinayətkarlıqla mübarizənin təşkilinə, cəmiyyətdə ictimai asayişin təmin olunmasına böyük təkan verdi.

Müvafiq beynəlxalq qurumların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla qəbul edilmiş yeni Cinayət-Prosessual Məcəlləsi, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə bu sahədə mükəmməl qanunvericilik bazası yaratdı, onların uğurla icrası müvafiq fəaliyyət istiqamətləri üzrə mühüm nəticələrin əldə olunması üçün hüquqi zəmin rolunu oynadı.

Daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının formalaşdırılması, polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yeni qanunvericilik sənədlərinin qəbulu, fərman və sərəncamların imzalanması sonrakı mərhələlərdə də davam etdirildi. Nazirlik sistemində müasir dövrün tələblərinə uyğun aparılan islahatlar strukturun müasir dövrün tələblərinə uyğun optimallaşdırılmasına, cəmiyyətdə ictimai-siyasi sabitliyin, kriminogen durumun tam nəzarətə götürülməsinə şərait yaratdı.

Azərbaycan polisi çox qısa zaman ərzində mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazandı. Bu nailiyyətlərin ən mükəmməl ifadəsi 1992-ci ildən 2003-cü ilədək Azərbaycanda cinayətkarlıq hallarının dinamikasının statistik müqayisəsidir. Xatırladaq ki, həmin dövrdə ölkəmizdə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə qədər yüksəlmiş, bununla yanaşı bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq isə 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluqsoyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə, yol-nəqliyyat hadisələri 24,1 faiz, o cümlədən bu hadisələrdə ölənlərin sayı 42,8 faiz, xəsarət alanlar isə 21,6 faiz azalmışdı. Bu müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların yaxalanması 3,6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3,4 dəfə artmışdır. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmış, hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdi.

Bu nailiyyətlərə verilən ən böyük qiymət ümummilli lider Heydər Əliyevin Daxili İşlər Nazirliyinin 80 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubunda vurğuladığı fikirlər idi: “Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur”.

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin inkişaf kursunu əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarının fəaliyyətinə diqqəti xüsusi önəm kəsb edir. Prezident  İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər, ölkəmizin iqtisadi potensialının, əhalinin həyat səviyyəsinin əhəmiyyətli şəkildə yüksəlişi, sosial tərəqqiyə xidmət edən mükəmməl dövlət proqramlarının davamlı uğurları, cəmiyyətimizin sivil beynəlxalq məkana sürətlə inteqrasiyası Azərbaycanın daxili işlər orqanları qarşısında da yeni-yeni vəzifələr müəyyənləşdirdi.

Bu inkişafın, tərəqqinin təməlində dayanan ictimai-siyasi sabitliyin göz bəbəyi kimi qorunması, ölkədə kriminogen durumun nəzarətdə saxlanması, cinayətkarlığa, xüsusən transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha səmərəli şəkildə təşkili, cəmiyyətdə konstitusion normalara, qanunun aliliyi prinsipinə riayət olunması bu vəzifələr sırasındadır. Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanları qarşısında irəli sürdüyü vəzifələrin layiqincə yerinə yetirilməsi, dövlət rəhbərinin bu orqanlara olan inam və etimadının doğrulması, milli dövlət maraqlarımızın etibarlı qaydada qorunması üçün Daxili İşlər Nazirliyi öz fəaliyyətini daim təkmilləşdirməyə, ictimai asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsinə, şəxsi heyətin nizam-intizamının gücləndirilməsinə çalışır.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı bu baxımdan Daxili İşlər Nazirliyinin fəaliyyətində mühüm tarixi əhəmiyyət kəsb etmişdir. Bu proqram çərçivəsində həyata keçirilən tədbirlər polis orqanlarında müasir dövrün tələbinə uyğun islahatların aparılmasına, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmışdır.

Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində DİN-in Daxili Qoşunları da yüksək hazırlıqlı mobil hərbi qurum kimi davamlı inkişaf yolu keçmişdir. Daxili Qoşunların hərbi hissələrində əsgər və zabitlər üçün yaradılmış şərait, yüksək standartlara uyğun yataqxana korpuslarının, məişət obyektlərinin, hərbi şəhərciklərinin və s. tikilərək istifadəyə verilməsi şəraiti yaxşılaşdırmış, hərbi qulluqçuların xidmət əzmini daha da yüksəltmişdir.

 Şəxsi heyətin vəzifə və rütbəyə görə maaşlarının, habelə digər təminat xərclərinin ardıcıllıqla artırılması, cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan yüzlərlə əməkdaşın dövlət mükafatları ilə təltif olunması, ali rütbələrə layiq görülməsi də daxili işlər orqanlarına diqqət və qayğının təzahürüdür.

Cənab İlham Əliyev Azərbaycan polisinə müstəqil dövlətimizin rəmzi kimi böyük dəyər verir, asayişin mühafizəsində, ictimai təhlükəsizliyin, cəmiyyətimizin qazandığı ardıcıl nailiyyətlərin qorunmasında daxili işlər orqanlarına inanır və etibar edir.

Ötən il Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü münasibətilə keçirilən mərasimdə İlham Əliyev bir daha bəyan etmişdir: “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.

Bu inam və etimadın təlqin etdiyi yüksək məsuliyyət hissi ilə daxili işlər orqanlarının fəaliyyət göstəriciləri də ildən-ilə yaxşılaşır. Təsadüfi deyildir ki, asayişin etibarlı qaydada təmin olunması, cinayətkarlıqla mübarizənin uğurlu təşkili baxımından Azərbaycan uzun illərdir ki, nəinki MDB, ümumilikdə Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biri hesab edilir. Azərbaycan bu mövqeyini ötən ilqorumağa müvəffəq olmuş, ölkəmizdə qeydə alınmış cinayətlər azalaraq 20 min 465 fakt, cinayətlərin açılması isə yüksək olmaqla 85,4 faiz təşkil etmişdir. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayətisti izlərlə” açılmışdır. Eyni zamanda, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Bu uğurlar cinayətkarlıqla mübarizədə canını belə əsirgəməyən Azərbaycan polisinin fədakarlığına, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir və polis-vətəndaş münasibətlərinin getdikcə yüksəlməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır.

 

 

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk özünümüdafiə dəstələrinin yaradıldığı 2 iyul 1918-ci il tarixindən etibarən Azərbaycan daxili işlər orqanları 96 illik çətin və şərəfli bir yol keçmişdir. Vətəndaşlarımız əmindirlər ki, Daxili İşlər Nazirliyinin şəxsi heyəti bu yolu tarixin növbəti mərhələlərində də layiqincə davam etdirəcək, milli dövlətçiliyimizə sevgisi, Azərbaycan xalqına, dövlətinə, Prezidentinə sədaqəti ilə ölkəmizdəki sabitliyin və inkişafın keşiyində həmişə olduğu kimi yenə də fədakarlıqla dayanacaqdır.

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 1 iyul.- S.5.