Şəki turistlər üçün hər cəhətdən cəlbedici bölgədir

 

Şəkidəki keçmiş karvansaraylar və yaşayış mülkləri bir daha sübut edir ki, bu dağlar diyarının turizm tarixi qədimdir. Zəngin mədəniyyət nümunələri, əsrarəngiz təbiət,  qonaqpərvərlik və dadlı mətbəx Şəkini turistlərə sevdirən amillər sırasındadır. Son illər Şəki ölkəmizdə turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Burada turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Müasir standartlara uyğun istirahət mərkəzləri, yeni mehmanxanalar, hotellər, motellər, restoranlar, pansionatlar istifadəyə verilib. Şəkiyə gələn turistlər qədim tarixə malik yaşayış məntəqələrində istirahət etməyi də çox arzulayırlar.

Elə buna görə də hazırda onlarca fərdi istirahət evi qonaqların xidmətindədir. “Ailə istirahəti” Turizm Assosiasiyası turistlərə ən sərfəli qiymətlərlə Şəkidə yerli əhali ilə qonşuluqda qalıb ünsiyyətdə olmaq imkanları yaradır.

Mədəniyyət və Turizm Nazirliyinin Şəki şəhər şöbəsinin müdiri Mirvari Zeynalova bildirdi ki, Şəkidə turizmin rəsmi statistikası 2006-cı ildən aparılır. Ötən illər ərzində rayonumuzda turizm imkanları xeyli genişlənib. Bu isə turistlərin say artımına müsbət təsir edib. Əgər 2006-cı ildə Şəkiyə gələn yerli və əcnəbi turistlərin sayı 2800 nəfər olmuşdusa, 2013-cü il üçün bu rəqəm 30 min nəfəri keçib. Mədəniyyət və Turizm Nazirliyininİnvestisiyalarturizm infrastrukturunun inkişafı” üzrə müvafiq tədbirlər planına uyğun olaraq, Şəki şəhərində və rayon ərazisində turizm obyektlərinə, tarix və mədəniyyət abidələrinin yerləşdiyi istiqamətə gedən yolların abadlaşdırılması və təmiri sahəsində xeyli görülüb.

M.Zeynalovanın dediklərinə onu da əlavə edək ki, Şəki şəhərinin dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinin yerləşdiyi M.F.Axundzadə prospektinin bir hissəsinə fərş döşənib, bir hissəsinin asfalt örtüyü yenilənib. Prospekt boyu təzə işıq dirəkləri quraşdırılıb, işıqlandırma sistemi təkmilləşdirilib. Piyadaların gediş-gəlişinin rahatlığı üçün keramikdekorativ plitələr döşənib. Eyni zamanda, turizm obyektlərinə aparan yolların üzərində yerləşən M.Ə.Rəsulzadə prospektində, prospektin əsas turizm istirahət mərkəzlərinə gedən hissəsində əsaslı təmir işləri görülüb, yeni su arxları çəkilib. Turizm obyektlərinə gedən yolların qovşağında yerləşən F.X.Xoyski, H.Sarabski, S.Mümtaz küçələrində isə abadlaşdırma və yenidənqurma işləri davam edir.

Şəhərin əsas küçələrində, meydan və xiyabanlarında, eləcə də əhalinin daha çox cəmləşdiyi yerlərdə reklam lövhələri quraşdırılıb. Şəki şəhər “Yuxarı-baş” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində yerləşən dünya və ölkə əhəmiyyətli abidələrin üstünlük təşkil etdiyi Narınqala divarları ərazisində, şəhərin M.F.Axundzadə prospektində tarix və mədəniyyət abidələrinin təbliği ilə əlaqədar yeni reklam lövhələri də diqqəti cəlb edir. Həmçinin Şəki şəhərinə üç istiqamətdə girişdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəkinin turizm potensialını əks etdirən iri ölçülü göstərici lövhələr mənalı istirahət üçün xoş ovqat yaradır.

Rayonda turizmin yeni sahələrinin dirçəldilməsi və təbliği yönündə xeyli işlər görülüb. Rayonun Kiş, Baş Küngüt, Bideyiz kəndlərində 30-a yaxın şəxsi evlərin qapıları turistlər üçün açıqdır. Görülən tədbirlərə əsasən demək olar ki, yaxın zamanda “ailə turizmi” xətti ilə ən azı 1000 nəfərə yaxın turistin normal istirahəti üçün kənd yaşayış məntəqələrində lazımi şərait yaradılacaq.

Perspektivdə atlapiyada gəzinti marşrutları da planlaşdırılır. Üstəlik, rayonun Salınçaq, Çarqat, Aydınbulaq, OravanBaş Kəldək ərazilərində ovçuluq turizmi ilə bağlı layihə hazırlanır.

Onu da qeyd edək ki, Şəkidə turizm infrastrukturunun inkişafına baxmayaraq, bu sahədə fəaliyyət göstərməli olan kadrların hazırlanması diqqətdən kənarda qalıb. Bu çatışmazlığı aradan qaldırmaq üçün indi Şəki Şəhər İcra Hakimiyyəti Təhsil Nazirliyi ilə birgə rayonda müasir peşə təlimi mərkəzinin yaradılması layihəsi üzərində işləyir. Belə bir mərkəzin fəaliyyətə başlaması şübhəsiz ki turizm sahəsindəki kadr çatışmazlığı probleminin həllinə, tarixən mövcud olan xalq tətbiqi sənətinin qorunub saxlanmasına, həmçinin digər sahə mütəxəssislərinin hazırlanmasına müsbət təsir göstərəcək.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 1 iyul.- S.10.