ATƏT Parlament Assambleyasının iyirmi üçüncü

 illik sessiyası işini komitə iclasları və plenar

iclasla davam etdirmişdir

 

Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyulun 1-də işini komitə iclasları və plenar iclasla davam etdirmişdir.

Sessiyanın dördüncü günü demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası ilə başlamışdır.

İclası portuqaliyalı deputat xanım İzabel Santas açaraq gündəlik barədə məlumat vermişdir.

Sonra Milli Məclisin deputatı Azay Quliyevin hazırladığı “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsinə edilən düzəlişlərlə bağlı müzakirələr aparılmışdır.

A.Quliyev mədəni dəyərlərlə bağlı fəaliyyətin BMT-nin Nizamnaməsinin məqsəd və prinsipləri ilə tam uyğunlaşdırılmasının zəruriliyini qeyd etmişdir. O, layihənin qəbul edilməsinin ATƏT regionuna daxil olan münaqişə ərazilərindən mədəni mülkiyyətin qeyri-qanuni çıxarılmasının qarşısının alınması baxımından əhəmiyyətini vurğulamışdır.

Milli Məclisin deputatı demişdir ki, mədəni abidələrin qorunması ilə bağlı tədbirlərin sayı daha da artırılmalı, bu məsələdə biganəliyə yol verən ölkə məsuliyyətə cəlb edilməlidir. O, həmçinin bildirmişdir ki, münaqişə regionlarında olan abidələri dağıdanlara qarşı sanksiyalar tətbiq edilməlidir.

Layihə ilə bağlı çıxış edənlər sənədin qəbul olunmasının önəmini vurğulamışlar.

İclasda Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın ciddi cəhdlərinə, xahişinə və deputatlara yalvarışlı müraciətinə baxmayaraq, onun irəli sürdüyü təkliflər qətnamə müəllifinin əsaslı çıxışından sonra avropalı parlamentarilər tərəfindən rədd edilmişdir. A.Quliyev bildirmişdir ki, erməni deputatın narahatlığı yaxşı başadüşüləndir. Ancaq işğal altında olan torpaqlardakı tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsinin pislənilməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin yaradılması kimi məsələlərin əksini tapdığı qətnamənin qəbulu ATƏT-in missiyasına tamamilə uyğundur.

Sonra ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Kristofer Smitin müəllifi olduğuCinsi istismar məqsədi ilə uşaq alverinin qarşısının alınması və bu əmələ görə məhkəmə təqibi” adlı qətnamə layihəsinə düzəlişlər müzakirə edilmişdir.

K.Smit hər il yüz minlərlə insanın cinsi istismara məruz qaldığını diqqətə çatdırmışdır. O, axtarışda olan uşaqlarla bağlı ATƏT-ə üzv dövlətlərin, İnterpolun və digər qurumların hüquqi sisteminin gücləndirilməsinə dair tədbirlər planı işləyib hazırladığını bildirmişdir.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxışında cinsi istismara qarşı mübarizədə informasiya mübadiləsinin önəmli rol oynadığını bildirmiş, bu cinayətlərin sərhəd tanımadığını qeyd etmişdir. Bahar Muradova demişdir: “Bu sərhədlər çox şəffafdır və bu sərhədləri keçən cinayətin ardınca gedən yox, onu qabaqlayan mexanizmləri tapmaq lazımdır. Həmin mexanizmlər işlək olmalıdır ki, insanlar bu cinayətləri törətməsinlər”. B.Muradova bununla bağlı beynəlxalq informasiya bankının yaradılmasının tərəfdarı olduğunu söyləmişdir. Əlavə etmişdir ki, əgər hər hansı bir ölkədə belə cinayətkar varsa, onun haqqında informasiya bu bankda cəmləşməli, bütün dövlətlərdə səfərlər zamanı bilet alanda, müxtəlif adlarla sərhədləri keçən anda o, saxlanılmalı və olduğu ölkədə hətta qanunu pozmasa belə, cinayət məsuliyyətinə cəlb edilməlidir.

Münaqişə vəziyyətindəki ölkələrdə belə halların baş verməsi risklərinin daha çox olduğunu diqqətə çatdıran Bahar Muradova sessiyanın yekununda qəbul ediləcək Bakı Bəyannaməsinin tərkib hissəsi olan bu qətnamə layihəsinin bəndlərinin hər bir ölkədə görülən müvafiq maarifləndirmə işləri zamanı əsas götürüləcəyinə və mexanizmlərin işlək olması üçün ciddi addımların atılacağına ümidvar olduğunu bildirmişdir.

Daha sonra müəllifi portuqaliyalı deputat İzabel Santas olan “ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnamə layihəsinə düzəlişlər müzakirə edilmişdir.

İ.Santas dünyada 51 milyondan çox insanın qaçqın və məcburi köçkün olduğunu bildirmişdir. Milyonlarla insanın yoxsulluqdan, təqiblərdən, münaqişələrdən əziyyət çəkdiyini deyən deputat ATƏT regionunda bunun böyük problem olduğunu, qaçqınlarla bağlı ümumi qaydanın tətbiq edilməsinin zəruriliyini vurğulamışdır.

Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxışında Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu bildirmiş, onların problemlərini diqqətə çatdırmışdır.

Bahar Muradova qaçqınlara qarşı münasibətdə diskriminasiya hallarına yol verilməsinin qəbuledilməz olduğunu bildirmiş, onlara yanaşmalarda eyni mövqe sərgilənməsinin vacibliyini vurğulamışdır. Qaçqın və məcburi köçkünlərin problemlərini həll etməyin çətin olduğunu bildirən Bahar Muradova demişdir: “Biz əvvəlcə münaqişələrin qarşısını almalıyıq ki, bu problemlə üzləşməyək”.

Digər çıxış edənlər münaqişə, təbii fəlakət və ya aclıq səbəbindən yurd-yuvasını tərk etmiş və sığınacaq axtaran insanların maddi, fizikipsixoloji vəziyyətinin yaxşılaşdırılması, iqtisadi böhranın yaratdığı çətinliklərin aradan qaldırılması, qaçqınların, məcburi köçkünlərin və sığınacaq istəyən insanların şərəf və ləyaqətinin qorunması ilə bağlı müzakirələr aparmışlar.

Daha sonra müəllifi isveçrəli deputat xanım Kristina Egerzegi Obrist olan “İşgəncələrə qarşı mübarizə” adlı qətnamə layihəsinin müzakirəsi keçirilmişdir.

Qətnamə layihəsində işgəncələrin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi, ATƏT regionuna daxil olan ölkələr tərəfindən qeyri-insani, alçaldıcı faktlar üzrə protokolun imzalanması, demokratiyanın, insan hüquqlarının və qanunun aliliyinin qorunması istiqamətində səylərin dəstəklənməsi və digər məsələlər öz əksini tapmışdır.

İclasda səsvermə nəticəsində İzabel Santas ATƏT PA-nın 2015-ci il üçün demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin sədri, türkiyəli deputat Sevki Kulkuoğlu sədr müavini, xanım Qordina Komiç məruzəçi seçilmişlər.

Sonra siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası keçirilmişdir.

İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq müzakirə olunacaq qətnamə layihələri ilə bağlı məlumat vermişdir.

Sloveniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roberto Batellinin müəllifi olduğu “Cənub-Şərqi Avropada regional əməkdaşlıq” adlı qətnamə layihəsinə düzəlişlərlə bağlı təkliflər müzakirə edilmişdir.

Layihədə Cənub-Şərqi Avropa ölkələrində müstəqillik əldə etdikdən sonra bir sıra çətinliklərin yaranması, ATƏT regionunda davamlı inkişafa nail olmaq üçün müharibələrin dayandırılması, Qərbi Balkan ölkələrinin son dövrlərdə inkişafı, regional əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da genişlənməsi üçün müxtəlif konfransların, seminarların keçirilməsinin dəstəklənməsi və digər məsələlər əksini tapmışdır.

Sonra rusiyalı deputat Nikolay Kovalyovun hazırladığı “Terrorizmlə mübarizə” adlı qətnamə layihəsinin müzakirəsi olmuşdur.

Layihə ilə bağlı çıxış edən deputat Oleq Lebedev ATƏT-in əməkdaşlığın gücləndirilməsinə töhfələr verdiyini bildirmiş, qurumun tərkibində transmilli təhdidlər üzrə şöbənin yaradılmasının əhəmiyyətini vurğulamışdır.

Dinietnik nifrət əsnasında terrorizmin getdikcə artması ilə bağlı narahatlıq yaşandığını söyləyən O.Lebedev terrorizmin milliyyətlə, dinlə eyniləşdirilməsinin qəbuledilməzliyini diqqətə çatdırmışdır.

Milli Məclis Sədrinin müavini Bahar Muradova dünyanın ayrı-ayrı yerlərində terrorizmin özünü müxtəlif formalarda büruzə verdiyini bildirmişdir. O əlavə etmişdir ki, bəzi ölkələrdə daxili qruplar, bəzilərində xaricdən təzyiq vasitəsi kimi, bəzi hallarda qanuni hökumətlərin devrilməsinə cəhdlər şəklində, bəzi hallarda isə siyasiya dini baxışlarına görə insanların terrora məruz qalmaları halları ilə rastlaşırıq. B.Muradova demişdir: “Acınacaqlı haldır ki, terrorçu qrupların fəaliyyətinə regional maraqlar xatirinə çox zaman ayrı-ayrı dairələrdən də dəstək verilir. Bunlar bizi narahat etməlidir. Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Bu məsələ təkcə müzakirələrlə məhdudlaşmamalıdır, müəyyən öhdəliklərə çevrilərək ölkələr tərəfindən yerinə yetirilməsi vacib sənədlər kimi qəbul olunmalıdır. Təəssüf ki, cəmiyyətlər inkişaf etdikcə, iqtisadi inteqrasiya prosesləri artdıqca cinayətlərin, terrorun inteqrasiyası da çoxalır və onlar bəzi hallarda qanunlardan, inkişafdan da irəli gedərək bütün sərhədləri sərbəst şəkildə keçə bilir. Bu gün bəşəriyyət çox ciddi terror təhlükəsi ilə üz-üzədir. Ona görə də bu təhlükələri qabaqlamaq üçün belə təşəbbüslər dəstəklənməlidir.

Azərbaycan hər zaman beynəlxalq miqyasda terrorizmə qarşı mübarizədə fəal olmuş, onun bütün formalarına kəskin etirazını bildirmişdir. Biz beynəlxalq konvensiyaların üzvüyük. Öhdəliklərimizə də çox ciddi yanaşırıq. Amma bəzi hallarda ayrı-ayrı ölkələrdə siyasiiqtisadi maraqlar bu cür hallara qarşı sayıqlığın azalmasına gətirib çıxarır. Hesab edirəm ki, belə sənədlərin müzakirəsi və qəbulu sayıqlığımızı artırır və biz öz ölkəsi daxilində terrora məruz qalan insanların faciələrini və ümumiyyətlə, ölkələrin inkişafını zəiflədən bu bəlanı hər birimizə qarşı təhdid kimi qəbul etməliyik”.

Qətnamə layihəsində terrorizmə qarşı birgə mübarizənin aparılması, milli zəmində baş verən terror hadisələrinin qəti şəkildə pislənilməsi və s. məsələlər əksini tapmışdır.

Daha sonra Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Emin Önənin hazırladığı “ATƏT-in gələcəkdə Əfqanıstan ilə birgə əməkdaşlığı” adlı qətnamə layihəsi müzakirə edilmişdir.

Qətnamə layihəsinin region üçün əhəmiyyətinə toxunan türkiyəli deputat ATƏT-in Əfqanıstanda baş verən hadisələri müntəzəm şəkildə yaxından izləməsinin zəruriliyini vurğulamışdır.

Əfqanıstanda prezident seçkilərinin təhlükəsiz, demokratik şəraitdə keçirildiyini bildirən E.Önən bu ölkənin daha yaxşı gələcək qurması üçün nümayiş etdirdiyi təşəbbüsün yüksək qiymətləndirildiyini söyləmişdir.

Qətnamə layihəsi haqqında fikirlərini bildirən Bahar Muradova Azərbaycanın Əfqanıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verdiyini bildirmişdir. O demişdir ki, bu qətnamə layihəsinin qəbul olunması bir daha diqqəti regiondakı problemlərə, Əfqanıstanın yaşadığı çətinliklərə və onun bu vəziyyətdən çıxması üçün görülməsi vacib olan işlərə cəlb edəcəkdir.

Sonda qətnamələr səsə qoyularaq qəbul edilmişdir.

 

İclasda, həmçinin səsvermə nəticəsində isveçli deputat xanım Asa Lindestam ATƏT PA-nın 2015-ci il üçün siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin sədri, Milli Məclisin deputatı Azay Quliyev komitənin sədr müavini, finlandiyalı deputat xanım Pia Kauma məruzəçi seçilmişlər.

Daha sonra ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində plenar iclas keçirilmişdir.

İclasda Ukraynadakı böhranın həlli ilə bağlı Bakı qrupu yaradılmışdır.

ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç çıxış edərək ATƏT-in regionda sülhsabitliyin əsas sütunlarından biri olduğunu söyləmişdir. ATƏT Parlament Assambleyasının vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini deyən R.Krivokapiç parlamentlərin demokratiyanın inkişafında önəmli rol oynadığını bildirmişdir. Qeyd edilmişdir ki, ATƏT təkcə dialoq forumu deyil, həm də əməli addımlar atan təşkilatdır.

R.Krivokapiç bildirmişdir ki, Ukraynada cərəyan edən proseslərlə bağlı cari ilin aprelindən ciddi müzakirələrə başlanmışdır. ATƏT PA-nın Vyana qrupu indiyədək müəyyən irəliləyişlərə nail olmuşdur. Ancaq daha irəliyə getmək üçün biz bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı qrupunu yaratdıq. Bu qrupa Vyana qrupundan fərqli olaraq, digər ölkələr də daxil ediləcəkdir. Qrup böhranın aradan qaldırılması və sülh danışıqlarının bərpası üçün lazımi işləri görəcəkdir.

 Sonra Ukraynada baş verən hadisələrlə bağlı xüsusi müzakirələr başlanmışdır.

Polşalı deputat Anji Jakovski Ukrayna böhranının dərinləşməsinin qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır.

Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri xanım Doris Barnet Ukraynada böhranın davam etdiyi bir vaxtda insanların həyatlarının qorunmasının zəruriliyini qeyd etmişdir. O, bildirmişdir ki, ATƏT regionunda sülh və təhlükəsizlik təmin olunmalıdır.

Milli Məclis Sədrinin müavini Bahar Muradova hamının Helsinki Yekun Aktı prinsiplərinin pozulmasından ciddi narahat olduğunu diqqətə çatdırmışdır. O demişdir: Biz bu narahatlığımızı 22 ildir ifadə edirik. Çox təəssüf ki, bu illər ərzində beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in baş vermiş hadisələri qətiyyətlə pisləməməsi və yerinə yetirilməsi vacib olan sənədlərin qəbul olunmaması Avropada yeni münaqişələrin yaranmasına gətirib çıxarmışdır.

Biz bu gün münaqişənin ağır nəticələrini müzakirə etmək məcburiyyətində qalmışıq. Mən Azərbaycanın mövqeyini sessiyanın ilk günündə bəyan etdim. Bu müddət ərzində ABŞ tərəfi ilə, xüsusilə cənab Benjamin Kardinlə keçirdiyimiz görüşdə razılaşmamız onunla bağlı oldu ki, ATƏT regionundakı bütün münaqişəli vəziyyətlərə dair Helsinki Yekun prinsiplərinin pozulması məsələsini gündəlikdə saxlayacaq və lazımi sənədlərin qəbuluna nail olacağıq.

Amma hələlik bu gün bu, mümkün olmadı. Təəssüf edirəm, amma, eyni zamanda, onu vurğulamaq istəyirəm ki, çox yaxşı bir addım da atılıb və Ranko Krivokapiçə təşəkkürümü bildirirəm ki, apreldən başlayan parlament vasitəçiliyi səylərini davam etdirmişdir  və biz artıq burada onun nəticəsini görürük”.

Yeni yaranan Bakı qrupu ilə bağlı fikirlərini bildirən B.Muradova demişdir: “Mən Bakı prosesinin başlanmasına bir qədər ümidliyəm. Çox istərdim ki, Bakı qrupunun taleyi Minsk qrupunun taleyinə bənzəməsin və biz başlanan bu prosesi çox qısa müddətdə başa çatdıra bilək. Biz hamımız Bakı qrupunun işinə töhfə verməliyik. Azərbaycan bu prosesdə yaxından iştirak etmək niyyətindədir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Eyni zamanda, bu problemin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq”.

ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Benjamin Kardin yüksək səviyyəli qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirmiş, sessiyanın parlamentlərarası münasibətlərin inkişafına töhfələr verəcəyinə əminliyini vurğulamışdır.

B.Kardin iclasda dünya birliyini, o cümlədən ATƏT-i tənqid edərək demişdir: “Bu gün region dondurulmuş münaqişələrdən əziyyət çəkir. Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, həllini tapmır. Biz Minsk qrupuna böyük ümidlər bəsləyirdik, amma təəssüf ki, özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcəkdir? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün  qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?..”.

B.Kardin ABŞ-ın münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu, problemə yanaşma zamanı faktların düzgün analiz edilməsinin vacibliyini vurğulamışdır.

Milli Məclisin deputatı Azay Quliyev ATƏT regionunda Helsinki Yekun Aktı prinsiplərinin pozulmasına qarşı konkret təkliflərlə çıxış etməyin vaxtının gəlib çatdığını bildirmiş, bu prinsiplərin pozulması ilə bağlı hesabatın hazırlanmasının zəruriliyini diqqətə çatdırmışdır.

Ukrayna böhranının ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bildirən Azay Quliyev demişdir ki, ATƏT regionuna daxil olan digər ölkələrdə də ərazi bütövlüyünün pozulması halları aradan qaldırılmalıdır.

İclasda Benjamin Kardinin Ukraynada baş verən böhranın aradan qaldırılması ilə bağlı hazırladığı qətnamə layihəsi qəbul edilmişdir.

Sessiya iyulun 2-də işini panel iclasla davam etdirəcəkdir.

 

AzərTAc

Azərbaycan.-2014.- 2 iyul.- S.4-5.