Şəhid xatirəsi - həyat çeşməsi...

 

Birinci Qarabağ savaşı başlayanda Qubanın Qonaqkənd qəsəbəsindən onlarla gənc döyüş bölgəsinə yollandı. Vətən qarşısında borcunu yerinə yetirmək arzusunda olan bu oğullar düşmənlə qanlı döyüşlərə atıldı. Milyaməddin Məmmədsalahov da həmin oğullardan biri idi.

Milyaməddin 1955-ci ildə Qubanın Cimi kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yollanan Milyaməddin geri qayıdıb ailə qurduqdan sonra Rusiyaya köçmüşdü. İşləri də pis getmirdi. Amma 1990-cı ildə Qarabağda müharibə qızışanda o vətənə dönməyə qərar verdi.

Milyaməddin Goranboy, Ağdərə, Şuşa, Ağdam uğrunda gedən döyüşlərin iştirakçısı oldu.Tank komandiri idi. O, Şuşa ətrafında gedən döyüşlərdə düşmənin bir neçə hərbi maşınını, canlı qüvvəsini də məhv etdi. Bacarığı, cəsarəti və vətənsevərliyi ilə gənc əsgərlərə nümunə göstərildi. Milyaməddin 1992-ci ilin iyun ayında Naxçivanik yaxınlığındakı Qaraqaya adlı yerdə gedən döyüşdə qəhrəmancasına həlak oldu. Döyüş yoldaşlarının dediyinə görə, yanan tankın içində qalan Milyaməddin düşmənə son nəfəsinə qədər atəş açıb...

22 il keçməsinə baxmayaraq vətənin Milyaməddin kimi mərd oğulları unudulmayıb. Ötən il Milyaməddinin övladları atalarının xatirəsini əbədiləşdirmək məqsədilə Qonaqkənd icra nümayəndəliyinə müraciət etmişdilər. Razılıq əldə etdikdən sonra işə başlayan Siyavuş, GülçinMüşviq qardaşları tikiləcək bulağa suyu Qonaqkənd qəsəbəsi yaxınlığındakı “Pirəqərib baba” deyilən ziyarət ocağından çəkdilər.

Bu gün Qonaqkənd qəsəbəsində şəhid M.Məmmədsalahovun xatirəsinə tikilmiş bulaq var. Bulaqdan su içən hər kəs unudulmaz şəhidlərimizi, o cümlədən Milyaməddini anır, ruhlarına dua oxuyur, bu həyat çeşməsinin yaradılmasında zəhməti olanlara minnətdarlıqlarını ifadə edir.

 

Qəhrəman QASIMOV,

Quba rayonu

Azərbaycan.-2014.- 2 iyul.- S.10.