ATƏT Parlament Assambleyasının
Bakıda keçirilən
iyirmi üçüncü illik
sessiyası başa çatmışdır
Sessiyada Bakı Bəyannaməsi qəbul
edilmişdir
ATƏT
Parlament Assambleyasının “Helsinki+40: Hər kəs
üçün təhlükəsizliyə doğru” devizi
altında Bakıda keçirilən iyirmi
üçüncü illik sessiyası üçüncü
plenar iclasdan sonra başa çatmışdır.
Plenar iclasda Bakı Bəyannaməsi qəbul
edilmişdir.
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro
parlamentinin sədri Ranko Krivokapiç iclasın gündəliyi
haqqında məlumat vermişdir.
ATƏT
PA-nın gender məsələləri üzrə xüsusi
nümayəndəsi Hidi Fray adından xanım Valburgin Habsburq
Duqlas məruzə ilə çıxış etmişdir. Gender bərabərliyinin qorunması istiqamətində
Avropa ölkələrinin hökumət strukturlarında
durğunluğun müşahidə olunduğunu bildirən
V.Duqlas qeyd etmişdir ki, Demokratik Təsisatlar və İnsan
Haqları İnstitutunun açıqlamasına əsasən
işə götürülən insanların müəyyən
qisminin qadın olması gələcəkdə bu sahədə
irəliləyişlərin əldə ediləcəyini deməyə
əsas verir.
V.Duqlas gələcəkdə regionda qadınların
ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində
işlərin görülməsinin zəruriliyini
vurğulayaraq demişdir ki, ATƏT məkanında problemlərin
həlli üçün birgə çalışmalı və
güclü siyasi iradə nümayiş etdirməliyik.
ATƏT-i qadınların cəmiyyət həyatında
daha yaxından iştirakı yollarını axtarmağa
çağıran italiyalı deputat xanım Marieta Tidei cəmiyyətdə
hər zaman qadınların iştirakının vacibliyini diqqətə
çatdırmış və bu istiqamətdə tədqiqatların
aparılmasını təklif etmişdir.
Bakı sessiyasının çox uğurlu
keçdiyini, şəhərimizə yenidən dönmək
istədiyini söyləyən gürcüstanlı deputat
George Tsereteli Cənubi Qafqaz regionunun münaqişələrdən
əziyyət çəkdiyini xüsusi
vurğulamışdır. Komitə iclaslarında mühüm
qətnamələrin müzakirə və qəbul
olunduğunu bildirən deputat George Tsereteli Gürcüstan, Azərbaycan,
Moldova və Ukraynanın münaqişələrdə kifayət
qədər qurbanlar verdiyini diqqətə çatdıraraq
demişdir ki, regionda Helsinki Yekun Aktı prinsiplərinin
pozulmasının qarşısı alınmalı, bu problemlərin
həlli zamanı nəticələr obyektiv qiymətləndirilməlidir.
ATƏT-in Avropada təhlükəsizliyin və əməkdaşlığın
keşiyində durduğunu söyləyən
İspaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin
rəhbəri Santiyaqo Lopez vurğulamışdır ki, qurum
üzərinə götürdüyü öhdəliklərin
yerinə yetirilməsi üçün səylərini
artırmalıdır.
Sessiyanı
yüksək səviyyədə təşkil etdiyinə
görə Azərbaycana minnətdarlığını bildirən
isveçli deputat Asa Lindestam korrupsiya, narkotiklərin
daşınması, uşaq və qadın alveri ilə
mübarizədə birgə fəaliyyətin zəruriliyini
vurğulamışdır.
Milli Məclisin deputatı Azay Quliyev Bakı Bəyannaməsində
indiyədək komitə iclaslarında qəbul olunan qətnamələrin
bütövlükdə bir toplu şəklində müzakirəyə
çıxarılıb təsdiq ediləcəyini söyləmişdir. O, Bakı Bəyannaməsinin
qəbulu münasibətilə Assambleyanı təbrik
etmiş, bunun tarixi bir sənəd olacağına, burada əksini
tapmış müddəaların icrasına əminliyini diqqətə
çatdırmışdır. Azay Quliyev
demişdir ki, qərarların icrasında üzləşdiyimiz
əsas çətinliklərdən biri onların yerinə
yetirilməməsidir. Ümumiyyətlə,
bu məsələ hamını narahat edir. Amma biz konkret nəticələri görə bilmirik.
Bütün bu problemlərin həlli
üçün hansı təklifləri qəbul etməliyik,
hansı mexanizmləri qurmalıyıq - hələ də
bununla bağlı vəziyyət qaneedici deyildir. Adətən, biz dialoqdan, əməkdaşlıqdan
danışırıq. Təəssüflər
ki, bir sıra məqamlarda dialoqu da yüksək səviyyədə
təşkil edə bilmirik. Biz burada vətəndaş
cəmiyyəti ilə bağlı müxtəlif
görüşlər keçirdik. Hesab
edirəm ki, bu, çox yaxşı bir təcrübə oldu.
Azərbaycan hökuməti bundan sonra da vətəndaş
cəmiyyəti institutları ilə açıq dialoqu davam
etdirəcəkdir. Əminik ki, ATƏT
Parlament Assambleyası da bu işə öz töhfəsini verəcəkdir.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı
nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin
müavini Bahar Muradova çıxışında dövlət
başçısı İlham Əliyevin ölkəmizin
Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə
bağlı prioritetlərini açıqladığını
qeyd etmişdir. Azərbaycanın Avropa Şurasında fəaliyyətinin
prioritetlərinə təhsil və gənclər, insan
haqlarının qorunması, korrupsiya və ikili standartlara
qarşı mübarizənin daxil olduğunu diqqətə
çatdıran Bahar Muradova bu məsələlərin
ATƏT-in də daimi gündəliyində olduğunu
bildirmişdir. B.Muradova
vurğulamışdır ki, Avropa Şurasındakı fəaliyyət
istiqamətlərimiz buradakı fəaliyyətimizin də təzahürüdür.
Korrupsiyaya qarşı mübarizədə Azərbaycan
çox ciddi nailiyyətlər əldə etmişdir. Elə
bizim bu sessiya ilə paralel olaraq Bakıda “Korrupsiyaya
qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr”
mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans
keçirilmişdir. Bu, ölkəmizin nailiyyətidir,
məqsədidir, keçmiş sistemlərdən qalan mənfiliklərə
qarşı mübarizə istiqamətimizdir. Bu mübarizə həyatımızın
bütün sahələrində aparılır. Bir məsələni də qeyd etmək istəyirəm
ki, siyasiləşdirilmiş həbsdən danışan həmkarlarımız
bizim də əleyhinə olduğumuz siyasiləşdirilmiş
həbsləri yox, həbslərin siyasiləşdirilməsi məsələsini
qaldırsınlar və biz də onlara izahat etmək məcburiyyətində
qalaq.
Konkret olaraq viza məsələsi ilə bağlı
burada səslənən fikirlə qətiyyən razı deyiləm. Viza məsələsi
ilə bağlı tətbiq edilən qadağa konkret fərdlərə
aiddir. Bu qadağa Azərbaycanın suveren
hüquqlarını, sərhəd qanunlarını pozub
Dağlıq Qarabağa səfər edən fərdlərə
şamil edilib. Məgər başqa ölkələrdə
bu cür hallar olmurmu? Axı biz bunun dəfələrlə
şahidi olmuşuq. İndi nə baş
verir? Suveren hüquqlarını qoruyan Azərbaycana
qarşı bu ədalətsiz ifadələri biz ikili
standartlardan yanaşma hesab edirik. Mən həmkarlarımdan
xahiş edirəm ki, fikirlərini bildirərkən haqqın, ədalətin
tərəfində olsunlar, təhrikçiliyə yol verməsinlər.
Burada Azərbaycanın ünvanına səslənən
xoşməramlı fikirlərə görə həmkarlarıma
təşəkkür edirəm. Xüsusilə Asa
Lindestamın sözlərini vurğulamaq istəyirəm ki, o,
ölkələr, xalqlar və qurumlar arasında divarlar və
cəbhələr yox, körpülər qurmağı təklif
etdi. Gəlin biz də bu körpülərin
qurulmasına davam edək. Azərbaycan
dialoq üçün çox gözəl bir məkandır
və bununla bağlı hər cür şərait
yaradılıb. Bu şəraitdən
istifadə edərək çox gözəl bir tədbir
keçirmişik”.
Azərbaycanın sessiyanı yüksək səviyyədə
təşkil etdiyinə görə minnətdarlığını
bildirən türkiyəli deputat Sevki Kulkuoğlu müzakirə
olunan məsələlərin obyektiv qiymətləndirilərək
ATƏT PA-nın gələcək fəaliyyətinə
töhfə verəcəyini vurğulamışdır.
Daha sonra komitə iclaslarında müzakirə olunmuş
qətnamə layihələri əsasında Bakı Bəyannaməsi
qəbul edilmişdir.
Sonra ATƏT PA-nın prezidenti postuna namizədlərin səsverməsi
keçirilmişdir. Finlandiyanın ATƏT PA-dakı nümayəndə
heyətinin rəhbəri İlkka Kanerva qurumun prezidenti
seçilmişdir.
İlkka
Kanerva çıxışında ona göstərilən
etimada görə təşəkkür etmiş, Azərbaycanın
ev sahibliyi etdiyi bu sessiyanın yüksək
səviyyədə təşkil olunduğunu diqqətə
çatdırmışdır. Gələcək
illərdə Parlament Assambleyasının “Helsinki +40” prosesinə
töhfə verəcəyinə ümidvar olduğunu bildirən
İ.Kanerva demişdir ki, bu istiqamətdə dialoqlara, şəffaflığa
daha çox ehtiyac vardır.
Tədbirə yekun vuran Milli Məclis Sədrinin
müavini Bahar Muradova demişdir ki, Azərbaycanda
gördükləriniz, eşitdikləriniz, duyduqlarınız
sizin xatirənizdə hələ uzun müddət
qalacaqdır.
Bəziləriniz ölkəmizi
özünüz üçün yeni bir mədəniyyət,
tanışlıq və ünsiyyət məkanı kimi
yaddaşınızda saxlayacaqsınız. Bəziləriniz
tanış bir mədəniyyətlə
üzləşdiyiniz barədə düşünəcəksiniz.
Bəziləriniz bizim hamımızı birləşdirən
dəyərlərin bu torpaqda bərqərar olduğu qənaətinə
gələcəksiniz və mən də bu qənaətdəyəm.
Bizi hüquqi cəhətdən ATƏT-in əsaslandığı
Helsinki Yekun Aktının prinsipləri, mənəvi cəhətdən
insanlıq dəyərləri, tarixi keçmişimiz və
bu günümüz cəhətdən bəşəri mədəniyyət
birləşdirir. Bizi ədalət prinsipləri,
haqsızlığa, insan ləyaqətinin
alçaldılmasına, insan haqlarının pozulmasına
qarşı çağırışlar birləşdirir.
Çox
şadam ki, Azərbaycan bu gün belə bir tədbirə ev sahibliyi etmək şansından yararlana bildi.
İnanıram ki, hər biriniz bu tədbirin təşkilatçılığından,
onun məzmunundan, keçirdiyiniz müzakirələrin
xarakterindən, məqsədindən, qəbul etdiyiniz qərarlardan
razı qalmısınız.
Burada bir fikir səsləndi - Azərbaycan odlar yurdudur. Bəli, Azərbaycan
odlar yurdudur, lakin, eyni zamanda, tolerantlıq məkanıdır,
eyni zamanda, millətlərin və dinlərin dostluq və
qardaşlıq şəraitində dinc yanaşı
yaşadığı bir məkandır. Azərbaycan
mədəniyyətlərin və sivilizasiyaların
qovuşduğu məkandır. Azərbaycan
əməkdaşlıq və dostluq üçün çox
gözəl bir məkandır. Bir neçə
gün ərzində apardığımız müzakirələr,
əldə etdiyimiz nəticələr və qəbul etdiyimiz
Bakı Bəyannaməsi bunun çox gözəl
sübutudur. Şadam ki, sessiyamızda
hamımızı narahat edən məsələlərlə
bağlı çox gözəl müzakirələr
aparıldı. Bakı qrupu
yaradılıb. Arzu edirəm ki, Bakı
qrupu Minsk qrupunun taleyini yaşamasın. Eyni zamanda, bizim
Helsinki Yekun Aktı prinsiplərini burada müzakirə etməyimiz,
çox ciddi olaraq bu prinsiplərin bütün ATƏT
regionuna və bütün münaqişələrə tətbiq
olunmasının vacibliyini vurğulamağımız Azərbaycanda
ümid yaradır ki, gələcəkdə bütün
münaqişələrə eyni mövqedən
yanaşmağa imkan verən və onların həlli mexanizmlərini
yarada bilən sənədlər qəbul ediləcəkdir.
Bununla da
ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs
üçün təhlükəsizliyə doğru” devizi
altında keçirilən iyirmi üçüncü illik
sessiyası öz işini başa
çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 3 iyul.- S.2.