Uğurlu inkişaf modeli

 

Prezident İlham ƏLİYEV: “Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq”

 

 

Hər bir ölkənin davamlı inkişafı və tərəqqisi yüksək idarəçilik keyfiyyətlərinə malik rəhbərlə qarşıda duran vəzifələrin məsuliyyətini dərk edən və səylə çalışan hökumətin səmərəli fəaliyyəti sayəsində mümkün olur. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti inkişafa yönəlik məqsədləri gerçəkləşdirməyə nail olurlar. Bu mənada dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyinin ən uğurlu göstəricisi Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmasıdır.

Azərbaycan bu prosesdə hansısa dövlətin təcrübəsini heçolduğu kimi tətbiq etməmiş, milli xüsusiyyətləri, siyasiiqtisadi özəllikləri, sosial-demoqrafik amilləri nəzərə almışdır. Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır.

 

 

İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün möhkəm zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Prezident İlham Əliyev bu günlərdə Avropanın “Neurope.euinformasiya portalına verdiyi müsahibədə bildirib: “Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra vacib məsələlər vardır. Azərbaycanın potensialının inkişaf etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin artırılması, müasir cəmiyyət quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasətin prioritetlərinə uyğun olaraq beynəlxalq mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ardıcıl şəkildə davam etdiriləcəkdir”.

Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda, respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi  vurğulanır.

Azərbaycan iqtisadiyyatı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən, rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın “yuxarı orta gəlirli” və “yüksək insan inkişaflı” ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.

Dövlət başçısı müsahibədə bildirib: “2013-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur. Bu seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursa münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq”.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafında davamlılığın təmin edilməsi məqsədilə 27 fevral 2014-cü il tarixində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Fərmanda qeyd olunur ki, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün növbəti beş ildə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur.

Prezident İlham Əliyev müsahibədə yeni regional inkişaf proqramında qarşıya qoyulan bütün vəzifələrin uğurla icra olunacağını bildirib: “2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə, regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi Dövlət Proqramı qəbul ediləcək. Bu, baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki dövlət proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla 1,2 milyondan artıq yeni yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir”.

Azərbaycan Prezidentinin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Son 10 ildə iqtisadi inkişaf templəri baxımından Azərbaycan dünya liderinə çevrilib. Ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü fəaliyyət nəticəsində 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır. Ötən 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfə artmışdır. Həmçinin yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5 faizə düşməsi də mühüm nailiyyətlər sırasına daxildir.

Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. İnkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabelli sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtutumlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə olan potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illərdə ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.

Prezident İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı ilə “2014-cü ilin “Sənaye ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının yaradılması, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. 2014-cü ildə və qarşıdakı illərdə hökumət sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin texnoloji cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Ölkə başçısı “Neurope.euinformasiya portalına verdiyi müsahibədə bildirib: “Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün mümkün imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il “Sənaye ilielan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir”.

Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 4 iyul.- S.1.