“Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı olmuşdur

 

İyulun 3-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən “Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbir iştirakçılarına proqramvirtual xəritə haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, “Azərbaycan Könüllülük Xidməti” proqramının əsas məqsədi ölkəmizdə könüllü hərəkatına təkan verilməsi, onun idarə edilməsinə, respublikamızdakı gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tərtib edilməsidir. Bildirilmişdir ki, proqram çərçivəsində könüllülərlə üzrə yerli əlaqələndiricilərin hazırlanması, təcrübə mübadiləsinin təşkil olunması və s. planlaşdırılır.

Diqqətə çatdırılmışdır ki, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin əsas məqsədi məlumatların və 3D videotur vasitəsilə ölkəmizin gənclər evlərinin və mərkəzlərinin elektron resurs şəbəkəsinin yaradılmasıdır. Bu ilin ilk altı ayı ərzində reallaşdırılan layihə çərçivəsində 28 gənclər mərkəzi və gənclər evi arasında sorğu keçirilmiş, 3D videoçəkilişləri aparılmışdır. Bu işin nəticəsi olaraq ölkəmizin gənclər siyasəti, müvafiq Dövlət Proqramı və digər məlumatlardan ibarət “Gənclər mərkəzləri və Gənclər evləri” virtual resurs mərkəzi yaradılmışdır.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Son illər ölkəmizdə könüllülük fəaliyyətinin genişləndiyini vurğulayan Ş.Seyidzadə bu gün Azərbaycan dövlətinin respublikamızın bütün bölgələrində Gənclər evlərinin və Gənclər mərkəzlərinin yaradılmasını diqqət mərkəzində saxladığını qeyd etmişdir. O, proqramın və virtual xəritənin gənclər üçün mühüm töhfə olduğunu bildirmişdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında respublikamızda gənclər təşkilatlarının fəallığını xüsusi vurğuladığını qeyd etmişdir.

Ulu öndər Heydər Əliyevin gənclərə hər zaman böyük diqqət yetirdiyini söyləyən T.Süleymanov demişdir ki, məhz buna görə də Ümummilli Liderimiz siyasi hakimiyyətə qayıtdıqdan sonra yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi olmuşdur. Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, nazirlik yarandığı ilk gündən gənclər təşkilatları ilə sıx işləməyə başlamışdır və bu bu gündavam edir.

Tahir Süleymanov gənclər təşkilatlarının fəallığının onların cəmiyyətdə təşəbbüskar və yeniliklərə meylli olması, həmçinin dövlətimizin gənclər təşkilatlarına güclü dəstəyi ilə bağlı olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda yaradılmış 3 min QHT-dən 300-ü gənclər təşkilatıdır. Ölkəmizdə gənclər təşkilatlarının layihələrinə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən güclü dəstək verilir. Bildirilmişdir ki, respublikamızda daha fəal 250 gənclər təşkilatının 110-u Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sıralarında birləşmişdir.

Prezident Administrasiyasının rəsmisi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı qonaqların qarşılanması, onların xalqımızın adət-ənənələri ilə tanış olmaları və digər istiqamətlərdə könüllülərin üzərinə böyük düşəcəyini diqqətə çatdırmışdır.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdimatı keçirilən layihələrin əhəmiyyətini vurğulamış, Gənclər evlərinin və mərkəzlərinin onların fəallığının daha da artmasına böyük töhfə verəcəyini qeyd etmişdir. Könüllülüyün QHT fəaliyyətində vacib istiqamət olduğunu bildirən Milli Məclisin komitə sədri könüllülük xidməti ilə bağlı qanunun qəbul edilməsinin bu sahənin ölkəmizdə daha geniş yayılmasına təkan verəcəyini bildirmişdir.

Digər çıxışlarda da “Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin gənclər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanmışdır.

Sonda respublikamızın müxtəlif bölgələrini təmsil edən gənc könüllülərin andiçmə mərasimi olmuşdur.

 

Azərbaycan.-2014.- 4 iyul.- S.4.