ATƏT PA-nın Bakı sessiyası ölkəmizin

 dünyada artan nüfuzunu bir daha təsdiqlədi

 

Bahar MURADOVA: “Bu beynəlxalq toplantıda Azərbaycan

 yeni standart nümunəsi müəyyənləşdirdi”

 

İyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası keçirildi. Beynəlxalq konfransların, dialoqların keçirildiyi bir məkana çevrilən paytaxtımızda bir sıra mühüm qərarlar, qətnamələr və Bakı Bəyannaməsi qəbul olundu, ATƏT-in Bakı qrupu yaradıldı. Ölkəmizin təşəbbüsü ilə gerçəkləşən ATƏT-in bu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri bütün sessiyalarda olduğu kimi, bunda da əksər məsələlərin müzakirəsində fəal iştirak edib dövlətimizin mövqeyini ifadə etdilər.

Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar MURADOVA qəzetimizə verdiyi müsahibədə 5 gün ərzində Bakıda keçirilən mötəbər toplantıda qəbul olunan mühüm sənədlər və komitələrdə aparılan müzakirələr barədə ətraflı məlumat verdi.

- ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası başa çatdı. Bu konfransın Azərbaycan üçün önəmi nə idi?

- Azərbaycan ATƏT-in bərabərhüquqlu üzvüdür. Neçə ildir ki, ölkəmiz bu qurumda iştirakı ilə öz töhfələrini verir. Təkcə bu təşkilata üzv olmaq, tədbirlərdə iştirak etmək, müzakirə olunan məsələlərə münasibət bildirmək və yaxud öz problemlərini qaldırmaq kimi məsələləri deyil, eyni zamanda, bu işin təşkil olunması öhdəliyini də ölkələr üzərilərinə götürürlər. Təbii ki, bu öhdəliklər könüllü götürülür. Təşəbbüs ölkələrdən gəlməlidir. Çünki ATƏT-in tədbirləri rotasiya qaydası ilə keçirilmir. Bakıda tədbirin keçirilməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb. Şifahi və yazılı müraciətlərimizdən sonra adı çəkilən toplantının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Ona görə də hesab edirəm ki, bu, Azərbaycan üçün bütün mənalarda əhəmiyyətli bir tədbirdir.  Bu tədbirin ölkəmizdə təşkil olunması ATƏT PA-nın üzvü olan digər parlamentarilərdə, beynəlxalq təşkilatların nümayəndələrində Azərbaycan haqqında daha dəqiq təsəvvürlərin formalaşmasına, zənginləşməsinə xidmət etdi. Eyni zamanda, Azərbaycanın üzləşmiş olduğu Dağlıq Qarabağ problemi və onun doğurduğu acı nəticələr barədə də ətraflı fikir formalaşdırmaq üçün bu tədbirin böyük əhəmiyyəti var idi. Bu həm də çoxtərəfli əsasda Azərbaycan parlamentinin həmin ölkələrlə əməkdaşlığının göstəricisidir. Hər bir ATƏT üzvü olan ölkələrlə ikitərəfli əməkdaşlıqda uğurlar qazanılır. Amma çoxtərəfli əməkdaşlıq məsələlərə qlobal, çoxvektorlu yanaşma tələb edir və hər ölkə özünü buna hazır bilmir. Azərbaycan isə özünün elə bir inkişaf səviyyəsindədir ki, belə bir tədbirin keçirilməsinə həm imkanı, həm mənəvi haqqı çatır. Ona görə də biz bu tədbirin  öhdəsindən layiqincə gələ bildik. Təşkilatçılıq belə beynəlxalq tədbirlərin keçirilməsi sahəsində olan mövcud standartların ən üstün tələblərinə cavab verdi. Hətta deyərdim ki, Azərbaycan yeni standart nümunəsi ortaya qoydu və düşünürəm ki, ATƏT-in Bakı sessiyası barədə hələ çox fikir mübadiləsi gedəcək. ATƏT PA-nın Bakı sessiyası Azərbaycanın dünyada artan nüfuzunu bir daha təsdiq etdi. Ən əsası onun mahiyyəti, qəbul olunan sənədlər, bu sənədlər ətrafında keçirilən çox rəngarəng, ziddiyyətli, bəzi hallarda isə gərgin diskussiyalar, həm də Azərbaycanın ictimai-siyasi elitasında bu təşkilatın necə işlədiyi barədə təsəvvürləri daha da zənginləşdirdi. Çünki Azərbaycanda ATƏT ancaq Minsk qrupu və Dağlıq Qarabağ münaqişəsinə münasibətlə dəyərləndirilir, çox zaman da bu, birtərəfli olur. Ona görə də hər kəs bilməlidir ki, ATƏT təkcə münaqişələrin önlənməsi, nəticələrinin aradan qaldırılması ilə deyil, onun 3 səbətinə (hərbi-siyasi, iqtisadi və humanitar) daxil olan çox geniş spektrli məsələlərin müzakirə olunduğu və BMT-dən sonra dünyanın ən çox saylı ölkələrinin üzvü olduğu təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Ona görə də bu tədbirin həm ATƏT, həm də Azərbaycan üçün çox mühüm əhəmiyyəti vardı.

- Azərbaycanın təmsil olunduğu beynəlxalq qurumlarda nümayəndə heyətlərimizin bir nömrəli məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan qərar və qətnamələrin icra mexanizminin tapılmasına nail olmaqdır. Lakin hələ ki, əsas məqsədə çata bilməmişik. Sizcə, səbəb nədir?

- ATƏT-in Minsk qrupu bu məsələdə vasitəçidir. Bu qrupun həmsədrlərinin apardıqları sülh danışıqları prosesində iştirak edirik, amma bu vasitəçilik bizi qane etmir. Eyni zamanda, biz bunu tənqid edirik və açıq mövqeyimizi ifadə edirik. ATƏT BMT-nin bir regional qurumudur və çox təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin belə, həyata keçirilməsi mexanizmi yoxdur. Ona görə də bu, təkcə ATƏT-in nöqsanı deyil. Lakin bu da bir faktdır ki, hərdən qətnamələrin yerinə yetirilməsi mexanizmi tapılır. Ona görə də hesab edirəm ki, bu fikri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı sənəd qəbul edən beynəlxalq təşkilatların  hər birinə aid etmək lazımdır. Belə bir sənədin qəbul olunmasına gəlincə isə deyə bilərəm ki, ATƏT PA-da bu günə qədərki mövcud münaqişələrlə bağlı yalnız birtərəfli, münaqişə tərəflərinin yalnız biri üçün uğurlu, yaxud da ciddi olmayan tövsiyə xarakterli sənədlər qəbul olunub. Ona görə də bu qətnamələrin həyata keçirilməsi heç zaman mümkün olmayıb və münaqişələrə öz ciddi təsirini göstərməyib. Ancaq Azərbaycanda keçirilən tədbirdə Helsinki Yekun Aktı prinsiplərinin çox ciddi şəkildə pozulması ilə bağlı ABŞ tərəfindən verilən bir sənəd müzakirə olundu ki, bu, artıq harada baş verməsindən asılı olmayaraq, bu cür münaqişələrlə bağlı ATƏT-ə bundan sonrakı fəaliyyəti dövründə yalnız bu aspektdən münasibət bildirməsi öhdəliyi yaradacaq.

- ATƏT-in Bakı sessiyasında çox vacib sənədlər müzakirəyə çıxarıldı və dediyiniz kimi, gərgin, ziddiyyətli diskussiyalar oldu. Konkret olaraq hansı sənədin müzakirəsi ciddi əhəmiyyət kəsb edirdi?

- Biz ev sahibi olaraq əsas diqqəti ona yönəltdik ki, Bakıda keçirilən bu tədbir hərtərəfli qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi şərait yaratsın. Biz Dağlıq Qarabağla bağlı ayrıca bir sənədin müzakirə olunmasına israr etmədik. Ən azı ona görə ki, biz dəfələrlə bu müzakirələrin nə ilə nəticələndiyini bilirik. Ona görə də belə bir sənədin müzakirəyə çıxarılacağı təqdirdə diğər məsələlərin müzakirəsi üzərinə kölgə salacağına və hansısa bir narahatçılıq yaradacağına əmin idik. Hesab edirəm ki, doğru qərar verdik və bilirdik ki, toplantıda müzakirəyə çıxarılacaq bir çox məsələlər ətrafında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi diskussiyalar aparmaq imkanı olacaq. Biz də bu imkandan maksimum istifadə etdik. Əsas müzakirə olunan sənədlərdən biri Helsinki Yekun Aktı prinsiplərinin pozulması ilə bağlı sənəd idi. Bu prinsiplərin çox ciddi şəkildə pozulması və bunun da ABŞ başda olmaqla bütün Qərbi Avropa ölkələrinin nümayəndələrinin dilindən səslənməsi, eləcə də onun qarşısının çox təkidlə alınması tələbləri ortadadır. Ona görə də hesab edirəm ki, bu, elə bizim maraqlarımıza uyğun gələn müzakirə idi. Biz bu müzakirə çərçivəsində öz sözümüzü açıq şəkildə dedik. Həm qəbul olunan qətnamədə, həm bu qətnaməyə təklif olunan əlavə bəndlərdə, hansı ki, onların hər biri ayrı-ayrılıqda bir sənəddir, dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməklə ərazi bütövlüyünə yönəlmiş cəhdlərin qarşısının alınması prinsipləri ardıcıl şəkildə öz əksini tapdı. Hətta xalqların öz müqəddəratını təyin etmək istiqaməti ilə bağlı prinsipin qabardılmasına cəhd edən dairələr belə, onu bu prinsiplərdən önə keçirə bilmədilər. Helsinki Yekun Aktı prinsiplərinin özlüyündə bu ardıcıllıq gözlənilir. Amma biz onun tətbiqi zamanı çox vaxt millətlərin öz müqəddəratını təyinetmə prinsipinə tabe etdirilməsinin şahidi olurduq. Ancaq burada görünən o idi ki, birmənalı olaraq hər kəs ərazi bütövlüyü, suverenlik prinsipi çərçivəsində bu məsələyə baxılmasının mümkünlüyünü qəbul edir. Bu da Azərbaycanın 22 il müddətində istinad etdiyi prinsiplərdir, göstərdiyi mövqedir ki, Bakı toplantısında həmkarlarımız tərəfindən səsləndi. Hesab edirəm ki, bu, bütövlükdə münaqişələrə tətbiq olunacaq sonrakı sənədlərin qəbulu zamanı çox ciddi bir istinad nöqtəsidir və biz də gələcəkdə həmin sənəddən yararlanacağıq.

- Azərbaycan nümayəndə heyətinin bu sessiyadan gözləntisi nə idi və tam olaraq ölkəmizin mövqeyini ifadə edib öz istəyinə çata bildimi?

- Bəli. Azərbaycanın gözləntisi ondan ibarət idi ki, öncə toplantı yüksək səviyyədə keçsin, diskussiyalar üçün rahat şərait yaransın, texniki təminat, təhlükəsizlik məsələləri yüksək səviyyədə olsun. Eyni zamanda, gələn qonaqların mədəni proqramlarda, Azərbaycanı tanımaq üçün nəzərdə tutulan tədbirlərdə iştirakı təmin edilsin. Biz buna nail olduq və hesab edirəm ki, bu, Azərbaycanın uğurudur. Hesab edirəm ki, bundan sonra keçirilən tədbirlərdə bu standarta çatmaq üçün bir çox ölkələr ortaya böyük səy qoymalıdırlar. Bu tədbirdə hədəfimizə çatdığını sübut edən digər məsələ isə toplantının məzmunudur. Qəbul olunan həm Bakı Bəyannaməsində əksini tapan məsələlərə münasibətimiz, həm bu bəyannaməyə əlavə edilən bəndlər ətrafında aparılan diskussiyalarda iştirakımız və ayrı-ayrı mövzulara bizim verdiyimiz töhfələr bunu sübut edir. Hesab edirəm ki, biz bütövlükdə hədəfimizə çatdıq. Ən azı, mövqelərimizi açıq şəkildə ifadə edə bildik.

Konkret hədəfimiz də ondan ibarətdir ki, Azərbaycanı tanıdaq, onun nailiyyətlərini dünyaya təbliğ edək, haqqımızda səsləndirilən tənqidi fikirləri nəzərə alaq. Ən əsası isə bu cür geniş tərkibli təşkilatda Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağla bağlı həqiqətləri onların diqqətinə çatdıraq və bu məsələyə təsir göstərə biləcək, istinad nöqtələrimizi artıra biləcək sənədlərin qəbuluna nail olaq. Azərbaycan nümayəndə heyətinin ATƏT PA-da fəaliyyəti görünəndir. Bütün proseslərə müdaxilə edən, tənqidi fikir səsləndirən bir nümayəndə heyətimiz var. Hesab edirəm ki, biz məqsədlərimizə nail olduq.

- Toplantıda qəbul olunan Bakı Bəyannaməsində prioritetlər nədən ibarətdir?

- Bakı Bəyannaməsi hər 3 komitədə müzakirə olunan məruzələri və onların əsasında qəbul olunan qətnamələri özündə əks etdirir. Bəyannaməyə daxil edilən əlavələrlə bağlı da Azərbaycanın öz mövqeyi vardı və biz yekun səsvermədə buna münasibət bildirdik.

Bəyannamədə qeyd olunur ki, ATƏT regionunda uzanmış münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi və bu münaqişələrin həllində irəliləyişin sülh yolu ilə və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması əsas vəzifələrdən biridir. Sənəddə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır. Münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların həlak olmasına səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir.

ATƏT üzv ölkələri terrorizmlə mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərinə, eyni zamanda, antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin konvensiyalarına uyğunlaşdırmağa çağırır və s.

Hesab edirəm ki, bəyannaməyə edilən əlavələr çox ciddi və bundan sonrakı fəaliyyətimiz üçün əldə rəhbər tutulacaq bir sənədlərdir.

- Sessiyada ATƏT-in Bakı qrupu da yaradıldı. Necə düşünürsünüz, bu qurum da Minsk qrupu kimi fəaliyyət göstərməyəcək ki?

- Bu, bəlkə də taleyin ironiyasıdır ki, Minsk qrupundan 22 ildir Dağlıq Qarabağ məsələsinin həllində konkret təkliflər və yeni mexanizmlər gözləyən bir ölkənin paytaxtında daha bir münaqişə üçün Bakı qrupu yaranır. Əlbəttə, Bakı qrupu, Bakı Bəyannaməsi adı ilə deyilən terminlər hələ uzun illər siyasi arenada istifadə olunacaq. Amma biz çox istərdik ki, istinad edilən bu terminlər yalnız istinad obyekti kimi qalmasın. Həqiqətən də, iki qardaş ölkə olan Ukrayna və Rusiya arasındakı problemi həll etmək üçün bir nəticə versin. Çox arzu edərdim ki, hər iki ölkə problemin sülh yolu ilə aradan qaldırılması üçün səy göstərsinlər. Çünki bu, təkcə 2 ölkənin yox, regionun problemidir. Hesab edirəm ki, gələn il Helsinkidə keçiriləcək yubiley toplantısında çox ciddi məsələlər müzakirə olunacaq. İstərdim ki, Bakı qrupu Minsk qrupunun taleyini yaşamasın.

- Sessiyada iştirak edən danimarkalı deputat Karsten Lauritzenin etirazlarını necə qəbul etdiniz və sizcə, avropalı deputata bəlli deyilmi ki, ATƏT-in sessiyası keçirilən məkana qeydiyyatsız heç bir şəxs buraxılmır?

- Əvvəla onu deyim ki, neçə ildir bu qurumda fəaliyyət göstərirəm, indiyə qədər belə bir deputatın olduğu barədə məlumatım yox idi. Bu deputatın hansısa məsələ ətrafında çıxış etdiyinin şahidi də olmamışam. Bakı sessiyasında da onlar nümayəndə heyətimizin yanında əyləşmişdilər və həmin deputatın heç bir çıxışının şahidi olmadıq. Elə bir təsəvvür formalaşır ki, bu insanın Bakıya gəlişinin məqsədi AXCP sədri Əli Kərimli ilə foyedə kofe içmək imiş. Buna da icazə verməyəndə o, etiraz etdi. Mən bununla bağlı çıxışımda vurğuladım ki, ATƏT-in toplantısının öz prosedur qaydası var. Bunun Azərbaycana heç bir dəxli yoxdur. Bu tədbir keçirilərkən dəvət olunan insanlar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. ATƏT-in heç bir tədbirində Bakı toplantısında olduğu kimi, KİV, QHT təmsilçisi iştirak etməyib. Tədbir keçirilən binaya buraxılış vəsiqəsi olmayan şəxs buraxılmır. Bunu hər kəs bilir. Eyni qayda ATƏT PA-nın üzvlərinə də şamil edilirdi. Hətta digər hotellərdə qalan nümayəndə heyətinin hər hansı bir üzvü buraxılış vəsiqəsini unutsa, toplantıya buraxılmırdı.

İndi məlum partiya sədri deyir ki, bu, Azərbaycan hökumətinin mənə qarşı olan münasibətinin elementidir. Azərbaycan hökumətinin işi-gücü yoxdur bəyəm, hansısa hotelə kiminsə girib-çıxması ilə məşğul olsun? Azərbaycan bu tədbirin keçirilməsi üçün yalnız şərait yaradır. Ona görə də belə bir addım atmaq diqqəti özünə çəkməkdən başqa bir şey deyil. Hesab edirəm ki, Əli Kərimli bir azərbaycanlı kimi öz qonaqpərvərliyini göstərərək həmin deputatları özü başqa bir yerə dəvət etməli idi, nəinki onların dəvəti ilə gəlib toplantı keçirilən yerdə kofe içməli idi.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 5 iyul.- S.2.