Sankt-Peterburqda mədəniyyətlərarası və dinlərarası dialoq üzrə “Asiya-AvropaForumunun yüksək səviyyəli konfransı keçirilir

 

Rusiyanın Sankt-Peterburq şəhərində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə “Asiya–Avropa” Forumunun (ASEM) yüksək səviyyəli konfransı keçirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 3-də başlamış konfrans Rusiya Federasiyasında “Mədəniyyət ili” çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmişdir.

İki günlük konfransın işində ASEM-in iştirakçısı olan ölkələrin müvafiq nazirlik və qurumlarının rəhbərləri, müxtəlif dinlərin, Rusiyanın Mədəniyyət və Xarici İşlər nazirliklərinin nümayəndələri, habelə mədəniyyət, incəsənət və elm xadimləri iştirak edirlər.

“Sivilizasiyalar arasında həmrəylik davamlı inkişafın zəruri şərti kimi” mövzusunda konfransın keçirilməsi dünyanın mədəni müxtəlifliyinin müsbət potensialının dağılmasının aradan qaldırılmasının səmərəli üsullarının axtarılmasına yönəlmiş beynəlxalq səylərin mühüm tərkib hissəsidir. ASEM dünyadakı əsas dinləri təmsil edən ölkələrin qeyri-rəsmi ünsiyyəti baxımından açıq olan beynəlxalq forum kimi belə dialoq üçün ən uyğun meydanlardan biridir.

Konfransın əsas məqsədləri sırasına dinlərarası və sivilizasiyalararası tərəfdaş və bərabərhüquqlu dialoqun formalaşması, Avropa və Asiya cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın qurulması, müxtəlif mədəni və dini ənənələrin qarşılıqlı konstruktiv fəaliyyətinin təmin olunması üçün ümumi platformanın yaradılmasıdır. Həmçinin konfransın məqsədləri sırasına müasir cəmiyyətdə dinlərarası və mədəniyyətlərarası münasibətlərin yaxşılaşdırılmasının daha səmərəli metodlarının və prioritet məsələlərinin ümumi anlaşılmasının təmin edilməsi üzrə ASEM-ə üzv ölkələrin səylərinin birləşdirilməsinə yardım məsələləri daxildir.

Tədbirdə Rusiyanın xarici işlər nazirinin müavini İqor Marqulov, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, həmçinin xristian, islam və yəhudi konfessiyalarının təmsilçiləri çıxış etmişlər.

MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Fondun yaranma tarixi və fəaliyyəti haqda tədbir iştirakçılarına məlumat vermişdir. O, Fondun siyasətlə məşğul olmadığını və qarşılıqlı anlaşmanın, tolerantlığın artırılmasına, mədəni əlaqələrin inkişafına xidmət edən humanitar layihələri önə çəkdiyini vurğulamışdır.

P.Bülbüloğlu Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə yaşamasından, dövlətin dini icmalara dəstəyindən danışmışdır. O, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda dövlət vəsaiti hesabına Pravoslav Dini-Mədəniyyət Mərkəzinin və sinaqoqun inşa edilərək təmənnasız olaraq dini icmaların istifadəsinə verildiyini demişdir.

Səfir bu gün dünyanın “burulğan” zonasında olduğunuorta əsrlərdəki kimi münaqişələrdə qan axıdıldığını qeyd edərək, ASEM-ə üzv ölkələri dövlətlərarası münaqişələrin ədalətli həllinin müdafiəsi üçün beynəlxalq təşkilatlarda daha fəallıq nümayiş etdirməyə çağırmışdır.

ASEM özündə 30 Avropa, 21 Asiya ölkəsini birləşdirir.

 

Azərbaycan.-2014.- 5 iyul.- S.6.