«Bakı 2015» ilk Avropa Oyunları ərəfəsində yeni layihəyə start verildi

 

 

"Azərbaycan bu gün dünyadaAvropada idman dövləti kimi tanınır"

  

İlham ƏLİYEV

 

Həyatda hər hansı bir ilkə imza atmaq həmişə çətin, amma şərəfli olmuşdur. Bu qlobal miqyasda baş verəndə xüsusi əhəmiyyət daşıyır və tarixi hadisəyə çevrilir. Tarixdə ilk dəfə keçirilən I Avropa  Oyunlarının Azərbaycanın bəxtinə düşməsi böyük nailiyyət və həm də ciddi məsuliyyətdir, desək, yanılmarıq. Bu qərara imza atanlar da yanılmamışdılar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda idmançılarımız üçün güclü stimulun yaranmasına səbəb olmuşdur.

Ölkəmizin  beynəlxalq miqyasda mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, Azərbaycanın dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində həlledici rol oynamışdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli  səhifədir.

Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların sülhməramlı səfiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz qabağındadır.

I Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə gedir.

Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı sayılan Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsinə start verilmişdir. Layihənin keçirilməsində əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, parkxiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının bu günlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək böyük tədbirdə Binəqədi rayonununonun icra strukturları, habelə ictimai-siyasi təşkilatları və sakinlərinin  üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır. Sərəncamda bildirilir ki,  I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılmışdır. Artıq komissiya öz işinə başlamış və müvafiq planı tərtib etmişdir. İşlərin əhatə dairəsi isə indiyədək görünməmiş dərəcədə əhatəlidir. Maraqlı burasıdır ki, planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilmiş, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metodüsullara üstünlük verilmişdir. Belə tədbirlər arasında "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz fərdi ev" və sairə bu tipli müsabiqələr, məişət tullantılarının çeşidlənməsi, ekoloji mühitin daha da sağlamlaşdırılması işinə töhfə olaraq yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması, gənclərin fləşmobunun keçirilməsi kimi tədbirlər öz orijinallığı və aktuallığı ilə diqqəti cəlb edir.

Tədbirlər planına əsasən görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Təbii ki, belə aksiyalar maarifləndirmə ilə birgə tədbirlərin populyarlaşmasına xidmət edəcəkdir. Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində əsaslı rol oynayacaqdır.

Ümumiyyətlə, layihənin mahiyyəti ilə tanışlıq sübut edir ki, "Təmiz Binəqədi" layihəsi sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq davam etdirilməsi məqsədilə keçirilir. Bu mövzuda jurnalistlər arasında yazı müsabiqəsinin təşkili, sosial çarxın hazırlanması, aylığın yekunu üzrə sakinlər arasında rəy sorğusunun keçirilməsi, Avropa Oyunları zamanı səliqə-sahmanı təmin etməklə yanaşı, əldə edilmiş nailiyyətlərin  sonralar daha da genişləndirilməsinə zəmin yaradır.

 

Azərbaycan.-2014.- 6 iyul.- S.6.