Şəkidə «İpək Yolu» V Beynəlxalq musiqi festivalı başa çatmışdır

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu şəhərdə keçirilən "İpək Yolu" V Beynəlxalq musiqi festivalı uğurla başa çatmışdır.

AzərTAc xəbər verir ki, iyulun 1-də başlananbeş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını izləmişlər. "Eurovision" mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi olmuşdur. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açılmış, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgi nümayiş etdirilmişdir.

İyulun 5-də XIX əsrə aid tarixi-memarlıq abidəsi "Aşağı Karvansaray" kompleksində festivalın təntənəli bağlanış mərasimi olmuşdur.

Mərasimdə Sankt-Peterburq "Ermitaj" Dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim etmişdir.

"Ermitaj" Dövlət simfonik orkestri muzey məkanında daimi fəaliyyət göstərən yeganə simfonik orkestrdir. Rusiyanın gənclərdən ibarət Sankt-Peterburq kamera orkestrinin bazasında yaradılan və 1994-cü ildə "Ermitaj" Dövlət simfonik orkestri statusu alan bu kollektiv qısa müddətdə elitar musiqi kollektivinə çevrilmişdir. Orkestr bugünədək öz konsert fəaliyyətini Sankt-Peterburqun Qış sarayında və Ermitaj teatrında davam etdirir. 2009-cu ilədək orkestrin bədii rəhbəri və baş dirijoru bu kollektivin yaradıcısı, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Saulüs Sondetskis (Litva-Rusiya) olmuşdur. 2009-cu ildən orkestrə Fabio Mastranjello (İtaliya-Rusiya) rəhbərlik və dirijorluq edir.

Yarandığı gündən etibarən orkestr Rusiyaxarici ölkələrin bir çox mötəbər konsert salonlarında çıxış etmişdir. "Ermitaj" Dövlət simfonik orkestri dünyanın bir çox görkəmli dirijorlarının - İyequdi Menuxin, Mstislav Rostropoviç, Vladimir Spivakov, Valeri Gergiyev, Kristof Penderetski, Maksim ŞostakoviçYudjin Konun rəhbərliyi ilə konsertlər vermişdir. Orkestr İ.Oystrax, N.Qedda, N.Qutman, İ.Monigetti, V.Kraynev, Y.Obraztsova, N.Petrov, Z.Bron, L.Kazarnovskaya, B.Bonney, D.Xvorostovski kimi dünya şöhrətli solistləri müşayiət etmişdir.

"Ermitaj" Dövlət simfonik orkestri Azərbaycanda ilk dəfə olaraq Şəkidə keçirilən "İpək Yolu" V Beynəlxalq musiqi festivalı çərçivəsində dirijor Arkadi Şteynluxtın rəhbərliyi ilə çıxış etmişdir. Azərbaycan Dövlət OperaBalet Teatrının solistləri, əməkdar artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avroparus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin "Bakı haqqında mahnı" və Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və festivalın təşkilat komitəsinin üzvü, "Mədəni İrsin Qorunmasına Dəstək" İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək bu mötəbər musiqi tədbirinin yüksək səviyyədə keçirilməsinə görə Şəki Şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yubiley festivalının Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu bildirmiş, festivalın keçirilməsində zəhməti olan qurumların, diplomatik korpusunmusiqi kollektivlərinin təmsilçilərinə şəhər ictimaiyyəti adından minnətdarlıq etmişdir.

Sonda orkestrin dirijoruna, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və İctimai Birliyin rəhbərinə Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Azərbaycan.-2014.- 8 iyul.- S.7.